Xəbər lenti

Sənət 13:54 04.11.2024

"Mission: Impossible 8" Tarixin ən bahalı filmlərindən biri olacaq

2022-ci ilin mart ayında çəkilişlərinə başlanılan və bir neçə dəfə dayandırıldığı üçün iki il ərzində istehsalat prosesində qalan "Mission: Impossible 8" tarixin ən bahalı filmlərindən biri olmağa hazırlaşır.

Qaynarinfo-nun verdiyi xəbərə görə, Tom Kruzun baş rolda oynadığı "Mission: Impossible" ("Mümkünsüz Tapşırıq") seriyası bütün dövrlərin ən uğurlu aksiyon seriyalarından biri kimi tanınır. Xüsusən 2010-cu ildən sonra çıxan filmlər böyük uğur qazanıb. Lakin son iki ildə vəziyyət dəyişməyə başladı. Seriyanın ötən il yayımlanan yeddinci filmi olan "Dead Reckoning Part One" ("Ölümcül Hesablaşma - Birinci Hissə") gözləntiləri qarşılamadı və əvvəlki filmlər qədər sevilmədiyi üçün kassada da uğursuzluğa düçar olub.

"Dead Reckoning" seriyanın tempini azaltdığından "Mission: Impossible 8"in kassada uğurlu olması daha da çətinləşib. Üstəlik, "Paramount"da olan filmin büdcəsi də getdikcə artır. İki ildən çox çəkən çəkilişləri nəhayət ötən ay tamamlanan "Mission: Impossible 8"in büdcəsinin 400 milyon dolları keçdiyi bildirilir. Bu da "Mission: Impossible 8"-i tarixin ən bahalı filmlərindən biri edir. Bu halda filmin kassada gəlir əldə etməsi olduqca çətin görünür.

"Mission: Impossible 8" 2025-ci il mayın 23-də nümayiş olunacaq.

"Mission: Impossible 8" filminin 2022-ci ilin mart ayında başlayan çəkilişləri, 2023-cü ilin iyul ayında aktyorların tətili səbəbindən dayandırılmalı oldu. Təxminən səkkiz ay davam edən bu fasilə, filmin büdcəsini xeyli artırdı. Bu müddətdə "Dead Reckoning Part One" uğursuzluğa düçar olduğuna görə, istehsalçılar səkkizinci filmi dəyişdirməyə qərar verdilər. Əvvəlcə "Dead Reckoning Part Two" olaraq elan edilən film, istehsalat prosesində fərqli bir istiqamətə yönəldi. Artıq yeni alt başlıqla təqdim olunacaq filmin hekayəsində mühüm dəyişikliklərin edildiyi düşünülür. Bu da əvvəlcədən planlaşdırılmayan bir çox əlavə səhnənin çəkilməsini tələb etdi. Bütün bunlar birlikdə 400 milyon dollarlıq nəhəng bir xərclə nəticələndi.

Filmin istehsalçıları "Mission: Impossible 8"-i nümayişdən əvvəl Kann Film Festivalında göstərmək istəyirlər. Çünki film Kann-da müsbət rəylər alsa, bu onun kassadakı uğur şansını artıra bilər. Bunun oxşarını ilk "Joker" filmində də görmüşdük. Ancaq bu addım risk də daşıyır; çünki film Kann-da mənfi rəylər alarsa, kassadakı uğur şansı daha da azalacaq. Bunu bir neçə həftə öncə "Joker 2"də də gördük. Venesiyada tənqidçilər tərəfindən kəskin tənqidlər alan "Joker 2", bu mənfi rəylərin təsiriylə kassada gözləntilərdən çox aşağı açılış etdi. İndi isə "Mission: Impossible" istehsalçılarının bu riski almağa hazır olması, onların filmlərinə tam güvəndiyini göstərir. Əlbəttə, digər tərəfdən, onsuz da zərərə uğrama ehtimalı böyük olduğu üçün belə bir riskə getmələri də mümkündür.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->