Avropa İttifaqı Ukraynanın üzvlüyü ilə bağlı hələ də vahid mövqe formalaşdırmayıb, baxmayaraq ki, onun inteqrasiyasının strateji əhəmiyyəti qəbul olunur. Kiyev 2022-ci ildə namizəd statusu alsa da, qoşulma müddətləri və mexanizmləri müzakirə mövzusu olaraq qalır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazır.
Fransa və Almaniya alternativ variant kimi "assosiativ üzvlük” formatını təklif ediblər. Bu halda Ukrayna səsvermə hüququ olmadan Avropa institutlarının işində iştirak edə, tədricən Aİ siyasətlərinə və vahid bazara inteqrasiya oluna bilər, lakin ilkin mərhələdə əsas maliyyə proqramlarına çıxış əldə etməz.
Sülh təşəbbüsləri fonunda "tərs genişlənmə” adlandırılan ideya da gündəmə gəlib. Bu modelə əsasən, namizəd ölkə formal üzvlüyü daha erkən əldə edə bilər, lakin hüquqları mərhələli şəkildə – tələblər yerinə yetirildikcə genişləndirilər. Tərəfdarlar hesab edir ki, bu, islahatlara nəzarəti gücləndirəcək, lakin tənqidçilər "layiqlilik əsasında üzvlük” prinsipinin zəifləməsi və bütün Aİ ölkələri tərəfindən ratifikasiya zərurəti kimi riskləri vurğulayırlar.
Bu yanaşmanın tərəfdarları düşünür ki, belə model Ukraynaya real üzvlük perspektivi verəcək və Aİ ölkələrində ictimai rəyi hazırlamağa kömək edəcək. Bununla yanaşı, onun uzunmüddətli keçid statusu kimi qəbul edilməsi riski də mövcuddur.
Avropa Komissiyası nümayəndələrinin qiymətləndirməsinə görə, tamhüquqlu üzvlük üçün bütün tələblərin yerinə yetirilməsi 10–15 il çəkə bilər. Eyni zamanda, bu prosesi necə sürətləndirmək barədə Aİ daxilində razılaşdırılmış qərar yoxdur.
Əlavə amillərdən biri Macarıstanın mövqeyidir. Gözlənilirdi ki, Budapeştdə hakimiyyət dəyişikliyi danışıqların yayda başlamasına imkan verə bilər, lakin yeni baş nazir Peter Madjar Zakarpatiyada macar azlığının hüquqlarının genişləndirilməsində israr edir.
Təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayrılır. Ukraynanın Aİ-nin qarşılıqlı müdafiə mexanizmlərində iştirakı və silahlı qüvvələrinə dəstəyin genişləndirilməsi daxil olmaqla daha sıx müdafiə əməkdaşlığı variantları nəzərdən keçirilir.
Aİ-də hesab edirlər ki, üzvlüklə bağlı danışıqlara artıq yayda başlamaq mümkündür və maliyyə dəstəyi vəziyyəti sabitləşdirə bilər. Lakin Ukraynanın inteqrasiyasının yekun modeli hələ müəyyən edilməyib.
Avropa Komissiyasının nümayəndəsi Olof Hill bildirib ki, İslandiya və ya Norveçin Aİ-yə mümkün qoşulması Ukraynanın üzvlük prosesinə təsir etməyəcək, çünki bu məsələlər bir-biri ilə əlaqəli deyil.
Eyni zamanda, Macarıstanın yeni baş naziri Peter Macar bəyan edib ki, ölkəsi Ukraynanın sürətləndirilmiş qaydada Aİ-yə qəbulunu dəstəkləməyəcək, çünki ölkədə müharibə davam edir. Onun sözlərinə görə, bir çox Aİ üzv dövlətləri də bu ssenarini real hesab etmir.
Aydın
Şərhlər