AFFA-nın İntizam Komitəsinin ötən gün çıxardığı qərarlardan biri də "Kəpəz-2”-nin məşqçisi Orxan Verdiyevlə bağlı oldu.
Komitənin qərarına görə, Verdiyev Əvəzedicilər liqasının 26-cı turu çərçivəsində "Neftçi-2” ilə baş tutan görüşün 76-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə təzyiq göstərdiyi üçün beş oyunluq cəzalandı. Bununla yanaşı, klub 400 manat məbləğində cərimələnib.
Beş oyunluq cəzalandırılması ilə bağlı mütəxəssis Qaynarinfo-ya açıqlama verib. O, hakimləri təhqir etmədiyini, amma bir məsələyə görə sərt formada etirazlarını çatdırdığını və bu səbəbdən cəzalandığını bildirdi:
"İstəməzdim belə hal yaşansın. Amma orada heç kimi nəinki təhqir, heç tənqid etmək fikrim olmayıb. Sadəcə, oyun gərgin gedirdi. Futbolçumuzun vərəqə limiti bitmişdi. Hakim sarı vərəqə göstərdiyi üçün növbəti oyunu buraxacaq. Etirazımı bir qədər sərt şəkildə bildirdim, amma qətiyyən nə təhqir, nə də başqa bir şeyə yol vermişəm. Düzdür, qərarda yazılıb ki, guya təcavüzkar davranmışam. Amma bunun olması mümkün deyil. Oyundan sonra hakimlərlə də görüşdük və onlara belə olmasını istəmədiyimizi dedik. Sadəcə, sərt şəkildə bildirdim ki, futbolçumuza sarı vərəqə göstərilməsəydi, yaxşı olardı. Hakimlər isə yanlış anlayıb və bunu təhqir kimi qiymətləndirib. Biz kimik ki, təhqir edək? Etiraf edirəm ki, sərt danışdım, amma konkret təhqir olmadı. Ümid edirdim ki, mənə göstərilən qırmızı vərəqənin cəzası ağır olmaz. Böyük bir hadisə baş verməyib”.
Məşqçi həmin oyundakı hakim idarəçiliyi ilə bağlı bunları dedi:
"Adamın üstündə Allah var, normal idarə etdi. Məğlubiyyəti də qəbul etmək lazımdır. Sadəcə, futbolçumuzun sarı vərəqə almasına etirazım bir qədər sərt oldu”.
Cəzanın azaldılması ilə bağlı klubun AFFA-ya müraciət edib-etməyəcəyi ilə bağlı sualı Verdiyev belə cavablandırdı:
"Bilmirəm, yəqin ki, klub müraciət edəcək. Qərar verilibsə, razılaşmalıyıq. Amma mümkün olsa, cəzanın azaldılması ilə bağlı müraciət ünvanlayarıq. Biz də düşünürük ki, cəzanı azalda bilərlər. Çünki orada konkret təhqirdən söhbət gedə bilməz”.
Səbuhi Həsənov
Şərhlər