Xəbər lenti

Çinin Cənubi Qafqaz siyasəti və Bakının maraqları (ŞƏRH)
Siyasət 15:11 04.07.2024

Çinin Cənubi Qafqaz siyasəti və Bakının maraqları (ŞƏRH)

"Bakı ilə Pekin arasında əldə olunan anlaşma Çinin Azərbaycan iqtisadiyyatına investisiya yatırmasına hesablanmış addımdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Pekinlə Bakı arasında imzalanan Birgə Bəyannaməni şərh edərkən deyib.

Ərəstun Oruclu bildirib ki, turizmlə bağlı Çin vətəndaşlarına birillik vizasız Azərbayana gəliş məsələsinin tətbiqi diqqəti daha çox çəkir:

"Dünyada heç bir iki ölkə arasında, birtərəfli qaydada və bu şərtlərlə imzalanan saziş mövcud deyil. Ən yaxın müttəfiq ölkələr arasında belə bu müddət maksimum 6 aydır. Məsələn, Kanada vətındaşları ABŞ-da və əksinə olmaqla 3 aydan artıq qala bilməzlər. Bu razılaşma Pekinin Azərbaycanda müəyyən iqtisadi şəbəkəsini qurmaq üçün yaradılan şəraitdir".

Həmsöhbətimizə görə, bundan istifadə edən Çin vətəndaşları öz ölkələrində nəzarətsiz şəraitdə istehsal olunan ucuz malları Azərbaycan bazarına yönləndirə bilərlər:

"İkincisi, Çin kapitalı bir sıra hallarda qeyri-leqal şəkildə ölkəmizə daxil ola bilər".


 
Ərəstun Oruclu düşünür ki, Çin Azərbaycana kredit və ya investisiya layihələri, ya da hansısa şəkildə maliyyə dəstəyi vəd edib:

"Anlaşmada digər məsələ nəqliyyat-kommunikasiya dəhlizlərilə bağlıdır. Bakı bir tərəfdən Rusiya ilə Şimal-Cənub dəhlizinə maraq göstərir. Digər tərəfdən, Çinlə də eyni məsələ ətrafında razılıq əldə olunur. Bunlar fərqli-fərqli layihələrdir. Azərbaycanda iqtisadi problemlər mövcuddur. Sosial proqramlar məhdudlaşdırılır. Bu fonda görünür Çin Azərbaycana kredit və ya investisiya layihələri, ya da hansısa şəkildə maliyyə dəstəyi vəd edib. Bunun bəyannamə də yuxarıda qeyd edilən sözügedən razılıq əldə olunub". 

Ərəstun Oruclu onu da qeyd edib ki, Çin biznesi heç zaman fəaliyyət gösətrdiyi ölkələrdə yerli əhalini işə cəlb etmir:

"Çinli iş adamları çalışdıqları ölkələrdə öz insanlarını yerləşdirirlər. Digər tərəfdən, bu anlaşma Azərbaycan-Rusiya münasibətlərinin hazırkı dinamikasına mənfi təsir göstərə bilər".

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə toplantısı çərçivəsində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə imzalanıb. Ona əsasən Azərbaycana gələn Çin vətəndaşlarına birtərəfli qaydada bir il müddətinə vizasız rejim tətbiq ediləcək. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->