Xəbər lenti

İran nüvə silahı əldə edərsə... - Nə baş verər?
Dünya 18:23 01.03.2023

İran nüvə silahı əldə edərsə... - Nə baş verər?

"İranın nüvə proqramı ətrafında bu kimi müxtəlif fikir və bəyanatlar ona görə səslənir ki, Tehran həmin sahədə şəffaflığı təmin etmir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan ABŞ müdafiə nazirinin müavini Kolin Kalın İranın 12 gün ərzində bir nüvə bombası üçün kifayət qədər parçalanan material istehsal edə biləcəyi barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib. Onun fikrincə, Tehranın nüvə silahı istehsal etməsi məsələsi ciddi olsaydı, çoxdan İrana hücum edilmişdi:


 
"Şəffaqlıq təmin edilmədikcə mövzu ətrafında müxtəlif şayiələr, fikir, bəyanat və ehtimallar yaranır. Nəticədə, nüvə proqramı sahəsində şəffaflığın təmin edilməməsilə İran hakimiyyəti ətrafında siyasi gərginlik artır. Bu da öz növbəsində İranda problem yaradır. Uzun illərdir ki, İranın nüvə proqramı ilə bağlı buna oxşar çoxsaylı bəyanatlar verilir. Son dövrlər İranın çirkli atom bombası hazırlaması, uranın 20, 60, son məlumatlarda isə hətta 83 faiz zənginləşdirmə qabiliyyətinə malik olduğu barədə ehtimallar səslənib. Rusiyanın Ukraynada başladığı müharibədən sonra İranın nüvə məsələsi bir qədər də aktuallaşıb. Ehtimal olunur ki, İranın Rusiyaya silah, raket, PUA-lar verməsi qarşılığında  Moskva da Tehrana nüvə silahı əldə etmək üçün layihələr, raketlər verə bilər. Digər tərəfdən, İranın atom-nüvə sahəsində şəffaflığı təmin etməməsi də şübhələri artırır. Bu şübhələr də öz növbəsində İran ətrafında sanksiyalar halqasını daraldır. Tehranın nüvə silahı istehsal etməsi məsələsi ciddi olsaydı, çoxdan İrana hücum edilmişdi”. 
 
Ekspertin fikrincə, Pentaqon rəsmisinin həmin bəyanatı İrana qarşı növbəti iqtisadi sanksiyaların tətbiqi üçün əsas ola bilər:
 
"AEBA-nın baş direktoru bu yaxınlarda İrana səfər edəcək. Bu səfər fonunda İranın davranışı Pentaqon rəsmisinin verdiyi bəyanatı yanlış çıxara bilər”. 

Qeyd edək ki, ABŞ müdafiə nazirinin siyasət üzrə müavini Kolin Kal İranın təxminən 12 gün ərzində bir nüvə bombası üçün kifayət qədər parçalanan material istehsal edə biləcəyini deyib. "Bayden administrasiyası niyə Birgə Kompleks Fəaliyyət Planını (JCPOA) canlandırmaq istəyir?” sualına cavabında o bildirib ki, ABŞ JCPOA-dan çıxdıqdan sonra İran nüvə məsələsində irəliləyiş edib. Hələ 2018-ci ildə, əvvəlki administrasiya JCPOA-dan çıxmaq qərarına gələndə, İranın bir bomba üçün parçalanan material istehsal etməsi təxminən 12 ay çəkəcəkdi, indi isə bu, təxminən 12 gündür".  

Xatırladaq ki, 2015-ci ildə İran, ABŞ, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya və Çin İrana qarşı iqtisadi sanksiyaların ləğvi müqabilində Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıb. Lakin Trampın hakimiyyəti dövründə ABŞ sazişdən çıxıb və Tehrana qarşı sanksiyaları bərpa edib. Bundan sonra rəsmi Tehran zənginləşdirilmiş uran ehtiyatlarını çoxaldıb və 2020-ci ildə müqavilədən tamamilə çıxıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->