Xəbər lenti

Qafanda açılan konsulluqlar: Məsələnin görünməyən tərəfləri (ŞƏRH)
Siyasət 13:57 11.04.2025

Qafanda açılan konsulluqlar: Məsələnin görünməyən tərəfləri (ŞƏRH)

"Rusiya Ukrayna və Yaxın Şərqdə gedən müharibələr kontekstində bir çox beynəlxalq ticarət yolları, kommunikasiyalarla bağlı ciddi problemlər yaşayır. O, baxımdan da Moskvanın şərqlə qərbi birləşdirəcək yeni kommunikasiyalara, dəhlizlərə ehtiyacı var".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İranın ardınca Rusiyanın da Ermənistanın Qafan şəhərində konsulluq açmaq istiqamətidə fəaliyyətinin məqsədini şərh edərkən deyib. 

Natiq Miri bildirib ki, Rusiyanın Qafanda konsulluq açması ilə bağlı Ermənistanla razılaşması var idi: 

"Ermənistan hökuməti bu vaxta qədər Rusiya ilə bağlı məsələni ertələməyə nail oldu. Baxmayaraq ki, həmin ərazidə artıq İran konsulluğu fəaliyyət göstərir. Bu da bilavasitə öz təhlükəsizliyini təmin etmək məqsədi daşıyırdı. Ermənistan hər zaman hesab edib ki, İran Azərbaycan üçün çəkindirici məqamdır. Ona görə də İran konsulluğunu daha tez açdılar. Ancaq Rusiya ilə bağlı məsələ belə deyil. Ermənistan tədricən Rusiya orbitindən uzaqlaşıb, Qərbə üstünlük vermək kursu götürüb".
 


Ekspert qeyd edir ki, indiki vəziyyətdə İrəvan Zəngəzur bölgəsinin Rusiyanın nəzarətində olmasını istəmir:

"Habelə Rusiyanın Qafanda konsulluq açması ilə bağlı hələlik konkret qərar yoxdur. Nə vaxt olacağı da qeyri-müəyyəndir. Rusiya Ukrayna və Yaxın Şərqdə gedən müharibələr kontekstində bir çox beynəlxalq ticarət yolları, kommunikasiyalarla bağlı ciddi problemlər yaşayır. O, baxımdan da Moskvanın şərqlə qərbi birləşdirəcək yeni kommunikasiyalara, dəhlizlərə ehtiyacı var".

Politoloqun fikrincə, Moskva üçün belə dəhlizlərdən biri də Mərkəzi Asiyadan başlamaqla Xəzər dənizi və Azərbaycandan keçən Orta Dəhlizdir ki, onun bir istiqaməti Gürcüstan üzərindən Türkiyə və Avropadır:

"Digər istiqamət isə Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Türkiyə və Avropaya çıxışı təmin edir. Rusiya da belə bir kommunikasiya sisteminə nəzarət etmək istəyir. Əslində 10 Noyabr sənədində nəzərdə tutulan 9 maddə də məhz bu xarakterdədir. Yəni sözügedən dəhliz bilavasitə Rusiyanın geosiyasi maraqlarına xidmət edən bir xətdir".

Həmsöhbətimiz  burada məsələnin görünməyən tərəfinin olduğunu da bildirib:

"Türk dövlətləri arasında zamanında süni əngəl olaraq yaradılan Ermənistan məhz Rusiya və Qərbin geosiyasi planlarına xidmət edən bir layihədir. Rusiya da bir tərəfdən yeni kommunikasiya sistemlərinə nəzarəti əlində saxlamaq istəyir, digər tərəfdən də qeyd etdiyim süni əngəlin varlığında maraqlıdır. Çünki 44 km-lik süni əngəl olmasa, Rusiya burada fəaliyyət göstərə və təsir imkanlarına malik ola bilməyəcək. Yəni burada əsas məqam odur ki, Rusiya Türk cümhuriyyətlərini bir-birindən ayırmaqda maraqlıdır".

Qeyd edək ki, İranın ardınca Rusiya da Qafanda konsulluq açmaq ərəfəsindədir. Belə ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə bu istiqamətdə irəliləyişin olduğuna işarə vurub. Bu isə o deməkdir ki, Qafanda yaxın zamanlarda Rusiya konsulluğu da fəaliyyətə başlaya bilər.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->