Xəbər lenti

NATO parçalanır: ABŞ ordusunun Almaniyadan çıxarılması nə vəd edir?
Dünya 16:40 03.05.2026

NATO parçalanır: ABŞ ordusunun Almaniyadan çıxarılması nə vəd edir?

ABŞ-ın Almaniyadakı hərbi kontingentinin azaldılması uzaqmənzilli artilleriya və zirehli bölmələri əhatə edə və bu, NATO-nun Polşa və Baltik ölkələrindəki ön xətt müdafiəsini zəiflədə bilər.

Qaynarinfo xəbər verir ki, Almaniya kansleri Fridrix Merzin ABŞ-ın İranla müharibədə "alçaldıldığını” bəyan etməsindən sonra Pentaqon bu ölkədəki bazalardan 5000 hərbçini çıxarmağı planlaşdırdığını elan edib.
 
"The Times" yazır ki, Merzin açıqlaması Avropa ilə Donald Tramp arasında İranla müharibə və ümumilikdə qlobal təhlükəsizlik məsələlərində dərin fikir ayrılıqlarını üzə çıxarıb. Ekspertlərin fikrincə, qoşunların çıxarılması ABŞ ilə Avropa arasında münasibətlərin zəifləməsinin növbəti mərhələsidir.

Bu addım ABŞ-ın Avropadakı öhdəliklərini azaltmaq istiqamətində ümumi tendensiyaya uyğun gəlsə də, bir sıra Avropa liderlərini narahat edib. Polşanın baş naziri Donald Tusk bildirib: "Transatlantik birliyi üçün ən böyük təhlükə xarici düşmənlərdən deyil, alyansımızın daxilində davam edən parçalanmadan qaynaqlanır”.

2011–2012-ci illərdə ABŞ-ın Avropadakı qüvvələrinə rəhbərlik etmiş general-leytenant Mark Hertlinq isə bu qərarı "çox pis və düşünülməmiş addım” adlandırıb. Onun sözlərinə görə, bu, ABŞ və onun silahlı qüvvələrinə əlavə zərər verə bilər. O, həmçinin Almaniyanı tərk edəcək 5000 hərbçi üçün yeni yerləşdirmə infrastrukturu yaradılmasının praktiki çətinliklərinə diqqət çəkib.

"The Times" qeyd edir ki, Trampın bu qərarının tənqidçiləri ABŞ hərbi iştirakının azalmasının NATO-nun əsasını təşkil edən transatlantik əlaqələri zəiflədəcəyindən ehtiyat edir. Onların fikrincə, bu, Rusiya prezidenti Vladimir Putini alyansın gücünü sınaqdan keçirməyə təşviq edə bilər.

Məqalədə vurğulanır: "Almaniyadakı ABŞ qoşunlarının sayının azaldılması, ehtimal ki, uzaqmənzilli artilleriya və zirehli bölmələri əhatə edəcək və NATO-nun Polşa və Baltik ölkələrindəki ön müdafiəsini zəiflədə bilər”.

Bundan əlavə, ötən həftə ABŞ hökuməti Avropa ölkələrinə bildirib ki, onların hərbi gücünü artırmaq və ya zəif nöqtələri aradan qaldırmaq üçün nəzərdə tutulan silah tədarükü Pentaqon Yaxın Şərqdəki sursat ehtiyatlarını bərpa edənə qədər gecikdiriləcək. Bu vəziyyət Avropanın hava hücumundan müdafiə sistemlərinə, o cümlədən Rusiyadan gələn təhdidlərə qarşı vacib hesab edilən "Patriot" raketlərinə təsir göstərə bilər.

Bununla belə, "The Times" yazır ki, əsas risk siyasi müstəvidə daha ciddi nəticələrin yaranmasıdır. Məqalədə qeyd olunur ki, Trampın ikinci andiçmə mərasimindən sonra ABŞ prezidentinin NATO müttəfiqlərini böhran vəziyyətində müdafiə edib-etməyəcəyi ilə bağlı suallar artıb. Tramp ABŞ-ın Avropadakı ənənəvi müttəfiqlərinə dəstək verəcəyini desə də, bu məsələdə yaranan istənilən şübhə Rusiyanın çəkindirmə mexanizmini zəiflədə və onu Ukraynadakı müharibədən sonra hərbi addımlar atmağa sövq edə bilər.

Qeyd edək ki, Trampın 5000 hərbçinin çıxarılması barədə açıqlamasından sonra Almaniyanın müdafiə naziri Boris Pistorius bu qərarın gözlənilən olduğunu bildirib və Avropa ölkələrini öz müdafiə potensiallarını gücləndirməyə çağırıb.

Daha sonra Tramp çıxarılacaq hərbçilərin sayının Pentaqonun açıqladığı 5000 nəfərdən daha çox ola biləcəyini vurğulayıb.

Bu qərar artıq respublikaçılar tərəfindən də tənqidlə qarşılanıb. Onların fikrincə, Avropadakı ABŞ kontingentinin azaldılması Kremlin əl-qolunu açacaq, kollektiv təhlükəsizlik sistemini zəiflədəcək və ciddi strateji səhv olacaq.

Aydın
--> -->