Xəbər lenti

İnsanlıq üçün böyük ümid: Səhiyyə sahəsində 9 mühüm yenilik
Sağlamlıq 08:45 27.12.2025

İnsanlıq üçün böyük ümid: Səhiyyə sahəsində 9 mühüm yenilik

Büdcə ixtisarları, kiçilən tədqiqat qrupları və qlobal qeyri-müəyyənliklərlə yadda qalan bir ilə baxmayaraq, elm dünyası 2025-ci ildə insan sağlamlığına dərin təsir göstərəcək diqqətçəkən nailiyyətlərə imza atıb. 

Qaynarinfo xəbər verir ki, qadın sağlamlığından genetik xəstəliklərə, HİV-dən xərçəngin qarşısının alınmasına qədər uzanan bu yeniliklər müasir tibbin istiqamətini yenidən formalaşdırır. Elm dünyasının bu ilə damğa vuran 9 əsas addımı təqdim olunur.

Elm adamları bu il yalnız xəstəliklərin müalicəsini deyil, onların yaranmasının qarşısını almağı hədəfləyən üsullar hazırlayıb. Bəzi tədqiqatlar bir uşağın həyatını xilas edib, digərləri isə milyonlarla insanın gələcəyinə təsir göstərə biləcək potensiala malikdir. 

2025-ci ildə elmdə ön plana çıxan doqquz böyük irəliləyiş aşağıdakılardır:

1. Klimaksda inqilab



Klimaks (menopauza) dünya üzrə milyonlarla qadının həyat keyfiyyətinə təsir edən təbii prosesdir. Qadınların 80 faizindən çoxu bu dövrdə isti basmaları, gecə tərləmələri, yuxu pozuntuları və diqqət dağınıqlığı yaşayır. Uzun illər hormon əvəzedici terapiya bu əlamətlərin ən təsirli həlli hesab edilsə də, bir çox qadın üçün hormon istifadəsi ciddi sağlamlıq riskləri yaradır.

2025-ci ildə bu sahədə tarixi hədd aşılıb. ABŞ Qida və Dərman Administrasiyası "Lynkuet" (elinzanetant) adlı yeni preparatı təsdiqləyob. Bu dərman 2023-cü ildə təsdiqlənmiş "Veozah" (fezolinetant) ilə birlikdə menopauza müalicəsində hormonal olmayan yeni dövrün əsasını qoyub.

Bu preparatlar beynin hipotalamus nahiyəsində yerləşən və bədən temperaturunu tənzimləyən xüsusi sinir hüceyrələrini hədəfləyir. Elm adamları klimaks zamanı bu neyronların estrogen dalğalanmalarına qarşı həddindən artıq həssaslaşdığını müəyyən edib. Gündəlik həb formasında qəbul edilən bu müalicələr hormon tərkibli olmadan orta və ağır isti basmalarını əhəmiyyətli dərəcədə azaldır. Mütəxəssislərə görə, bu inkişaf xüsusilə xərçəng keçmişi olan qadınlar üçün mühüm dönüş nöqtəsidir.

2. Uşaqlar üçün iynəsiz allergiya dərmanı: həyat xilas edən burun spreyi



Qida allergiyaları bu gün hər 13 uşaqdan birinə təsir edir və ağır allergik reaksiyalar ölümcül ola bilər. Belə hallarda epinefrin tətbiqi həyati əhəmiyyət daşıyır. Lakin "EpiPen" kimi oto-inyektorlar iynə qorxusu səbəbilə uşaqlarda və baxıcılar tərəfindən hər zaman vaxtında istifadə edilmir.

2025-ci ildə bu problemə köklü həll tapılıb. Reçetlə satılan "Neffy" adlı burun spreyi uşaqlar üçün epinefrin tətbiqində son 30 ildən çox müddətdə edilən ilk böyük yenilik kimi təsdiqlənib. İynəsiz bu üsul dörd yaşdan yuxarı və 15–30 kiloqram çəkidə olan uşaqlar üçün nəzərdə tutulub.

"Neffy" burun selikli qişasındakı hüceyrələr arasındakı boşluğu müvəqqəti genişləndirən xüsusi texnologiya sayəsində dərmanın sürətlə qana qarışmasını təmin edir. Mütəxəssislər bu spreylə xüsusilə məktəb yaşlı uşaqlarda müdaxilənin asanlaşacağını və allergik fövqəladə hallarda həyat qurtarma ehtimalının artacağını bildirir.

3. Rejenerativ tibbdə elmi fantastikanı reallığa yaxınlaşdıran inkişaflar



İtirilmiş orqan və ya ətrafların yenidən böyüməsi uzun illər elmi fantastikanın mövzusu olub. Lakin 2025-ci ildə bu xəyal reallığa bir addım daha yaxınlaşıb. Elm adamları ətraflarını yenidən böyüdə bilən salamandraları tədqiq edərək regenerasiyanın molekulyar əsaslarını ortaya çıxarıb.

Araşdırmalar ətraf yenilənməsi üçün kritik olan retinoid turşusu səviyyəsini tənzimləyən fermenti və ətrafın ölçüsünü müəyyən edən əsas geni müəyyən edib. İnsanlarda da oxşar molekulyar strukturların mövcudluğu gələcəkdə travmatik zədələrdən sonra ətrafların bərpasına dair ümidləri artırıb.

Eyni ildə rejenerativ tibb ürək xəstəliklərində də mühüm mərhələyə çatıb. Elm adamları meymunlar üzərində ürək divarını gücləndirən ilk implantasiya edilə bilən ürək yamasını uğurla sınaqdan keçirib. Laboratoriyada kök hüceyrələrdən istehsal olunan bu toxuma ürəyə inteqrasiya edilərək ürək çatışmazlığı üçün yeni müalicə imkanı yaradıb. Bundan əlavə, ilk dəfə kök hüceyrələrdən funksional sidik axarı toxuması istehsal olundu ki, bu da böyrək sisteminin yenilənməsi yolunda kritik addım hesab edilir.

4. Cinsi yolla ötürülən infeksiyalarda evdə diaqnostika dövrü



ABŞ-da hər il iki milyondan çox insana cinsi yolla ötürülən infeksiya diaqnozu qoyulur. Lakin bir çox hal əlamətsiz keçdiyi üçün aşkarlanmır və bu da xəstəliyin yayılmasına, sonsuzluq kimi ciddi fəsadlara yol açır. 2025-ci ildə bu sahədə mühüm yeniliklər tətbiq olunub.

"Teal Wand" adlı sistem qadınlara ev şəraitində vaginal nümunə götürərək HPV skrininqi aparmaq imkanı yaradır. Qısa onlayn məsləhətləşmədən sonra reseptlə verilən bu cihaz xüsusilə uşaqlıq boynu xərçəngi müayinələrində iştirak səviyyəsini artırmağı hədəfləyir.

Bundan əlavə, reseptsiz satılan "Visby" testi qonoreya, xlamidiya və trixomoniazı evdə 30 dəqiqə ərzində aşkarlaya bilir. Mütəxəssislərə görə, bu cür testlər erkən diaqnoz vasitəsilə həm fərdi, həm də ictimai sağlamlığın qorunmasında mühüm rol oynayacaq.

5. Tək bir uşaq üçün hazırlanmış fərdiləşdirilmiş gen terapiyası



"CRISPR-Cas9" gen redaktə texnologiyası son illərdə genetik xəstəliklərin müalicəsində inqilab yaradıb. Lakin 2025-ci ildə bu texnologiya ilk dəfə yalnız bir xəstə üçün xüsusi hazırlanmış müalicədə istifadə olunub.

Filadelfiya Uşaq Xəstəxanasında həkimlər nadir və ölümcül metabolik xəstəliklə doğulan körpə üçün fərdiləşdirilmiş gen terapiyası hazırlayıb. Körpədə ammonyakın bədəndə yığılmasına səbəb olan tək genetik mutasiya aşkar edilib. Normalda bu xəstəliklə doğulan körpələrin təxminən yarısı həyatını itirir.

"CRISPR" aləti lipid nanopartiküllər vasitəsilə qaraciyərə çatdırıldı və qüsurlu gen düzəldilib. İlkin nəticələr körpənin sağlamlığında dramatik yaxşılaşma olduğunu göstərib. Bu hadisə gələcəkdə nadir xəstəliklərin fərdi şəkildə müalicə edilə biləcəyi dövrün başlanğıcı kimi qiymətləndirilir.

6. HİV-in qarşısının alınmasında ildə iki dəfə inyeksiya



HİV qlobal miqyasda hələ də ciddi ictimai sağlamlıq problemi olaraq qalır. Gündəlik həb şəklində olan PrEP müalicələri təsirli olsa da, müntəzəm istifadə səviyyəsi aşağıdır. 2025-ci ildə FDA ildə cəmi iki dəfə tətbiq edilən "Yeztugo" (lenakapavir) adlı PrEP inyeksiyasını təsdiqləyib. 

Klinik tədqiqatlar bu preparatın HİV yoluxmasını demək olar ki, tam qarşısını aldığını göstərib. Ümumdünya Səhiyyə Təşkilatı bu inkişafı HİV-lə mübarizədə tarixi dönüş nöqtəsi adlandırıb.
 
7. Peyvəndlərin infeksiyadan kənar qoruyucu gücü



2025-ci ildə aparılan tədqiqatlar peyvəndlərin yalnız infeksiyalardan deyil, infarkt, insult və demensiya riskindən də qoruya biləcəyini göstərib. Zona peyvəndi olunan şəxslərdə insult riski 16 faiz, infarkt riski isə 18 faiz azalıb. 

Eyni zamanda COVİD-19 mRNT peyvəndi olunan bəzi xərçəng xəstələrinin müalicəyə daha yaxşı cavab verdiyi və daha uzun yaşadığı müşahidə edilib. Elm adamları bu təsirlərdə immun sisteminin ümumi gücləndirilməsinin rol oynadığını düşünür.

8. Mədəaltı vəzi xərçəngini yaranmadan dayandırmaq ümidi



Mədəaltı vəzi xərçəngi adətən gec mərhələdə aşkarlanması səbəbindən ən ölümcül xərçəng növlərindən biridir. 2025-ci ildə aparılan tədqiqatlar xəstəliyin erkən mərhələdə, hətta başlamadan dayandırıla biləcəyinə dair ümid verib. 

Araşdırmalar "FGFR2" adlı zülalın bloklanmasının erkən mərhələli mədəaltı vəzi hüceyrələrinin xərçəngə çevrilməsinin qarşısını ala bildiyini ortaya qoyub. Bu zülalı hədəfləyən dərmanların artıq mövcud olması yüksək risk qrupundakı şəxslər üçün profilaktik müalicələrin yolunu aça bilər.

9. İnsan bədəninin ən əhatəli atlası yaradıldı



Böyük Britaniya mərkəzli "UK Biobank" layihəsi 100 min könüllüdən əldə edilən bir milyarddan çox görüntü əsasında insan bədəninin indiyə qədərki ən ətraflı atlasını hazırlayıb.

Beyin, ürək, sümüklər, damarlar və daxili orqanlara dair detallı məlumatlar xəstəliklərin erkən diaqnostikasında inqilab yarada biləcək səviyyədədir. Bu məlumatlar sayəsində elm adamları ürək xəstəliklərinin əlamətləri ilə beyin sağlamlığı arasında güclü əlaqəni üzə çıxarıb. Mütəxəssislərə görə, bu atlas qarşıdakı illərdə minlərlə elmi tədqiqatın əsasını təşkil edəcək.

Xəbər "National Geographic" nəşrinin "9 medical breakthroughs that gave us hope in 2025" başlıqlı materialı əsasında hazırlanıb.

Aydın
--> -->