Xəbər lenti

Kamal Quliyev: “Neftçi” bütünlüklə yenidən yığılmalıdır”
İdman 14:02 30.10.2023

Kamal Quliyev: “Neftçi” bütünlüklə yenidən yığılmalıdır”

Tanınmış veteran futbolçularından olan Kamal Quliyev Azərbaycan Premyer Liqası haqda fikirlərini bölüşüb. 

O, Qaynarinfo-ya açıqlamasında, klubların durumundan, qeydə alınan maraqlı nəticələrdən danışıb:

"Vaxt olduqca çempionatımızı izləyirəm. Maraqlı oyunlar olur. Amma çempionatımızın səviyyəsi qalxmır ki, qalxmır. Məni təəccübləndirən elə də böyük bir şey yoxdur. "Sabah”ın formalaşmasını gözləyirdik. "Neftçi” gəldi hansı vəziyyətə düşdü. Yeganə liderin "Qarabağ” olduğunu da hamımız bilirik. Məni təəccübləndirəcək bir şey yoxdur”.

Keçmiş müdafiəçi ayrı-ayrı klubların, xüsusən də karyerasının əsas hissəsini keçirdiyi "Neftçi”nin durumuna toxunub: 
 
"Nə Mutudan əvvəl, nə də sonra "Neftçi”də heç bir şey yaxşılığa doğru dəyişməyib. Bu komandada köklü dəyişiklik olunmalıdır. Bütünlüklə yenidən yığılmalıdır. İdarəetmə sistemi var. Klubu idarə bilmirlərsə, rəhbərlikdən tutmuş futbolçuya qədər hamısı dəyişilməlidir. "Neftçi”də nə çatır ki? Nə var ki? Komandada oyun yoxdur. Strategiya olsa, bilərsən ki, nəsə iş görmək istəyirlər. Necə gəldi oynayırlar, belə futbol olmur. Mutunun heç bir yenilik, fərqlilik gətirdiyini görmürəm. 
 
"Sabah”da məşqçi işi görünür, düzgün transferlər ediblər. Maliyyə dəstəyi də şərtdir. "Sabah” bundan da pis vəziyyətdə idi. Gəlin etiraf edək. Bu gün buralara gəlib çıxıbsa, böyük şeydir. Bir komandanın uğura gedən yolunda hansısa yanlış addım olacaq. Yanlışlığa yol verə bilərsən. Hər an düzgün qərar verə bilməzsən ki. Sadəcə, gözləmək lazımdır. İnsanlar düzgün yoldadırlar. Uğur istəyiriksə, mütləq heyəti də komplektləşdirməlidirlər.

 Deməzdim ki, "Zirə” uğursuzsur. Rəşad Sadıqovu tanıyıram, ona qarşı haqsızlıq olanda o işi çözənə qədər gedə biləcək insandır. Çempionat boyu hakimlikdən narazılığını bildirirdi. "Zirə” kimi bir komandanı Avropa səviyyəsinə gətirirsə, beynəlxalq yarışlarda oynayırsa, niyə zəif çıxış gözləyək. Bu komanda görün hardan-hara gəldi. Avropada uğursuz çıxış etsə də, komandanı dartıb yuxarılara gətirdi. Bu da bir işdir. Deməzdim ki, Sadıqov işinin öhdəsindən gələ bilmir. Sadəcə, çox yüklənə bilər. İnsan üzərinə çox gəlinə, qarşısına məqsəd qoyula bilər. Rəşad öz işini bilən insandır”.

Quliyev "Qarabağ”ın "Bayer”lə matçı haqda da danışdı: 

"Əlbəttə, "Qarabağ”ın böyükhesablı məğlubiyyətini gözləyiridim. Uğurun bir sonu olmalı idi. Gəlin açıq etiraf edək, "Bayer”lə "Qarabağ” müqayisə oluna bilməz. Onların bir futbolçusunun qiyməti… Niyə özümüzü aldadaq? Oyunöncəsi danışırdılar ki, "Qaraba”ğ "Bayer”lə belə oynayacaq”, "elə oynayacaq”. Futbolçuların, klubun səviyyəsi ayrılıqda göründü. Oyun göstərdi ki, "Bayer” səviyyəsinə yüksəlmək istəyirsənsə, necə olmalısan. Yenə də, halal olsun, Avropada bizi layiqli təmsil, üzümüzü ağ edən yeganə komandadır. Onlara ancaq uğurlar arzulya bilərəm”.
 
Məşqçi mövsümün sonundan yenə də "Qarabağ”ın çempion olacağını düşündüyünü bildirdi:

"İdarəçilik öz əlimizdədir, bu səbəbdən Azərbaycanda "Qarabağ” kimi ikinci komanda formalaşmır. Başqa insanların əlində olsaydı, yetişdirə bilərdik. İdarəçiliyi bilmirik. Bu gün "Qarabağ”ın irəli getməsində, formalaşmasında idarəçiliyin rolu var. Hər kəs öz işini yaxşı bilir. Heç kim başqasının işinə qarışmır. Bu mövsüm də "Qarabağ”dan başqa çempionluğa real namizəd yoxdur. Çox güman ki, yenə bu komanda çempion olacaq”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->