Şərqi Avropa ölkələri hərbi münaqişənin yaranma ehtimalına qarşı NATO-nun Soyuq müharibə dövründə tikilmiş yeraltı yanacaq boru kəmərləri şəbəkəsini genişləndirmək üçün yenidən səy göstərirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg"ə məlumatlı mənbələr bildiriblər.
Xüsusilə Polşa və Rumıniya uzun müddətdir bəyan edir ki, NATO boru kəməri sisteminə çıxışları olmalıdır. Bu sistem döyüş zamanı qərb qoşunlarını təmin edir və hazırda şərqə doğru yalnız Almaniyaya qədər uzanır.
Mənbələrə görə, 10 min kilometr uzunluğundakı şəbəkənin genişləndirilməsi təşəbbüsü NATO-nun iyul ayında Ankarada keçiriləcək sammiti öncəsi yeni aktuallıq qazanıb.
Bir mənbənin sözlərinə görə, İran müharibəsini nəzərə alaraq, bəzi dövlətlər narahatdır ki, konflikt gərginləşərsə, onlar potensial yanacaq çatışmazlığına qarşı daha həssas ola bilərlər.
NATO-nun açıqlamasına görə, şəbəkə, saxlanma və paylama sistemlərini birləşdirən geniş bir struktura malikdir, hazırda alyansın 12 ölkəsini əhatə edir. Bu sistem hərbi hava bazalarını, mülki aeroportları, anbarları, həmçinin nasos stansiyaları, neft emalı zavodları və yük avtomobili ilə qatar vaqonlarının yükləmə stansiyalarını birləşdirir.
Bu şəbəkə, xüsusilə hava nəqliyyatı və havada yanacaq doldurma üçün yanacağa olan qəfil tələbatı qarşılamaq məqsədilə nəzərdə tutulub.
"Bu məsələnin həlli getdikcə daha vacib olur, çünki Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin sonu görünmür və artıq beşinci ilə qədəm qoyub. Bəzi qərb kəşfiyyat xidmətləri xəbərdarlıq edib ki, Moskva gələcəkdə NATO-ya hücum edə bilər, baxmayaraq ki, Prezident Vladimir Putin bu ssenarini "tam absurd” kimi rədd edib", deyə Bloomberg xatırladır.
Eyni zamanda, alyansın nümayəndəsi vurğulayıb ki, müttəfiqlər hərbi qüvvələrə etibarlı enerji təminatı, o cümlədən yanacaq verilməsini təmin etməyə söz veriblər, beləliklə alyansın kollektiv müdafiə və sarsılmaz mövqeyi qorunacaq.
Əvvəlki təhlillərə görə, şərq qanadının genişləndirilməsi təxminən 21 milyard avroya başa gələ və 25 il çəkə bilər, deyə mənbələrdən biri bildirib.
"Hazırda əsas diqqət iki istiqamətə yönəlib ki, konsepsiya daha realistik olsun və Ankaradakı sammitdə yeni planlar açıqlana bilsin", deyə "Bloomberg" mənbəsini sitat gətirir.
Mənbələrdən biri əlavə edib ki, Mərkəzi Avropa boru kəməri sistemi kimi tanınan şərq qolunun Polşaya genişləndirilməsi təxminən 5,5 milyard avroya başa gələ bilər, digər layihə isə Yunanıstan, Bolqarıstan və Rumuniyanı birləşdirməyə yönəlmişdir və təxminən 6 milyard avro tələb edir.
Aydın
Şərhlər