Xəbər lenti

Şirvan suvarma kanalının yenidən qurulması üzrə “İşçi qrupu”nun növbəti onlayn iclası keçirildi
Foto 17:40 11.02.2026

Şirvan suvarma kanalının yenidən qurulması üzrə “İşçi qrupu”nun növbəti onlayn iclası keçirildi

Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış "Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” 15 aprel 2024-cü il tarixli 84 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun müvafiq əmri ilə yaradılmış "İşçi qrupu”nun onlayn formatda növbəti iclası keçirilib. 

Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən verilən məlumata görə, iclasda İşçi qrupun rəhbəri Rafiq Aslanov çıxış edərək bildirib ki, ölkənin ikinci ən böyük kanalı olan Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu rayonlarının 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin etməklə yanaşı, o, həmçinin az sulu illərdə Türyançay Sağ və Sol sahil magistral kanallarının, eləcə də Göyçay çayından qidalanan bir sıra kanalların xidməti ərazilərində yerləşən əkin sahələrinin su təminatına dəstək göstərir. Lakin, 65 ildən çox müddətdə istismar olunmuş Yuxarı Şirvan kanalı torpaq məcralı olduğundan, ondan ildə təxminən 350 milyon m³ su itkisi baş verir ki, bunun da nəticəsində vegetasiya dövründə su təminatının ödənilməsində müəyyən çətinliklərin yaranması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyətinin pisləşməsinə də səbəb olur.

Həmçinin bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamın vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilməsinin və qlobal iqlim dəyişmələri fonunda qeyd olunan problemlərin həllinin zəruriliyi nəzərə alınaraq, kanalın tikintisinin hər mərhələsi üzrə podratçı təşkilatlar müəyyən edilərək, onun bütün mərhələlərinin (4 mərhələ) tikinti-quraşdırma işlərinə eyni vaxtda başlanıldığını və hazırda işlərin təsdiq edilmiş qrafikə uyğun davam etdirilirdiyini bildirib.

Daha sonra, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti PHŞ-nin və tikintiyə cəlb edilmiş "North West Construction”, "MuğanSuTikinti” və "Elit-S” podratçı şirkətlərinin nümayəndələri çıxış edərək, tikintinin cari vəziyəti barədə iclas iştirakçılarına geniş məlumat verərək, layihənin I və IV mərhələləri üzrə işlərin cari ilin, II və III mərhələlər üzrə işlərin isə növbəti ilin sonunadək yekunlaşdırılmasının planlaşdırıldığını bildirmişdir.

İşçi qrupunda təmsil olunan Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Şirvan şəhəri, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Kürdəmir, Yevlax və Ağdaş rayonlarının icra hakimiyyətlərinin nümayəndələri tərəfindən də bir sıra rəy və təkliflər səsləndirilmişdir.

Qeyd edək ki, Şirvan suvarma kanalının başlanğıc sərfinin saniyədə 180 kubmetrə, ümumi uzunluğunu isə 204 km-ə qədər artırmaqla, onun müasir tələblərə uyğun şəkildə yenidən qurulması nəticəsində, Şirvan zonasına daxil olan Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, İsmayıllı, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarında ümumilikdə 228 min hektar torpaq sahəsinin suvarma, yaşayış məntəqələrinin isə məişət suyu təminatının yaxşılaşması ilə yanaşı, ətraf ərazilərin meliorativ vəziyyətinə də müsbət təsir göstərəcəkdir. Bununla yanaşı, kanalın sonunda Hacıqabul gölünə suyun çatdırılması ilə onun ekoloji vəziyyətinin yaxşılaşması da təmin ediləcəkdir.

--> -->