Xəbər lenti

Siyasət 12:55 15.07.2023

"Proses sülh sazişinin imzalanmasına doğru gedir" - Ekspert

"Payız aylarına doğru sazişin hazırlanması və imzalanması gözlənilir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında bu gün Brüssel olacaq görüşü şərh edərkən deyib.

Onun fikrincə, erməni tərəfi Brüsseldə güzəştlərə getməyə hazır olduğunu bildirəcək:



"Tərəflər arasında Brüssel görüşündə hansısa bir irəliləyişin olacağını gözləyirəm. Ermənistan konstruktiv mövqe tutmağa məhkumdur. Son zamanlar onların bütün səyləri, məsələn Laçın yolu ilə bağlı Azərbaycana qarşı xaricdə apardıqları kampaniyalar ermənilərə heç bir uğur gətirmədi. ABŞ Konqressində dinləmələr, AŞPA-da Laçın yolu ilə bağlı çıxarılan qətnamələr heç bir nəticə vermədi. Bu da onu göstərir ki, İrəvan artıq bu məsələlərdə beynəlxalq dəstəyi ala bilmir. 

Təmas xəttində də vəziyyət gərgindir. Az qala hər gün atışmalar baş verir. Erməni tərəfi yeni əməliyyatların başlanmasından narahatdır. Ona görə də fikrimcə, İrəvan Brüssel danışıqlarında daha konstruktiv mövqe tutacaq. Hesab edirəm ki, erməni tərəfi güzəştlərə getməyə hazır olduğunu bildirəcək. Proses sülh sazişinin imzalanmasına doğru gedir. Payız aylarına doğru sazişin hazırlanması və imzalanması gözlənilir”. 

Qeyd edək ki, iyulun 14-də Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişellə görüşüb. Artıq Ermənistan baş naziri Nikol Paşinyan da Brüsseldədir. O, Şarl Mişellə görüşəcək. Daha sonra isə Aİ, Azərbaycan prezidentiləri və Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüş planlaşdırılır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->