Xəbər lenti

Paşinyan yeni savaşa hazırlaşır? (ŞƏRH)
Siyasət 13:38 14.10.2024

Paşinyan yeni savaşa hazırlaşır? (ŞƏRH)

"Hadisələrin gələcək inkişafı Ermənistanın davranışlarından asılı olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Ermənistanla Azərbaycan arasında növbəti hərbi toqquşma ehtimalından danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan dövləti regionda savaş deyil, sülhün əldə edilməsində maraqlıdır: 

"Atdığı bütün addımlar da eyni məqsədə xidmət edir. Azərbaycan sülhün təşəbbüskarıdır və bu istiqamətdə real addımlar atıb. 5 baza prinsipini Ermənistana təqdim etmişik. Amma təəssüf ki, Ermənistan sülh müqaviləsi imzalamağın imitasiyası ilə məşğuldur. Sülhdən danışır, lakin bu istiqamətdə heç bir real addım atmır. Əksinə, İrəvanın davranışı sülhü deyil, müharibənin alovlandırılması mahiyyəti kəsb edir. Fransa, Hindistan, Yunanıstan, Şimali Kiprdən hücum silahları alması Ermənistanın hərbi siyasi rəhbərliyini yəqin ki, müəyyən qədər ruhlandırıb". 
 


Elman Nəsirov qeyd edib ki, Azərbaycan tərəfindən isə sülh əleyhinə heç bir proses həyata keçirilmir: 

"Azərbaycana gəlincə, birbaşa sülh mahiyyəti daşıyan tədbir keçirməyə hazırlaşırıq. COP29 tədbiri öz-özlüyündə iqlim dəyişiklikləri ilə bağlı  məsələləri ehtiva etsə də, Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, həmin tədbir həm də sülh prosesinin mühüm bir tərkib  hissəsidir. Yəni Ermənistanla gedən sülh prosesinin nəticəsində COP29-un da reallaşması mümkün olub. Bu mənada ölkəmiz həm də böyük bir sülh tədbirinə hazırlaşır. Ona görə Azərbaycan tərəfdən sülh əleyhinə heç bir proses yoxdur".

Həmsöhbətimiz İrəvanın COP29 tədbirinə qədər hansısa bir hərbi avantüraya əl atacağını düşünmür:

"Buna onun gücü də çatmaz. Sadəcə dünyanın diqqətinin Azərbaycana yönəldiyi bir məqamda ölkəmizi istəməyən qüvvələrin anti-Azərbaycan təbliğatı mümkündür ki, onun da bütün əlamətləri göz qabağındadır. Ermənistan anti-Azərbaycan siyasətindən, ölkəmizə ərazi iddialarından imtina etməsə, gələcəkdə hadisələrin mürəkkəb ssenari üzrə inkişafına görə bütün məsuliyyət rəsmi İrəvan və onun himayədarlarının üzərinə düşəcək".

Elman Nəsirovun fikrincə, COP29-dan sonra hadisələrin necə cərəyan edəcəyi isə Ermənistanın sonrakı davranışından asılı olacaq: 

"Onlar intensiv şəkildə silahlanmaqda, ölkəmizə qarşı təhdid bəyanatları səsləməkdə davam edəcəksə, belə olan vəziyyətdə Azərbaycan məcburi addım kimi özünün təhlükəsizliyini təmin etmək hüququna malikdir. Məcburi addım olaraq təhlükəsizliyin təmin edilməsi üçün istənilən addım ata bilər. Bu halda məsuliyyət də Ermənistanın üzərinə düşəcək". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->