Xəbər lenti

Dünyadakı vəziyyət elədir ki, içməyə başlamağın vaxtıdır - Kaya Kallas
Dünya 11:25 15.01.2026

Dünyadakı vəziyyət elədir ki, içməyə başlamağın vaxtıdır - Kaya Kallas

Dünyadakı hazırkı vəziyyət içməyə başlamaq üçün yaxşı məqamdır.
 
Qaynarinfo xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

"Politico”nun yazdığına görə, siyasətçi bu fikri Avropa Parlamentində siyasi qrupların liderləri ilə görüş zamanı səsləndirib. Zalda olan iki nəfərin sözlərinə görə, Kallas etiraf edib ki, spirtli içkiləri çox sevmir, lakin dünyada baş verən hadisələri nəzərə alaraq, bəlkə də indi içməyə başlamağın vaxtıdır.

Məqalə müəllifləri bildirir ki, Kallasın çıxışı Qrenlandiya və Danimarkanın xarici işlər nazirlərinin ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə Donald Trampın Arktika adasını ələ keçirməklə bağlı təhdidlərini müzakirə etdiyi vaxta təsadüf edib.

Qeyd olunur ki, Kallasın şərhləri Avropa Parlamentinin yüksəkvəzifəli deputatlarının bir-birinə yeni il münasibətilə xoş arzular bildirməsindən sonra səslənib.

Dünyadakı vəziyyət: son xəbərlər

Danimarka ABŞ tərəfindən Qrenlandiyanın mümkün anneksiyası ilə bağlı açıqlamalar fonunda adaya hərbi qüvvələr göndərib. Nuuk şəhərinə qabaqcıl bölmələr çatdırılıb, onlar daha böyük Danimarka və müttəfiq qüvvələrin yerləşdirilməsi üçün infrastruktur və logistikanı hazırlamalıdır.
 
Danimarkanın müdafiə naziri Troels Lund Poulsen 2026-cı ildə NATO-nun digər ölkələrinin iştirakı ilə Qrenlandiyada daha daimi və genişmiqyaslı hərbi mövcudluğun təmin ediləcəyini açıqlayıb və bunu Arktikada artan çağırışlara cavab kimi dəyərləndirib.

Bundan başqa, Donald Trampın İrana mümkün zərbə ilə bağlı açıq təhdidləri fonunda ABŞ gərginliyin artması səbəbindən Yaxın Şərqdəki hərbi bazalarından personalının bir hissəsini qabaqlayıcı tədbir kimi geri çəkməyə başlayıb.
 
Adı açıqlanmayan avropalı rəsmilərin sözlərinə görə, ABŞ-nin hərbi müdaxiləsi ehtimalı yüksəkdir və yaxın 24 saat ərzində başlaya bilər. İsrail mənbələri isə Trampın artıq əməliyyatla bağlı prinsipial qərar verdiyini iddia edirlər.

Aydın
--> -->