Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, müqavilədə 10 ədəd yanğınsöndürən avtomobilin satın alınması nəzərdə tutulur. Buna görə zavoda 4 680 286 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi 11 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Gəncə şəhəri S.Rəhimov küçəsi, ev 1-də yerləşən zavodun qanuni təmsilçisi Əliyev Amin Allahverdi oğludur.
Amin Əliyev zavodda direktor vəzifəsində çalışır. Ondan əvvəl zavoda Bağban Nəbiyev rəhbərlik edib. Onun müavini olan Amin Əliyev 2023-cü ildə direktor vəzifəsinə təyina olunub.
Mediada gedən məlumatlara görə, zavodun faktiki rəhbəri deputat Xanlar Fətiyevdir. Xanlar Fətiyev deputat olmamışdan əvvəl iş adamı kimi tanınıb. O, 1992-ci ildən "Betonçu" kooperativinin mühəndisi, sədri, 1994-cü ildən "Elruz" kiçik müəssisəsinin sədri, 1997-ci ildən "Avestas" firmasının baş direktoru, 2003-cü ildən "Aznur" MMC-nin baş direktoru vəzifəsində işləyib. Xanlar Fətiyevlə bağlı bioqrafik məlumatlardan aydın olur ki, o, 2004-2011-ci illərdə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin direktoru vəzifəsində çalışıb. Hazırda isə zavodun Müşahidə Şurasının sədridir.
Xanlar Fətiyev 2010-cu ildən deputatdır. O, IV və V çağırış Milli Məclisdə 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsini təmsil edib. Hazırki parlamentin iclaslarına isə 98 saylı Bərdə-Tərtər seçki dairəsini təmsilçisi kimi qatılır.
Seyid
Şərhlər