PSJ-nin azarkeşləri Fransa Futbol Federasiyasına (FFF) etiraz edib.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb federasiyanın müsəlman futbolçuların oruclarını açması üçün oyunların dayandırılmasını qadağan etməsidir. Azarkeşlər sözügedən qadağaya pankartla reaksiya veriblər.
Etirazlar dünən baş tutan "Lion" - PSJ matçında səsləndirilib. Paris təmsilçisinin "Paris Ultra Collective" fanklubu oyundan əvvəl tribunalarda "Bir xurma, bir stəkan su, bu FFF-nin kabusu" yazılmış pankartla müsəlman futbolçulara qarşı bu addıma etiraz edib.
FFF aprelin 30-da Federal Hakimlər Komissiyasına göndərdiyi məktubda müsəlman futbolçuların dünyəvilik prinsipinə uyğun olaraq oruclarını açması üçün matçların dayandırılmamasını istəyib və qaydanı pozanların cəzalandırıla biləcəyi barədə xəbərdarlıq edib.
Fransa klubu "Nant"ın baş məşqçisi Antuan Kombuare əlcəzairli futbolçu Jaouen Hadjamı matç günlərində oruc tutduğu üçün heyətdən kənarlaşdırıb. Hadjamın oynamadığı qarşılaşmada "Nant" "Reyms"ə məğlub olub.
İngiltərədə isə əksinə, Premyer Liqa və aşağı liqaların oyunları zamanı hakimlər tərəfindən futbolçulara iftar üçün şərait yaradılacağını açıqlanıb.
Səbuhi Həsənov
Şərhlər