ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirib və bu məlumatlara Rusiyanın dərinliklərində yerləşən hədəflərlə bağlı informasiyaları da daxil edib. Bu qərar, Moskva ilə dalana dirənmiş danışıqları bərpa etməyə imkan verəcək strateji dəyişikliyin bir hissəsidir.
Qaynarinfo xəbər verir ki, bu barədə CNN-ə iki mənbə məlumat
ötürüb.
Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenski bu gün, oktyabrın 17-də Vaşinqtonda Trampla görüşü zamanı Rusiyanın ərazisindəki hədəfləri vura biləcək uzaqmənzilli silahların verilməsində israr edəcək.
Tramp isə Putinə Alyaskada keçirilən sammitdən sonra müharibəyə münasibətinin dəyişdiyini göstərərək, bu ideyaya açıq olduğunu bildirib. CNN-in məlumatına görə, "energetika ilə bağlı obyektlərə və qurğulara yönəlmiş kəşfiyyat məlumatlarının verilməsi kursundakı dəyişiklik, hansı ki, Tramp administrasiyası əvvəllər Kiyev üçün əlçatmaz sayırdı, bu yay Alyaskadakı Amerika hərbi bazasında keçirilən Tramp-Putin görüşündən sonra baş verib”.
Tramp Putindən müharibəyə son qoyacaq bir razılaşma əldə edə bilməyib.
Bu səbəbdən sammitdən sonra ABŞ Putin üzərində təzyiqi artırmaq məqsədilə kəşfiyyat məlumatlarının mübadiləsi siyasətini dəyişməyə cəhd edib. Tramp administrasiyasının fikrincə, bu addım Rusiya rəhbərinin müharibəni davam etdirmək mövqeyinə təsir göstərə bilər.
Nəşrin mənbəsinin verdiyi məlumata görə, ABŞ-ın icazəsi ilə Ukrayna indi Rusiyanın enerji infrastrukturuna qarşı hədəfli zərbələr strategiyasını həyata keçirir. Məlumatlı mənbənin sözlərinə görə, cəbhə xəttinin faktiki olaraq donmuş vəziyyətdə olması və müharibə nəticəsində bir milyondan çox insanın həlak olmasını nəzərə alaraq, Ukrayna hesab edir ki, Rusiyanın enerji sektoruna hücumlar strateji nəticə əldə etməyin azsaylı yollarından biridir.
"Bu müharibə Tramp prezident olsaydı, heç vaxt baş verməzdi — bunu Putin özü də etiraf edib. İndi Tramp onu dayandırmağa çalışır. Prezident, həmçinin NATO müttəfiqlərinə Amerika silahlarını almağa imkan verən tarixi bir razılaşmaya da nail olub. Hazırda əlavə açıqlamamız yoxdur”, deyə Ağ Evin nümayəndəsi bildirib.
Ukraynaya "Tomahawk” raketlərinin verilməsi məsələsinə gəldikdə, ABŞ rəsmilərindən biri CNN-ə deyib ki, nəticə nə olursa-olsun, əsas məsələ bu raketlərin verilməsi məsələsinin ciddi şəkildə müzakirə edilməsidir.
"Tramp özü dəfələrlə Ukraynanın Moskva və ya Sankt-Peterburqa zərbə endirmək imkanına malik olma ehtimalı barədə təəccübünü ifadə edib - bu, Zelenski ilə son telefon danışıqları zamanı da müzakirə olunub”, deyə həmin danışıqlarla tanış olan başqa bir mənbə bildirib. Alyaska sammitindən sonra baş tutan telefon danışıqlarından birində Tramp Zelenskidən soruşub ki, ordusu Moskva və ya Sankt-Peterburqa zərbə endirə bilərmi? Ukrayna lideri cavabında bildirib ki, əgər müvafiq silahları olsaydı, bunu edə bilərlər. Bu barədə CNN-ə mənbələr məlumat verib.
UNIAN-ın yazdığına görə, oktyabrın 17-də Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib ki, Volodimir Zelenski ABŞ-a silah almaq üçün gedib və "Tomahawk”lar arzu siyahısında birinci yerdədir. Onun sözlərinə görə, Kiyev hələ də qərarı gözləyir və hesab edir ki, "belə silahlar oyunun qaydalarını dəyişə bilər”.
"Bizə ABŞ-dan siyasi qərar lazımdır ki, ehtiyac duyduğumuz istənilən silahı heç bir məhdudiyyət olmadan ala bilək”, deyə Yermak əlavə edib.
Bundan əvvəl, oktyabrın 16-da ABŞ-da Ukrayna nümayəndə heyətinin ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqla görüş keçirdiyi də bildirilib. O zaman Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, əsas mövzu liderlər səviyyəsində keçiriləcək danışıqlar olub.
"Ukrayna və ABŞ prezidentlərinin görüşü ərəfəsində vacib söhbət — əsas prioritetlərin və vurğuların razılaşdırılması baş tutdu. Səmimi şəkildə ümid edirik ki, sabah artıq konkret qərarlar qəbul olunacaq”, deyə o əlavə edib.
Alpər
Şərhlər