Avropaya səyahətin əsas səbəblərindən biri təkcə çimərliklər və ya Alp dağları deyil, həm də Köhnə Dünyanın bənzərsiz tarixi atmosferidir. Orta əsr qalaları və qədim şəhər küçələri turistlər üçün xüsusi cazibə yaradır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Travel off Path” yazır.
Məqalədə Avropada az tanınan, lakin tarixi və memarlıq baxımından olduqca dəyərli 5 şəhər təqdim olunur:
Pula, Xorvatiya
Adriatik dənizi sahilində yerləşən Pula turist axınının nisbətən kənarında qalan şəhərlərdən biridir. Burada firuzəyi sularla əhatələnmiş çınqıllı çimərliklər, pastel rəngli Venesiya üslublu binalar və dəniz məhsulları təklif edən sakit restoranlar mövcuddur.
Şəhərin ən böyük tarixi mirası isə Avropada ən yaxşı qorunmuş Roma amfiteatrlarından biridir. I əsrdə tikilmiş bu arena demək olar ki, tam şəkildə günümüzə qədər gəlib çatıb və məşhur Roma Kolizeyinə alternativ kimi təqdim olunur.
Luqo, İspaniya
Qalisiya bölgəsində yerləşən Luqo qədim Roma imperiyasının az tanınan qalalarından biridir. Şəhər tam şəkildə qorunmuş Roma divarları ilə əhatələnib və UNESCO-nun Dünya irsi siyahısına daxildir.
Divarların uzunluğu təxminən 2,1 km-dir və onları piyada gəzmək mümkündür. Şəhərin mərkəzində isə Roma, qotik və barokko elementlərini birləşdirən Santa-Mariya kilsəsi yerləşir.
Plovdiv, Bolqarıstan
Plovdiv Roma dövründə Filipopol adı ilə tanınırdı və imperiyanın mühüm mərkəzlərindən biri olub. Şəhərdə forum, hamamlar, amfiteatr və hipodrom kimi qədim tikililərin izləri bu gün də qorunub saxlanılır.
Ən diqqətçəkən abidə isə təpə üzərində yerləşən qədim Roma teatrıdır. Daş döşənmiş küçələr və rəngli tarixi evlər şəhərə xüsusi atmosfer verir.
Oranj, Fransa
Provens bölgəsində yerləşən Oranj şəhəri son dərəcə yaxşı qorunmuş Roma teatrı ilə məşhurdur. UNESCO tərəfindən qorunan bu abidənin səhnə arxa divarı 37 metr hündürlüyündədir və bu günə qədər tam şəkildə saxlanılıb.
Ravenna, İtaliya
Ravenna Qərbi Roma imperiyasının keçmiş paytaxtı olub və erkən xristian dövrünün ən mühüm mərkəzlərindən sayılır. Şəhər VI əsrə aid bazilikaları və parlaq mozaikaları ilə seçilir.
Santis-Apollinare-Nuovo bazilikasında 26 mozaika paneli İncil süjetlərini təsvir edir. San-Vitale bazilikasında isə imperator Yustinian və imperatriça Teodoranın məşhur mozaik portretləri yerləşir.
Aydın
Şərhlər