Xəbər lenti

Pikenin aldığı torpaq sahəsində aşkarlanan məzarlıq müsəlmanlara aid imiş
İdman 22:54 03.11.2022

Pikenin aldığı torpaq sahəsində aşkarlanan məzarlıq müsəlmanlara aid imiş

"Barselona"nın təcrübəli futbolçusu Pikenin Malaqa şəhərinin mərkəzində 20 milyon avroya sahib olduğu torpaq sahəsində aşkarlanan məzarlıqla bağlı yeni faktlar üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, arxeoloqların araşdırmalarından sonra qəbiristanlığın 15-ci əsrə və müsəlmanlara aid olduğu müəyyənləşib. Qazıntılar aparan arxeoloq Alberto Kumpian İspaniyanın "Cadena Ser" radiosuna açıqlamasında, Məkkəyə baxdıqları üçün məzarların dərhal müsəlmanlara aid olduğu qənaətinə gəldiklərini bildirib. O, açıqlamasında "Bizdə olan ilkin məlumatlara görə, Malaqada tikinti aparılan ərazi xristianların şəhəri müsəlmanlardan aldıqları vaxta aiddir. Həmin vaxt şəhərin düz kənarında qəbiristanlıqlar salınırdı. Ölənlərin İslam inancına uyğun paltarda  dəfn edilməsi onun müsəlman qəbiristanlığı olduğunun ən böyük göstəricisidir. Bu, 15-ci əsrə aid qəbiristanlıqdır” - ifadələrinə yer verib. 

Malaqa şəhərinin mərkəzində yerləşən və 2021-ci ildə Pikeyə məxsus şirkət tərəfindən 20 milyon avroya satın alınan 3 min kvadratmetr sahədə 4 ulduzlu otel tikilməsi planlaşdırılıb. Hazırda 250 məzarın tapıldığı qəbirsitanlıqda aparılan araşdırmalara görə tikinti işləri dayandırılıb. Torpağın heç bir arxeoloji dəyəri olmadığını söyləyən Kumpian, qəbiristanlıqdakı insan qalıqlarının tamamilə çıxarılmasından sonra otelin tikintisinin davam etdiriləcəyini bildirib.

Əndəlüs bölgəsindəki Qranada şəhərində də analoji qazıntı işləri zamanı müsəlmanlara aid qəbiristanlıq aşkarlanıb. Əndəlüsdəki İslam birlikləri bölgədəki müsəlmanlara aid insan qalıqlarının antropoloji analizlərinin ən qısa zamanda aparılmasını və onların müsəlman qəbiristanlıqlarında basdırılmasını istəyir.
 
 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->