Fransa Avropa İttifaqında Belçikanın "Euroclear” şirkətindən sonra dondurulmuş Rusiya aktivlərinin həcminə görə ikinci yeri tutur. Paris artıq iki ildən çoxdur ki, bu vəsaitlərin hansı banklarda saxlanıldığını açıqlamır.
Qaynarinfo "Financial Times”a istinadla xəbər verir ki, Fransa Rusiya Mərkəzi Bankının 18 milyard avroluq rezervlərinin hansı maliyyə qurumlarında yerləşdirilməsi barədə məlumat vermir və hesablanmış faizlərin necə istifadə olunduğunu da bank sirri səbəbilə açıqlamır. Bu isə Aİ ölkələrində getdikcə artan narazılıq
doğurur.
Bu aktivlərə maraq, Avropa Komissiyasının Ukrayna üçün nəzərdə tutduğu "reparasiya krediti” planı səbəbindən daha da güclənib. Yeni təklifə görə, kredit yalnız Brüsseldə yerləşən "Euroclear”ın idarə etdiyi 185 milyard avro ilə deyil, bütün Aİ üzrə dondurulmuş aktivlərlə təmin olunmalıdır. Belçika hesab edir ki, yük yalnız "Euroclear”ın üzərinə düşə bilməz, çünki bu vəziyyət şirkəti Moskvanın cavab tədbirlərinə və maliyyə risklərinə həddindən artıq həssas edir.
Fransız rəsmiləri reparasiya kreditinin ideyasını dəstəkləsələr də, kommersiya banklarında saxlanılan aktivlərin cəlb olunmasına qarşı çıxırlar. Səbəb: bu bankların öhdəlikləri "Euroclear”ın müqavilə şərtlərindən fərqlidir.
FT-nin məlumatına əsasən, Aİ ölkələrinin dondurduğu Rusiya aktivlərinin həcmi belədir:
Belçika — 192 mlrd avro
Fransa — 18 mlrd
Almaniya — 200 mln
Kipr — 100 mln-dan az
İsveç və Lüksemburq — təxminən 10 min avro
Qəzet qeyd edir ki, "Euroclear”dan kənarda Aİ boyunca dondurulan əlavə 25 milyard avronun demək olar ki, hamısı Fransa və Belçika kommersiya banklarında yerləşir. Fransanın 18 milyard avrosu əsasən özəl banklardadır. FT-nin mənbələri ehtimal edir ki, vəsaitlərin böyük hissəsi Fransa nəhəngi "BNP Paribas”da ola bilər, lakin bank bunu şərh etmir. "Crédit Agricole”, "Société Générale”, həmçinin Belçikanın KBC və "Belfius” bankları da məxfilik səbəbilə məlumat vermirlər.
"Euroclear”ın Rusiya aktivlərinə faiz ödəmək öhdəliyi olmadığı üçün bu şirkət onların bloklanmasından "gözlənilməz gəlir” əldə edib:
— 2023-cü ildə 5,4 mlrd avro,
— 2024-cü ilin ilk yarısında 2,4 mlrd avro.
Bu vəsaitin böyük bölümü Ukraynaya verilən kreditin maliyyələşdirilməsinə yönəldilib.
Kommersiya bankları isə, əksinə, Rusiya tərəfinə depozitlər üzrə faiz ödəməyə məcbur ola bilərlər. Şərtlər bankdan banka dəyişir və bəzi banklar artıq bu faizləri yığıb.
Parisdəki mənbələrdən biri deyib: "Fransız bankları bu məsələdə ardıcıldır – heç bir müzakirədə iştirak etmək istəmirlər”.
Fransa rəsmiləri – nə Yelisey sarayı, nə Maliyyə Nazirliyi, nə də Mərkəzi Bank aktivlərin dəqiq harada saxlanıldığını açıqlamır. Yalnız o məlumdur ki, müharibənin əvvəlində Paris sanksiya altındakı rus oliqarxlarının yaxtalarını və daşınmaz əmlakını müsadirə edib və Rusiya Mərkəzi Bankının təxminən 22 milyard avrosunu dondurduğunu bildirib. Həmin vaxt Fransa maliyyə kəşfiyyatı Tracfin məlumat vermişdi ki, böyük banklardan biri Moskvanın bu vəsaitləri repatriasiya etmək cəhdini aşkar edib.
Reparasiya krediti məsələsi iki həftəyə keçiriləcək Aİ sammitində müzakirəyə çıxarılacaq və məhz Fransanın mövqeyi əsas gərginlik amillərindən biri sayılır.
Qeyd edək ki, Avropa Komissiyası 3 dekabrda dondurulmuş Rusiya aktivlərinin Ukrayna üçün kredit təminatı kimi istifadəsi ilə bağlı gözlənilən təklifini açıqlayıb. "The Economist” yazır ki, söhbət təxminən 210 milyard avrodan gedir.
Təklifə görə:
* əvvəlcə Ukrayna 90 milyard avro ala bilər,
* zamanla bu məbləğ əhəmiyyətli dərəcədə arta bilər.
Bu, ölkənin hökumət xərclərini və hərbi ehtiyaclarını bir neçə il maliyyələşdirməyə imkan verəcək. Lakin aktivlərin böyük hissəsinin saxlandığı Belçika həmin ideyanı tənqid edir.
Aİ-nin yeddi ölkəsinin liderləri – Estoniya, Finlandiya, İrlandiya, Latviya, Litva, Polşa və İsveç – Brüsseli təklifin tez bir zamanda nəzərdən keçirilməsinə çağırıb.
Alpər
Şərhlər