"Bu, PKK-nın tam ləğvi anlamına gəlməyə bilər. Daha çox formal dəyişiklik, yeni forma və ya taktiki manevr ehtimalı yüksəkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu "terror təşkilatı PKK-nın özünü buraxacağına nə dərəcədə inanmaq olar" sualına cavabında deyib.
"PKK uzun illərdir, yalnız silahlı terror qrupu kimi deyil, həm də ideoloji və siyasi struktura malik bir təşkilat kimi mövcuddur. 1999-cu ildə Abdullah Öcalanın həbsindən sonra təşkilat bir neçə dəfə "silahları buraxmaq" və ya "təşkilat formasını dəyişmək" kimi bəyanatlar verib. Lakin bu bəyanatlar heç vaxt tam silahsızlanma ilə nəticələnməyib", deyə Vüqar Zifəroğlu bildirib.
Ekspertə görə, silahların yerə qoyulması qərarı bu dəfə doğrudan da verilərsə, bu, yalnız Türkiyə daxilindəki ciddi siyasi və hərbi təzyiqlərin nəticəsi kimi qiymətləndirilməməlidir:
"Eyni zamanda bu Suriya və İraqdakı vəziyyətin, xüsusilə YPG-nin yeni mərhələyə keçdiyini göstərə, həmçinin ABŞ və ya Rusiya kimi güclərin bölgədə yeni balanslar yaratmağa çalışdığına işarə də ola bilər".
Siyasi şərhçi PKK-nın YPG/PYD kimi "şəkil dəyişdirməsi" ehtimalını da istisna etmədi:
"PKK-nın Suriya qolu sayılan YPG/PYD faktiki olaraq Suriyanın şimalında muxtariyyət qazanmışdı və onlar beynəlxalq aləmdə (xüsusilə Qərbdə) hər zaman "anti-İŞİD müttəfiqi" kimi təqdim olunublar. Bu isə onların legitimlik qazanması deməkdir".
Vüqar Zifəroğlunun fikrincə, PKK "özünü buraxırsa", bu, təşkilatın hüquqi və siyasi müstəviyə keçəcəyini gözləmək olar:
"PKK-nın ləğvi" sadəcə bir rebrendinq (marka dəyişimi) ola bilər -tərkib və məqsəd eyni, sadəcə forma fərqli. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, PKK-nın özünü buraxacağına dair xəbərlər ciddi şəkildə izlənilməlidir. Amma bu, təşkilatın tam ləğvi anlamına gəlməyə bilər. Daha çox formal dəyişiklik, yeni forma və ya taktiki manevr ehtimalı yüksəkdir".
Qeyd edək ki, "Hürriyet" qəzetinin məlumatına görə, Türkiyədə fəaliyyəti qadağan edilmiş və terrorçu təşkilat kimi tanınan PKK aprel ayının sonuna qədər özünü buraxmaq barədə qərar qəbul edəcək.
Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə bildirib ki, cari ay ərzində uzunmüddətli kürd probleminin həllində əhəmiyyətli irəliləyişlər ola bilər. Kürdpərəst DEM (Xalqların Bərabərlik və Demokratiya Partiyası) partiyasının nümayəndələri isə aprelin 22-də terrorçuluq fəaliyyətinə görə ömürlük həbs cəzası çəkən PKK lideri Abdullah Öcalanla görüşüblər.
"Məlumatlara görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-nın aprel ayının sonuna qədər silahlı qarşıdurmanı dayandırmaq və özünü buraxmaq barədə qərar qəbul edəcəyi barədə məlumatlandırılıb", deyə məqalədə bildirilib.
Rüfət Sultan
Şərhlər