Cinsi təcavüz ittihamı ilə saxlanılan braziliyalı müdafiəçi Dani Alveş azadlığa buraxılması üçün yenidən məhkəməyə müraciət edib.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə yanvarın 20-də Barselonada diskotekada bir qadına cinsi təcavüzdə günahlandırılan braziliyalı futbolçu həbssiz mühakimə olunması üçün növbəti dəfə məhkəməyə müraciət edib. Barselonada hakim qarşısına çıxan Alveşin vəkilləri ailə vəziyyətini əsas gətirərək onun məhkəməyə qədər mühakimə olunmasını tələb ediblər.
Məhkəmə mənbələrindən İspaniya mətbuatına verilən məlumatda Alveşin övladlarının (15 və 17 yaş) may ayından etibarən Barselonada məskunlaşdığı, övladlarının isə sentyabr ayından bu şəhərdə təhsilə başlayacağı bildirilib. Vəkillər, İspaniyadan qaçma riskinin olmadığını vurğulayıb.
İddiaçı isə Alveşin uşaqlarının hələ də Meksikada olduğunu və məhkəməyə "xəyali həyat layihəsi” təqdim edildiyini bildirib. Alveşin model həyat yoldaşı Joana Sanz cinsi təcavüz iddialarından sonra keçmiş braziliyalı futbolçudan ayrıldığını açıqlasa da, rəsmi boşanma hələ baş tutmayıb.
İspaniya mətbuatı azadlığa buraxılma tələbi məhkəmə tərəfindən 3 dəfə rədd edilən Alveşin bu ərizəsinin sonuncu olduğunu yazıb.
Zorlama hadisəsi təsdiqlənərsə, İspaniyada mövcud qanunlara görə, Alveşi 1 ildən 12 ilə qədər həbs gözləyir.
Məhkəmə yaxın günlərdə qərarını verəcək.
2022-ci il dekabrın 30-na keçən gecə Barselonadakı diskotekada 23 yaşlı qadına cinsi təcavüzdə ittiham olunan futbolçu yanvarın 20-də Meksikadan Barselonaya gəldikdən sonra saxlanılıb və məhkəmə tərəfindən həbs edilib.
İfadəsini 3 dəfə dəyişdirən və son olaraq "cinsi əlaqəni etiraf etmək, həyat yoldaşına xəyanətini gizlətmək və həyat yoldaşını qorumaq üçün" yalan danışdığını bildirən 39 yaşlı Alveş "Brains 1"ə, daha sonra təhlükəsizlik səbəbiylə "Brains 2" həbsxanasına köçürülüb.
Karyerasında "Sevilya", "Barselona", "Yuventus", "PSJ" və "San Paulo" kimi komandalarda çıxış edən "sambaçı" cinsi təcavüz ittihamları ilə həbs olunduqdan sonra sonuncu klubu Meksika "UNAM"ından ayrılıb.
Səbuhi Həsənov
Şərhlər