Xəbər lenti

Çin dünya ticarətini dəyişdirmək istəyir - 134 km uzunluğunda
Dünya 13:47 07.05.2026

Çin dünya ticarətini dəyişdirmək istəyir - 134 km uzunluğunda "su lifti"

Çin Asiyanın logistika xəritəsini dəyişdirə biləcək nəhəng bir layihə olan Pinlu kanalının tikintisini sürətlə davam etdirir. 134 kilometr uzunluğa malik su yolu artıq tamamlanma mərhələsinə yaxınlaşıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "EcoNews" məlumat yayıb.

Bildirilir ki, layihə okean gəmilərinin materikin dərinliklərinə qədər daxil olmasına imkan yaradacaq və beləliklə, çay marşrutlarını beynəlxalq dəniz magistrallarına çevirəcək.

Planlara əsasən, kanalın tikintisinin 2026-cı ilin sonunda başa çatdırılması nəzərdə tutulur. Ekspertlərin fikrincə, bu "qısa yol” Çindən çıxan yük axınının strukturunu köklü şəkildə dəyişəcək. Bu həftə layihə mühüm mərhələni keçib: planlaşdırılan 27 keçiddən biri olan Czikay körpüsü istifadəyə verilib. Mövcud məlumatlara görə, bu, infrastrukturun artıq yük daşımalarını qəbul etməyə hazır olduğunu göstərir.

Pınlu kanalının əsas xüsusiyyətlərindən biri mürəkkəb şlüz sistemidir. Layihə müəllifləri bu sistemi "su lifti” ilə müqayisə edirlər.

"Gəmi şlüzü qayıqlar üçün su lifti kimi işləyir. Qapılar gəminin arxasında bağlanır, kameranın daxilində suyun səviyyəsi qaldırılır və ya endirilir, daha sonra qapılar açılır və gəmi yeni səviyyədə hərəkətini davam etdirir”, deyə layihə icmalında qeyd olunur.

Bu texnologiya 65 metr hündürlük fərqini aşmaq üçün istifadə edilir. Yeni marşrutun nəqliyyat yollarını təxminən 560 kilometr qısaldacağı gözlənilir.

Hesablamalara görə, yanacaq sərfiyyatının azalması nəticəsində illik iqtisadi qənaət 750 milyon dollardan çox olacaq.

Bununla yanaşı, layihə ekoloqlar arasında narahatlıq doğurur. Tikinti tərəfi 36 mühafizə zonasının və xüsusi balıq keçidlərinin yaradıldığını bildirsə də, "Water” jurnalında dərc olunan araşdırmalar biomüxtəliflik üçün risklər barədə xəbərdarlıq edir. Hazırda layihənin 90 faizi maliyyələşdirilib və Çin ilə Cənub-Şərqi Asiyanı birləşdirəcək kanalın istifadəyə verilməsi zaman məsələsi hesab olunur.

Aydın
--> -->