Rus elitaları arasında Ukrayna ilə müharibənin 2024-cü ildə başa çatmamasından yaranan narazılıq artır. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə daxil olması bu narazılığı gücləndirib. Bununla yanaşı, ölkə daxilində müharibədən yorğunluq hissi də artmaqdadır ki, bu da iqtisadi vəziyyətin ağırlaşması ilə bağlıdır.
Qaynarinfo xəbər verir ki, bu barədə "Meduza" nəşri hökumətə yaxın mənbələrə istinadən məlumat yayıb.
Hökumətdən bir mənbə "Meduza"ya bildirib ki, əsas emosiyalar məyusluq və yorğunluqdur:
"Ümid edirdik ki, müharibə bitəcək, hərbi əməliyyatlar dayandırılacaq. İndi isə sanki hər gün daha dərinə batırıq. Sanksiyaların ləğvi ilə bağlı ümidlərimiz də puça çıxdı, çünki onların təsiri günü-gündən ağırlaşır".
İqtisadi narazılıq artır
Rus elitalarını narahat edən əsas məsələlərdən biri ölkənin iqtisadi vəziyyətidir. Böyük biznes nümayəndələri Mərkəzi Bank tərəfindən müəyyən edilən yüksək faiz dərəcəsinə açıq şəkildə etiraz edirlər. Bir texnoloq belə deyib:
"Əksər şirkətlər birtəhər ayaqda qalmağa çalışır, amma bu, əsasən zəif və xarici şirkətlərin aktivlərinin mənimsənilməsi hesabına baş verir. Hamı anlayır ki, daha yaxşı olmayacaq".
Müharibənin davamı və Kremlin siyasəti
Mənbələr bildirir ki, 2024-cü ildə Ukraynanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyatlardan sonra "tez bir zamanda sülhə nail olmaq" ümidləri də azalıb. Hətta bəzi mənbələr müharibənin davam etməsini o əməliyyatdan asılı olmayaraq gözlənilən hesab edirdi.
Prezident Vladimir Putinə yaxın mənbələr onun müharibəni davam etdirməkdən həzz aldığını bildirir:
"Prezident döyüşməkdən xoşlanır, bu ona zövq verir. Niyə yarı yolda dayanasan, əgər daha çox üstünlük əldə edə bilərsənsə?".
Bununla belə, yüksək rütbəli hərbi rəhbərlər Putinin mövqeyi ilə razı deyil. Onlar daha genişmiqyaslı səfərbərlik və hərbi iqtisadi modelə tam keçid tələb edirlər.
Donald Tramp və sülh ümidləri
ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi rus elitalarında müharibənin sona çatacağına dair müəyyən ümidlər yaradıb. Lakin hazırda bu ümidlər də azalır. Kremlin tələbləri – dörd Ukrayna vilayətinin tam nəzarətə götürülməsi ilə Trampın şərtləri arasında kompromis görünmür.
Müharibədən sonrakı dövr: qeyri-müəyyənlik və planlar
Müharibə bitdikdən sonra insanların həyatının necə qurulacağı ilə bağlı Kremlin dəqiq planı yoxdur. Mənbələrdən biri belə deyib:
"Sabah nə olacağını, niyə vəziyyətin çətin olduğunu və nə vaxt yaxşılaşacağını heç kim bilmir".
Müharibə bitdikdən sonra Rusiyanın Belarus ilə "daha dərin inteqrasiya" planlarının müzakirə edildiyi də bildirilir. Bu, ortaq idarəetmə orqanlarının yaradılması və birgə seçkilərin keçirilməsi ilə bağlı ola bilər. Lakin bu planın həyata keçirilməsi Belarus lideri Aleksandr Lukaşenkonun razılığına bağlıdır. Mənbə qeyd edib ki, Lukaşenko öz müstəqil idarəçiliyini qorumaq istəyir.
Rusiya ictimaiyyəti sülhə tərəfdardır
Aparılan rəy sorğuları göstərir ki, rusların əksəriyyəti danışıqların başlanması, sülh sazişi və müharibənin başa çatmasını dəstəkləyir. Hətta hökumət tərəfindən idarə olunan sorğular belə göstərir ki, 2024-cü ilin nəticələrindən ölkə əhalisinin üçdə ikisi narazıdır.
Müharibənin sonu ilə bağlı proqnozlar
Almaniyada aparılan təhlillərə əsasən, Putin müharibəni tezliklə bitirə bilər. "Sky News"un müxbiri isə qeyd edib ki, Rusiya 2025-ci ilin mayına qədər müharibəni bitirmək niyyətindədir. Lakin bəzi analitiklər müharibənin dayandırılmasının münaqişənin sadəcə dondurulması ilə nəticələnəcəyini düşünürlər.
Aydın
Şərhlər