"Finoko" Bank Olmayan Kredit Təşkilatı (BOKT) Açıq Səhimdar Cəmiyyəti (ASC) barəsində yol hərəkəti qaydaları əleyhinə olan (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) inzibati xəta protokolu tərtib olunub.
Qaynarinfo-nun məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə irəli sürülüb və işə məhkəmədə baxılıb.
Məlum olub ki, "Finoko" BOKT-un balansında olan "AE" seriyalı "Chevrolet Cruze" markalı nəqliyyat vasitəsini idarə edən sürücü inzibati xəta törədib. Həmin avtomobili idarə etmiş fiziki şəxs haqqında məlumatın tələb edilməsinə dair səlahiyyətli orqanın sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə cavab verilməyib.
Məhkəmənin qərarı ilə "Finoko" BOKT İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinib və 300 manat məbləğində inzibati cərimə edilib.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə vəzifəli şəxslər 150 manat, hüquqi şəxslər 300 manat məbləğində cərimə olunur.
Aydın
Şərhlər