Paris Luvr muzeyinin 19 oktyabrda baş vermiş qarətində şübhəlilərdən birini hadisə yerində tapılan DNT izləri sayəsində tutmaq mümkün olub.
Qaynarinfo xəbər verir ki, bu barədə 27 oktyabrda BFMTV istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.
Mətbuatda "əsrin qarəti” adlandırılan hadisədən dərhal sonra kriminalistlər hadisə yerinə gedərək bir neçə saat ərzində ən kiçik izləri belə müəyyən etmək üçün ərazini diqqətlə araşdırıblar. Paris prokuroru Lor Bekko 23 oktyabrda "Ouest-France” qəzetinə açıqlamasında bildirmişdi ki, zinət əşyalarının oğurlandığı yerdə 150-dən çox DNT, barmaq izi və digər iz nümunələri aşkarlanıb.
Məhkəmə polisinin kriminalistika şöbəsinin rəhbəri Perin Roje-Tübe telekanala açıqlamasında izlərin iki növü ilə işlədiklərini deyib: "bəzən biz "zəngin izlərlə” – qan, tüpürcək, sperma ilə işləyirik, bəzən isə "zəif izlərlə”, yəni şübhəlinin toxuna biləcəyi əşyalarda qalan kontakt DNT ilə, demək olar ki, kor şəkildə işləməli oluruq”.
Məlumata görə, qarət zamanı şübhəlilər dəbilqə, radiostansiya, sarı jilet və iki bucaq kəsən (bolqar) alət kimi DNT izləri saxlaya biləcək bir neçə əşya qoyublar.
Toplanmış DNT nümunələri laboratoriyada analiz edilib və bu analiz nəticəsində şübhəlilərdən birinin genetik profili müəyyən olunub, bu da onun tutulmasına imkan verib.
Hər iki saxlanılan şəxs Parisin ətrafındakı Obervilye qəsəbəsindəndir və onların təxminən 30 yaşı var. Onların cinayətdəki rolu hələ müəyyən edilməsə də, istintaq onları əsas şübhəlilər hesab edir.
Lakin hərçənd ki, bu həftə istintaqın gedişində əldə olunmuş irəliləyişə baxmayaraq, oğurlanmış zinət əşyaları hələ də tapılmayıb.
Xatırladaq ki, 19 oktyabr səhəri maskalı və sarı jilet geyinmiş bir qrup şəxs təmir işləri üçün quraşdırılmış lift vasitəsilə Luvrun Apollon qalereyasına daxil olaraq cəmi yeddi dəqiqə ərzində bir sıra zinət əşyalarını, o cümlədən Napoleon Bonapart və imperatriça Yevgeniya kolleksiyasına aid qiymətli bəzəkləri oğurlayıb.
"Le Parisien” qəzetinin məlumatına görə, oğurlanmış zinət əşyalarının dəyəri təxminən 88 milyon avro təşkil edir.
Alpər
Şərhlər