Xəbər lenti

Milli-dini dəyərlər və tolerantlıq: Azərbaycan nümunəsi və İslam dünyasının çağırışlar
Siyasət 15:05 27.02.2026

Milli-dini dəyərlər və tolerantlıq: Azərbaycan nümunəsi və İslam dünyasının çağırışlar

Yazı "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb.  

Milli-dini dəyərlərin güclü olması həm də bunu aşılayan dövlətin də güclü olması anlamına gəlir. Bu mənada, Azərbaycan bütün müsəlman dünyasına nümunə olacaq bir ölkədir. Azərbaycanda milli-dini dəyərlər ən yüksək səviyyədə qorunur, inkişaf edir. 

Amma ümumi götürdükdə, bütöv İslam dünyasında dini birlik və dini dəyərlərə bağlılığın aşağı səviyyədə olduğunu görmək olar. Bir çox müsəlman ölkələri daim dini birlikdən dəm vursalar da, realıqda əksinə, öz əməllərilə bu birliyə xələl gətirirlər. Bunun nəticəsidir ki, bəzi İslam ölkələri uzun müddətdir qarmaqarışıqlıq içində yaşayır, bir-birinə düşmən münasibət bəsləyirlər. Müsəlman dünyasında münaqişələr də səngimək bilmir. 

Bəs, İslam dünyası daxilində niyə dini dəyərlərə bağlılıq zəifdir, onlar niyə dini həmrəylikdən uzaqdırlar? Ona nail olmaq üçün nə etmək lazımdır? 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən araşdırmaçı jurnalist Rəsul Mirhəşimli düşünür ki, İslam dünyasında dini birlik və dini dəyərlərə bağlılığın zəif olması iman böhranı ilə bağlı deyil, həqiqətin hansı istinad nöqtəsi ilə anlaşılacağı böhranıdır: 



"İnsan nəyə müqəddəs dediyini bilir, amma niyə müqəddəs olduğunu izah edə bilmir. Ümimiyyətlə, İslam dünyasında dini birlik və dini dəyərlərə bağlılıq mövzusu çox vaxt emosional formada izah olunur və problem adətən "dindarlığın azalması” kimi təqdim edilir. Halbuki məsələ yalnız iman zəifliyi deyil. Problemin kökü dini düşüncənin tarix boyu keçirdiyi dəyişikliklərdə və müsəlman cəmiyyətlərinin siyasi-ictimai quruluşunun necə formalaşmasında gizlənir. Yəni burada söhbət inancın yox, dini şüurun strukturunun dəyişməsindən gedir.

İslamın ilk əsrlərində ümmət anlayışı sadəcə eyni etiqadı paylaşmaq deyildi, din hüquq, iqtisadi münasibətlər, idarəçilik, elm və gündəlik davranış üçün ortaq istinad nöqtəsi idi. Peyğəmbərin gətirdiyi mesaj yalnız ibadət qaydaları təqdim etmirdi, həyatın bütün sahələrinə mənalandırıcı istiqamət verirdi. İnsan dünyanı necə başa düşəcəyini də din vasitəsilə müəyyənləşdirirdi".

Ekspert qeyd edir ki, zaman keçdikcə din əsasən hüquq və əxlaq sahəsində qaldı, siyasət və iqtisadiyyat isə başqa ideya mənbələrindən qidalanmağa başladı:

"Bunun nəticəsində insanın şüurunda parçalanma yarandı. İnsan həm dini dəyərlərə inanır, həm də həmin dəyərlərin formalaşdırmadığı sistemdə yaşayır. Bu daxili ziddiyyət isə tədricən dini bağlılığı zəiflədir. Buna görə müasir müsəlman cəmiyyətlərində əsas problem iman böhranı deyil, mənanın parçalanmasıdır. Din həyatın izahı olmaqdan çıxıb, şəxsi rituala çevrilir və birlik yalnız şüar səviyyəsində qalır".



Araşdırmaçı jurnaist deyir ki, hazırda məzhəb əsasən kimlik formasına düşüb: 

"Tarixdə müxtəlif fiqh və teoloji məktəblər həqiqəti tapmaq üçün fərqli üsullar təqdim edir, mübahisələr elmi çərçivədə aparılırdı. Bu gün isə məzhəb çox vaxt kimlik formasına düşüb. Kimlik müdafiə refleksi yaradır və insan artıq həqiqəti axtaran mömin yox, məzhəb mənsubiyyətini qoruyan tərəfdara çevrilir. Nəticədə bəzi hallarda bu qarşıdurmalar silahlı münaqişələrə qədər böyüyür və radikal dindarlıq ortaya çıxır. Qloballaşma da yeni şüur formalaşdırıb. Müasir insan eyni anda bir neçə mədəni və ideoloji mühitin təsiri altında yaşayır. Din bu çoxqatlı reallığı izah edə bilməyəndə, insan onu yalnız mənəvi təsəlli sahəsinə çəkir və din həyatın mərkəzindən kənara çıxır".

Müsahibimiz hesab edir ki, dini birlik və dini dəyərlərə bağlılığın zəif olmasını çağırış və qadağalarla aradan qaldırmaq mümkün deyil: 

"Çünki problem davranış yox, düşüncə modelidir. İslam dünyasının ehtiyacı dini sadəcə hökmlər toplusu kimi deyil, dünyagörüş kimi təqdim etməkdir. İnsan niyə yaşadığını, niyə məsuliyyət daşıdığını və niyə ədalətli olmalı olduğunu həm rasional, həm mənəvi şəkildə anlaya bilməlidir. Mənası anlaşılmayan din mərasimə, mənası dərk olunan din isə şüura çevrilir. Din yenidən həyatın mənasını izah edən sistemə çevrilmədikcə, birlik ideyası emosional çağırışdan o tərəfə keçməyəcək. Birlik yalnız eyni ibadəti etmək anlamına gəlmir, birlik eyni həqiqət anlayışını paylaşmaqdan ibarət olmalıdır".

Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

--> -->