Xəbər lenti

Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir?
Siyasət 12:05 13.05.2026

Cənubi Qafqazda yeni iqtisadi düzən: Türkiyə və Ermənistanın ticarət əlaqələri nə vəd edir?

Türkiyə-Ermənistan münasibətlərində yeni mərhələnin anonsu kimi təqdim olunan son açıqlamalar əslində Cənubi Qafqazda dəyişən geosiyasi reallığın mühüm göstəricilərindən biridir. Ankara illərlə bağlı saxladığı sərhəd və birbaşa ticarət məsələsində artıq daha praktik və mərhələli yanaşmaya keçir. Bu isə təkcə iki ölkə arasında münasibətlərin normallaşması deyil, bütövlükdə regionda yeni iqtisadi və nəqliyyat düzəninin formalaşdırılması cəhdidir. 

Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasına görə, 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində iki ölkə arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqlar böyük ölçüdə tamamlanıb. Bildirilir ki, Türkiyədən Ermənistana üçüncü ölkələr vasitəsilə göndərilən mallar artıq sənədlərdə birbaşa "Ermənistan-Türkiyə” təyinatı ilə rəsmiləşdirilə biləcək. 

Bu addım ilk baxışdan texniki detal kimi görünsə də, əslində münasibətlərin iqtisadi mahiyyət qazandığını göstərir. Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında quru sərhədi 1993-cü ildən bağlıdır. Ankara həmin qərarı Ermənistanın Azərbaycana qarşı işğal siyasəti fonunda vermişdi. Buna baxmayaraq, son 30 ildə iki ölkə arasında dolayı ticarət tam dayanmayıb. Mallar əsasən Gürcüstan üzərindən daşınıb. Müxtəlif beynəlxalq iqtisadi hesabatlara görə, illik dolayı ticarət dövriyyəsi bəzi illərdə 300-400 milyon dollara qədər yüksəlib. İndi isə Ankara həmin iqtisadi əlaqələri rəsmi və hüquqi çərçivəyə salmağa çalışır. Bu, logistika xərclərinin azalmasına, yük daşımalarının sürətlənməsinə və regionda yeni bazar imkanlarının yaranmasına səbəb ola bilər. Xüsusilə Qars-Gümrü xəttinin gələcəkdə istifadəyə verilməsi ehtimalı Türkiyə üçün Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində əlavə tranzit imkanları yarada bilər. Prosesin digər mühüm tərəfi isə siyasi xarakter daşıyır. 

Türkiyə son illərdə regionda "kommunikasiyaların açılması” siyasətini ardıcıl şəkildə müdafiə edir. Bu yanaşma Azərbaycanın irəli sürdüyü regional nəqliyyat layihələri, o cümlədən Zəngəzur dəhlizi ətrafındakı müzakirələrlə də üst-üstə düşür.

Ankara hesab edir ki, iqtisadi inteqrasiya siyasi riskləri azaltmaq və regionda sabitliyi möhkəmləndirmək üçün mühüm vasitədir. Lakin burada əsas geosiyasi detal ondan ibarətdir ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması heç vaxt yalnız Ankara ilə İrəvan arasındakı məsələ olmayıb. Bu proses birbaşa Azərbaycan-Ermənistan münasibətlərinin dinamikası və sülh danışıqlarının nəticələri ilə bağlıdır. Türkiyə rəsmiləri  indiyədək dəfələrlə vurğulayıblar ki, Bakı ilə koordinasiya olmadan regionda strateji xarakterli addımlar atılmayacaq. Məhz bu səbəbdən sərhədlərin tam açılması ilə bağlı texniki və inzibati işlərin davam etməsi təsadüfi sayılmır. Ankara bir tərəfdən regiondakı siyasi balansı qorumağa, digər tərəfdən isə gələcək iqtisadi imkanları itirməməyə çalışır. Başqa sözlə, Türkiyə ehtiyatlı, lakin geri dönüşü olmayan mərhələli siyasət yürüdür.

Bu prosesin arxasında daha geniş geoiqtisadi maraqlar dayanır. Rusiya- Ukrayna müharibəsindən sonra alternativ tranzit marşrutlarına maraq ciddi şəkildə artıb. Orta Dəhliz layihəsi, Çin-Avropa yük daşımaları və Cənubi Qafqazın yeni logistika mərkəzinə çevrilməsi planları Ankara üçün Ermənistan faktorunu yenidən aktuallaşdırıb. Türkiyə regionun qapalı deyil, bir-birinə bağlı iqtisadi məkan kimi formalaşmasını istəyir. Əgər normallaşma prosesi davamlı xarakter alarsa, yaxın illərdə Cənubi Qafqazda təkcə siyasi münasibətlər deyil, iqtisadi marşrutlar və ticarət balansı da dəyişə bilər. Bu isə region ölkələri üçün həm yeni imkanlar, həm də yeni rəqabət deməkdir. Ən vacib məqam isə budur ki, artıq Cənubi Qafqazda diplomatiya yalnız siyasi bəyanatlarla deyil, iqtisadi maraqlar və kommunikasiya xətləri üzərindən qurulur.

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi 2022-ci ildən bəri davam edən münasibətlərin normallaşması prosesi çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqların tamamlandığını elan edib. Türkiyə xarici siyasət idarəsinin məlumatına görə, 11 may 2026-cı il tarixinə olan məlumata əsasən bütün zəruri prosedur qaydalar yekunlaşıb. Bununla yanaşı, iki ölkə arasındakı quru sərhədlərinin açılması ilə bağlı texniki və bürokratik işlərin hələ də davam etdiyi bildirilir. 

Yeni tənzimləməyə əsasən, Türkiyədən Ermənistana üçüncü ölkələr vasitəsilə göndərilən və ya eyni marşrutla gələn mallar üçün artıq təyinat nöqtəsi və ya mənşə ölkəsi olaraq birbaşa "Ermənistan-Türkiyə" qeyd oluna biləcək. Rəsmi Ankara vurğulayıb ki, Türkiyə regiondakı bütün ölkələrin və xalqların maraqları naminə Cənubi Qafqazda iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafına töhfə verməyə davam edəcək.

Siyasət şöbəsi
--> -->