Fasiləsiz yağan yağışlardan sonra Kür çayında suyun səviyyəsi yenidən qalxıb. Bu səbəbdən Azərbaycanın Aran bölgəsində risk artıb. Yağıntıların davam etməsi halında Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Şirvan, İmişli, Kürdəmir və Zərdab rayonlarında daşqın təhlükəsi yarana bilər.
Ekoloq Ənvər Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Kür çayı müxtəlif illərdə bu rayonların bir qismini dəfələrlə su altında qoyub:
"Bu gün də təhlükə davam edir. Yəqin ki, bu vəziyyət bir neçə il də davam edəcək. Əgər yağıntılar intensivləşərsə, həmin rayonlar yenidən risklə üzləşə bilər. Uzunmüddətli tendensiyaya baxanda eyni mənzərəni görürük".
Mütəxəssis uzunmüddətli iqlim dəyişikliklərinə də diqqət çəkib:
"1970-ci illərdən sonra Xəzər dənizinin səviyyəsi qalxmağa başlayıb. Eyni zamanda Kür çayında da su artımı müşahidə olunur və bu proses davam edə bilər. Çünki regiona daxil olan hava axınları daha çox yağıntı gətirir. Nəticədə Kürün su səviyyəsi yüksəlir".
O əlavə edib ki, çayın təbiəti dəyişkəndir:
"Adı Dəli Kürdür - hər an dəliliyi tuta və daşqın riski yarada bilər".
Qeyd edək ki, mütəxəssislər davamlı yağıntıların Aran bölgəsində hidroloji riskləri artırdığını bildirirlər.
Bahar Rüstəmli
Şərhlər