Mütəxəssislər arıqlama üçün istifadə olunan inyeksiyaların alkoqol asılılığı ilə mübarizə aparan insanlar üçün faydalı ola biləcəyini ehtimal edirlər. Yeni araşdırma "Wegovy” preparatının alkoqol istifadəsini azalda biləcəyini göstərib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent” yazır.
Alimlər müəyyən ediblər ki, semaqlutid qəbul edən alkoqol asılılığı olan şəxslərdə alkoqol istehlakı azalır, həddindən artıq içki günlərinin sayı aşağı düşür və içkiyə olan güclü istək əhəmiyyətli dərəcədə zəifləyir.
"Danimarka tədqiqatında arıqlama üçün "Wegovy” və 2-ci tip diabetin müalicəsi üçün "Ozempic” adı ilə tanınan semaqlutid 108 obez pasiyent üzərində sınaqdan keçirilib. Bütün iştirakçılar psixoterapiya alıblar. 26 həftə ərzində onların yarısına plasebo, digər yarısına isə 2,4 mq semaqlutid verilib”, deyə materialda qeyd olunur.
Tədqiqatın başlanğıcında iştirakçılar son 30 gündə orta hesabla 17 gün həddindən artıq alkoqol istifadəsi etdiklərini bildiriblər. Altı ay sonra semaqlutid qəbul edənlərdə bu göstərici 30 günlük dövrdə təxminən 5 günə enib, plasebo qrupunda isə 9 gün olub. Ümumilikdə alkoqol istehlakı da semaqlutid qəbul edənlərdə daha çox azalıb.
"Başlanğıcda iştirakçılar son 30 gündə orta hesabla 2200 qram alkoqol qəbul edirdilər. Altı ay sonra bu göstərici semaqlutid qəbul edənlərdə 650 qrama, plasebo qrupunda isə 1175 qrama düşüb”, deyə "The Independent” yazır.
Tədqiqatın aparıcı müəllifi Anders Fink-Yensen bildirib: "Nəticələr göstərir ki, semaqlutid təkcə iştaha deyil, həm də asılılığın əsasını təşkil edən bioloji mexanizmlərə təsir edə bilər. Bu, GLP-1 reseptorlarına yönəlmiş yanaşmalarla alkoqol asılılığının müalicəsində yeni imkanlar açır".
Digər tədqiqatçı Mette Kruse Klausen isə qeyd edib ki, bu xəstə qrupunda həm fiziki, həm də psixi ağırlaşmalar riski yüksəkdir və içki miqdarının azalması onların həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.
Kembric Universitetinin tədqiqat proqram rəhbəri Mari Sprekli isə vurğulayıb ki, nəticələr ümidverici olsa da, bu metodun gündəlik klinik praktikada istifadəsi üçün daha geniş və uzunmüddətli tədqiqatlara ehtiyac var.
Şeffild Universitetinin psixologiya professoru Mett Field isə araşdırmanın əhəmiyyətini belə qiymətləndirib: "Bu nəticələr göstərir ki, semaqlutid bəzi pasiyentlərdə alkoqol istifadəsini azalda bilər və GLP-1 agonistlərinin asılılıq müalicəsində potensial rolunu təsdiqləyir".
Aydın
Şərhlər