Xəbər lenti

Azərbaycanda urbanizasiya sürətlənir: Kəndlər niyə boşalır?
Ölkə 18:36 18.11.2025

Azərbaycanda urbanizasiya sürətlənir: Kəndlər niyə boşalır?

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda qeydiyyata alınmış işsiz əhalinin sayı 236 000 nəfər, məşğul əhalinin sayı isə təxminən 5 000 000 nəfər təşkil edir. Rəsmi rəqəmlərə görə, əhalinin 2,3 milyon nəfəri, qeyri-rəsmi məlumatlara görə isə 4 milyona yaxını Bakıda yaşayır. Doğulduğu rayonda, yaşadığı kənddə iş tapa bilməyən əhali Bakıya köç edir. Nəticədə paytaxt əhalisinin sayı hər gün artır.

Sakinlər havası, suyu, meyvə-tərəvəzi təmiz və bol olan kəndlərini niyə tərk edib, darısqal şəhərə sığınırlar?

İqtisadçı ekspert Rəşad Həsənov Qaynarinfo-ya açıqlamasında bunun mürəkkəb olduğu qədər, eyni zamanda sosioloji və iqtisadi bir proses olduğunu bildirib:

"Son ildə Azərbaycanda həm tənzimlənməyən urbanizasiya, həm nəzarət olunmayan daxili miqrasiya prosesi müşahidə olunmaqdadır. Bunun nəticəsi də göz önündədir, əhalinin iki nəfərindən biri paytaxt və onun ətrafında yaşayır. Yalnız bunu bir faktorla əsaslandırmaq çətindir. Ümumiyyətlə, dünyada təbii urbanizasiya prosesi gedir. İnsanlar, xüsusi ilə də bugünkü informasiyanın əlçatanlığı, sosial şəbəkələr və s. həyat tərzinin müqayisəsi imkanlarının genişlənməsi insanları şəhər həyat tərzinə doğru meyillənməsini bir yerdə təşviq edir. Dünyada sürətli urbanizasiya baş verir və gənc nəsil şəhərə doğru can atır. Gənc nəsil bu həyat tərzinə üstünlük verir. Sosial infrastrukturun ucqar bölgələrdə zəif olması, sosiallaşma imkanlarının məhdudluğu, aşağı keyfiyyətli təhsil və səhiyyə xidmətləri, eyni zamanda asudə vaxtın səmərəli keçirilməsi ilə bağlı normal mühitin olmaması və yaxud da bu resursların çatışmaması insanları bu və ya dugər şəkildə şəhərə meyillənməyə təşviq edir. Amma eyni zamanda məsələ bununla bitmir".

Rəşad Həsənovun sözlərinə görə, bu, fərdlərin davranışlarından qaynaqlanan bir proses olduğundan, müəyyən bir qrupun müvafiq səbəblərdən kəndlərdə yaşamadığını, şəhərlərə üz tutduğunu deməyə əsas verir:

"Amma digər bir qrup var ki, bu dediyimiz məsələlər onlar üçün həlledici deyil. Bunlar artıq iqtisadi faktorlardır. Müşahidə etdik ki, insanların əhəmiyyətli hissəsi bölgələrdə, ucqarlarda iş yerinin olmaması, kənd təsərrüfatının fəaliyyəti sayəsində mənfəət normasının aşağı olması və gəlir səviyyəsinin çox aşağı olması kimi faktorlar onları müxtəlif yerlərə iş üçün köçməyə, miqrasiya getməyə məcbur edir. Bu yalnız ölkənin daxilində baş vermir. Ölkənin daxili şəhərlərinə doğru deyil, eyni zamanda müxtəlif ölkələrə, digər istiqamətlərə xüsusən də qeyri-peşəkar əmək gücünün hərəkətinə baxsaq, bu, daha çox Rusiya və Türkiyədə özünü göstərir. Bunlar köç etmək məcburiyyətində qalırlar".
 


Rəşad Həsənov burada problemin köklü olduğunu qeyd edib:

"Son 30 ildə Azərbaycanda ölkə daxilində ciddi şəkildə qeyri-bərabər, disproporsional inkişaf baş verir. Ölkə daxilində regionların tarazlıq inkişafı məsələsi siyasətin prioriteti olmadı. Burada paralel olaraq siyasi faktorları da məsələyə aid etmək olar. İnsanlar şəhərlərdə, böyük icmalarda özlərini qismən özgür, daha sərbəst və azad hesab edirlər. Amma regionlarda, kiçik icmalarda bu mümkün olmur. Ölkənin mövcud idarəetmə sisteminin formalaşdırdığı bu sərt mühit insanları bəzən qaçmağa məcbur edir. Onlar öz icmalarının inkişafında birbaşa iştirak edə bilmirlər, seçkilərdə sərbəst iştirak və seçmək hüququ olmur. Yerli  özüniidarəetmə orqanlarının fəaliyyəti qənaətbəxş deyil və burada iştirakçılığın artıq faydaları da görünmür. Eyni zamanda icra hakimiyyəti institutunun diqtəedici, sərt məhdudlaşdırıcı idarəetmə modeli insanları artıq qaçmağa vadar edir. Bu da başqa bir faktor kimi çıxış edir. Bu gün ucqarlarda yaşamaq Azərbaycan vətəndaşlarının baxışları, davranışları aspektindən əlverişli olmadığı üçün biz müvafiq mənzərə ilə üz-üzə qalmışıq".

Rəşad Həsənova görə, prosesdə iqtisadi aspektdən həlledici rolu kənd təsərrüfatı oynayır:

"Çünki Azərbaycanda təəssüf ki, torpaq islahatlarının düzgün aparılmaması, eyni zamanda sonrakı dövrdə resursların qeyri-ədalətli bölüşdürülməsi, məsələn, su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı şəffaf mexanizmlərin ortaya qoyula bilməməsi Azərbaycanda intensiv təsərrüfatın inkişafını ciddi şəkildə əngəllədi. Burada eyni zamanda maarifləndirmə və məsələyə baxış da öz rolunu oynayır. Kəndli ailə təsərrüfatında  ənənəvi metodlara üstünlük verir, elmi- texnoloji nailiyyətləri öz təsərrüfatçılığında  tətbiq etmir, aqrotexniki qaydalara əməl olunmur, məhsuldarıq aşağı düşür. Bunun da nəticəsində ailə təsərrüfatının mənfəətliliyinə mənfi təsir edir. Paytaxtda tikinti sektorunda, yaxud da taksi fəaliyyəti ilə məşğul olanlar regionlarda kənd təsərrüfatı ilə məşğul olanlarla müqayisədə 2-3 dəfə çox gəlir əldə edə bilirlər. Bu kimi faktorlar iqtisadi qeyri-bərabərliyin formalaşmasını əsas şəkildə dizayn edərək belə bir vəziyyətin yaranmasına gətirib çıxardır”.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->