Xəbər lenti

İki nəfər Anar Əsədliyə qarşı tələbinin olmadığını bildirib (MƏHKƏMƏ)
Ölkə 22:02 06.05.2026

İki nəfər Anar Əsədliyə qarşı tələbinin olmadığını bildirib (MƏHKƏMƏ)

Hazırda həbsdə olan fəaliyyəti dayandırılmış Azərbaycan Yüksəliş Partiyasının keçmiş sədri Anar Əsədlinin məhkəmə prosesi davam edir. İş üzrə dörd nəfər zərərçəkmiş şəxs qismində tanınıb və məhkəmə iclaslarında onların ifadələri araşdırılır.

Qaynarinfo xəbər verir ki, Anar Əsədli ötən ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi – külli miqdarda dələduzluq törətməkdə təqsirləndirilir.

Müdafiə tərəfi isə zərərçəkmiş şəxslərlə Anar Əsədli arasında münasibətlərin borc xarakterli və mülki hüquq münasibətləri çərçivəsində olduğunu bildirir. Bu səbəbdən ona qarşı irəli sürülən etibardan sui-istifadə etməklə pul vəsaitlərini ələ keçirmə ittihamının əsassız olduğu qeyd olunur.

Zərərçəkmiş şəxslərdən ikisi – Tamara Allahverdiyeva və İlham Hüseyn artıq məhkəmədə iştirak edərək, onlara olan borcun qaytarıldığını və Anar Əsədliyə qarşı heç bir tələblərinin olmadığını təsdiqləyən sənədlər təqdim ediblər. Bildirilir ki, hər iki şəxsin borcu Anar Əsədlinin sonuncu həbsi öncəsi ödənilib.

Məhkəmə iclasında Tamara Allahverdiyeva ifadəsində Anar Əsədliyə qarşı öz istəyi ilə şikayət etmədiyini, şikayət ərizəsini təzyiq altında təqdim etdiyini bildirib.

İlham Hüseynlə bağlı isə qeyd olunub ki, onun 2020-ci il parlament seçkiləri zamanı Anar Əsədlinin komanda üzvü kimi xərclədiyi vəsait son həbsdən əvvəl geri qaytarılıb. O da məhkəməyə təqdim etdiyi sənəddə Anar Əsədliyə qarşı hər hansı tələb irəli sürmədiyini və iddia olunan ziyanın ödənildiyini təsdiqləyib.

Digər zərərçəkmiş şəxs Etibar Nəsirov 1 may 2026-cı il tarixli məhkəmə iclasında bildirib ki, Anar Əsədli ondan 5 min ABŞ dolları borc alıb və bunun 2 min dollarını geri qaytarıb. Müdafiə tərəfinin sözlərinə görə, qalan 3 min dolların qaytarılması üçün vəkil tərəfindən Etibar Nəsirovla əlaqə saxlanılıb və ödənişin notariat qaydasında rəsmiləşdirilməsi təklif edilib. Lakin Etibar Nəsirov bu şərtlə razılaşmayıb.

Buna baxmayaraq, Anar Əsədli məhkəmədə çıxışı zamanı Etibar Nəsirova olan qalan borcunu qaytarmağa hazır olduğunu bir daha bəyan edib.

Sonuncu zərərçəkmiş şəxs Oktay Qasımovla bağlı isə müdafiə tərəfi bildirir ki, ona borc qismində verilən vəsait pul və daşınmaz əmlak təqdim olunmaqla ödənilib. Bu baxımdan əlavə pul tələbinin əsassız olduğu qeyd edilir.

Qeyd edək ki, Anar Əsədli ötən ilin oktyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilir.
--> -->