"Qarabağ”ın və millimizin sabiq futbolçusu Vüqar Nadirov son vaxtlar iştirak etdiyi "Təkərdə” adlı "TikTok” yarışması ilə gündəmə gəlib. Onun sözügedən şouda iştirakı futbol ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmır. Sabiq futbolçunu bu şou verilişdə iştirakına görə tənqid edənlərlə yanaşı, dəstək verənlər də var.
Hücumçu bununla bağlı Qaynarinfo-ya danışıb. O, müsahibəsində qarşıdakı planları ilə bağlı fikirlərini bölüşüb.
- Hazırda futbolla bağlı hansısa işlə məşğul olursan?
- Əvvəl Şıxovda "Green City”də fərdi məşqlər keçirdim. Çoxdan bitib.
- "TikTok”da yayımlanan şou verilişdə iştirakın son vaxtlar müzakirələrə səbəb olub. Sözügedən verilişdə məqsəd nədir?
- Məqsəd yarışmadır. Hamı avtomobil üçün gəlib. Kim qalib gəlsə, maşın ona veriləcək. Mən aparıcı ilə çoxdan tanışam, dostumdu. İlk yarışmada dəvət etmişdi, amma şəxsi işlərimlə bağlı iştirak edə bilmədim. Amma ikinci dəfə dəvət edəndə geri çevirmədim.
- Bunun digər maşın-şou yarışmalarıdan fərqi nədir?
- Burda səsvermələr zamanı jetondan istifadə olunur.
- Hazırda yarışmadakı durum necədir?
- Hələ davam edir, 7 nəfər qalmışıq. Hər dəfə bir nəfər yarışmanı tərk edir.
- Bu şou hər il keçirilir?
- 3-4 aydan bir.
- Sözügedən yarışmada iştirakın futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmır. Vaxtilə "Qarabağ”da, millidə oynamış peşəkar futbolçunun şou verilişdə, özü də Azərbaycanda əksəriyyət tərəfindən bəyənilməyən bəzi insanların əhatəsində olmağına görə tənqidlər səsləndirilir…
- Sizə bir söz deyim. Kim bəyənir, kim bəyənmir, Allah hamısının canını sağ eləsin. Burda hər kəsin öz şəxsi həyatı var. Orada özümü necə apardığımı, duruşumu, davranışımı hamı görür. Artıq-əskik nəsə etmirəm. Türkiyənin məşhur futbolçuları var ki, gedib "Survivor”da və başqa verilişlərdə iştirak edirlər. Durub onları qınasınlar ki, niyə həmin verilişə gedirsiniz. Heç kimin şəxsi həyatına qarışa bilmərəm. Eləcə də kiminsə mənim həytıma qarışmağa ixtiyarı yoxdur. İndiyə qədər kimsə məni axtarırdı? Siz də daxil, yalnız bir neçə jurnalist zəng vurub mənimlə maraqlanıb. Nə oldu, verilişə çıxan kimi hamı Vüqarı axtarır. Adama deyərlər, indiyə qədər harda idiniz? Yaxşıları çıxmaq şərtilə bəs digərləri harada idi? Mən həmişə reklam olunmaqdan qaçmışam. Amma səhv etmişəm, gərək qaçmayaydım. Futbolçular var ki, futbol oynaya bilmirdilər, amma reklam sayəsində irəli gedirdilər. İndi mənim 60-70 min nəfərin qarşısında çıxış etməyim kimlərinsə gözünə batır. Biri var ki, artıq-əskik danışasan. Amma mən normal danışıram, qaydaları bilirəm. Çünki ailə tərbiyəsi görmüşəm. Söhbət özümdən gedir. Allah hər kəsin köməyi olsun.
- Yarışmadakı mükafat olan avtomobilə nə dərəcədə ehtiyacın var?
- Ehtiyac niyə yoxdur ki? Hamının, hətta varlı, böyük maddiyyatı olan insanların da ehtiyacı var. Sizin ehtiyacınız yoxdur? Əlbəttə, versələr xoşdur. Kimsə inkar edə bilməz. Elə bilirsiniz burada iştirak etmək asandır? Gündə 6-7 saat efirdə olursan. Ən azı 3-4 saat ayaq üstə qalırsan. Ağır sistemdir. Əsəb, stress keçirirsən. Ona görə də təmkinli, səbrli, psixoloji cəhətdən hazırlıqlı olmalısan. Futbol oyunu kimi bir şeydir. Bütün iştirakçılara minnətdarlığımı bildirirəm. Onların məni qarşılaması, alqışlaması elə avtomobil udmağım kimi bir şeydir. Sağ olsunlar, hörmət edirlər.
- Yarışmada futbolçu dostlarından sənə dəstək olanlar çoxdurmu?
- Mən "Tik Tok”dan istifadə etmirəm. Çünki futbol həyatım olub. Sağ olsunlar, oynadığım futbola, insani keyfiyyətlərimə görə məni sevirlər, hörmət göstərirlər və verilişə jeton atırlar. Yarışmaya canlı baxmaq üçün çox adam buraxmırlar. Bilmirəm, futbolçu dostlarımdan bəlkə də başqa adla jeton atanlar olur. Amma bu günə qədər mənim yanımda olan, öz adı ilə dəstəyini əsirgəməyən Cavid İmamverdiyevdir. Cavid demək olar hər gün mənə dəstəyini göstərir. Futbolçular yığışıb dəstək olsa, məncə, avtomobili udaram. Hamısı görür məni.
- Dəstək üçün buradan onlara səslənmək istəyirsən?
- Heç kimə səslənmək fikrində deyiləm. İstəyən adam dəstəyini göstərər. Heç kimi məcbur edə bilmərəm.
- Bu kimi addımlar, şou verilişlərdə iştirak, futboldan tam qopmağına səbəb ola bilər?
- Guya futbolda idim? Onsuz da qopmuşdum. Biri var, fərdi məşqlər keçəsən, biri də var hansısa klubda çalışasan.
- Futbolla bağlı hansısa planların varmı?
- Planlarım var. Həyatdır, elə bir iş adamı çıxar ki, məsələn, akademiya açmağıma yardım edər.
- Bəs klublarda çalışmaq necə?
- Komandalarda necə işləyə bilərəm? Kimsə təklif etməlidir. Gedib kiminsə qapısını niyə döyməliyəm? Guya məni tanımırlar ki? Görək nə olacaq. Hələ ki, maraqlanan yoxdur.
- Bəs, məşqçilik kurslarında oxumaq necə?
- "C” kateqoriyası var. Lap "B”ni, "A”nı PRO-nu da almaq olar. Amma işin olmayandan sonra onları nə edəcəksən? Evdə saxlayıb tozlandıracaqsan? İşləyə-işləyə də almaq olar. Bilmirəm, həyatdı, nə olacaq, görəcəyik. Alnıma nə yazılıbsa, o da olacaq. Hazırda bütün fikrimi iştirak etdiyim yarışmaya yönəltmişəm. Futbolla bağlı hər hansı fəaliyyətim yoxdur.
Səbuhi Həsənov
Şərhlər