Misir zəngin tarixi abidələri və təbiət möcüzələri ilə turistləri cəlb edir - Nil çayındakı məzar və məbədlərdən tutmuş Qırmızı dənizin sualtı aləminə qədər. Lakin bu ölkə qadın səyyahlar, xüsusən də təkbaşına səyahət edənlər üçün hər zaman rahat olmaya bilər.
Qaynarinfo xəbər verir ki, səyahət jurnalisti Loren Kit öz təcrübəsinə əsaslanaraq "Lonely Planet" üçün qadın turistlərə faydalı ola biləcək altı məsləhət paylaşıb.
1. Təşkil olunmuş tur, yoxsa müstəqil səyahət?
Lorenin sözlərinə görə, Misir müstəqil turistlər üçün o qədər də əlverişli deyil – qədim abidələrdə göstəricilərin çatışmazlığı, həmçinin sıx və mürəkkəb ictimai nəqliyyat buna misaldır. Ona görə də ilk dəfə ölkəyə gedənlərə təcrübəli bələdçi ilə tur seçmək tövsiyə olunur. Qadınlar üçün yalnız xanımların qatıldığı qruplar da mövcuddur, amma onlar daha baha başa gəlir. Təcrübəli səyyahlar isə təşkil olunmuş turdan sonra bir neçə gün əlavə edərək müstəqil gəzinti üçün hazırlıqlı ola bilərlər.
2. Qadınlar Misirdə necə geyinməlidirlər?
Jurnalist vurğulayır ki, Giza piramidalarının qarşısında başqa cür davranan influenserlər görsəniz belə, Misirdə təvazökar geyim vacibdir. Qadınlara dizləri, çiyinləri və sinə dekoltesini örtən geyimlər tövsiyə olunur. Məscidlərə daxil olarkən isə baş örtüyü, uzun qollu və topuğa qədər geyimlər mütləqdir.
3. Nəqliyyat vasitələrinin seçimi
Misir şəhərlərində "Uber", "Careem" və "InDrive" kimi tətbiqlər qadınlar üçün daha təhlükəsizdir, çünki həm qiymətdə sövdələşmə zərurətini aradan qaldırır, həm də yaxınlarınıza yerinizi paylaşmağa imkan verir. Loren həmişə arxa oturacaqda əyləşməyi məsləhət görür. Bundan əlavə, Qahirə metrosunda qadınlara məxsus vaqonlar mövcuddur və onlar adətən daha az sıx olur. Pik saatlarda mikroavtobuslardan istifadə isə arzuolunan deyil.
4. Yaşayış üçün ən yaxşı variantlar
Kurort otelləri ilə yanaşı, Qahirə, Luksor və Asvanda münasib qiymətli hostellər də tapmaq mümkündür. Lakin ucuz mehmanxanaların bir qismi şübhəli ola bilər. Daha etibarlı variant kimi beynəlxalq otel şəbəkələri göstərilir.
5. Axşam gəzintiləri təhlükəsizdirmi?
Qahirə və Luksor kimi şəhərlərdə axşam həyatı aktivdir və insanların küçədə olması qadınlar üçün əlavə təhlükəsizlik yaradır. Xüsusilə Ramazan ayında şəhərlər gecəyarısına qədər canlı olur.
Bununla belə, yalnız kişilərin toplandığı restoran və barlardan uzaq durmaq, əvəzində qarışıq və ya qadın qruplarının olduğu yerləri seçmək tövsiyə edilir.
6. Qadınlara qarşı təqib halları
Loren bildirir ki, küçədə kişilərin xoşagəlməz sözləri və baxışları ilə rastlaşmaq mümkündür. Ən yaxşı davranış bu halları görməzlikdən gəlməkdir. Daha ciddi təqiblər nisbətən az təsadüf olunur. Turistlər üçün daha çətin məqam isə suvenir satıcılarının və taksi sürücülərinin israrlı davranışıdır. Jurnalist qadınlara məsləhət görür ki, maraq göstərmədikdə açıq şəkildə "yox" deməkdən çəkinməsinlər.
Ümumilikdə, Lorenin sözlərinə görə, Misirdə qadın turistlər üçün üstünlüklər çətinliklərdən qat-qat çoxdur.
Aydın
Şərhlər