Türkiyənin Kahramanmaraş şəhərində baş verən və bir şagirdin 9 nəfəri qətlə yetirməsi ilə nəticələnən faciə cəmiyyətdə ciddi narahatlıq yaradıb. Hadisəni törədən şagird ilə bağlı danışan müəlliminin sözləri isə bu cür halların bəzən əvvəlcədən nəzərə çarpmayan, lakin əhəmiyyətli siqnallarla müşayiət oluna biləcəyini göstərir. Belə ki, müəllimin sözlərinə görə, o, həmişə dərsə gələn uşaq olsa da, amma dərsdə çox fərqlənib. Uşaqlar dərsə qulaq asanda dinməyib, başını partanın üstünə qoyub. Bəzən qarşısında dəftər olub, nəsə yazıb, rəsm çəkib, dəftərdə saatlarla cizgilər yazıb. Bu, onun ən fərqli xüsusiyyətlərindən olub. Şagirdin dava etdiyi görülməyib. Heç vaxt intizamı pozmayıb. Nə müəllimə, nə də dostlarına qarşı qəzəb göstərməyib.
Baş verən hadisə və həmin uşağın bu cür davranışı xüsusilə məktəbli övladı olan valideynlər arasında təhlükəsizlik, psixoloji vəziyyət və uşaqların davranışlarının vaxtında düzgün qiymətləndirilməsi məsələlərini yenidən gündəmə gətirib.
Məktəblərdə səssiz, diqqətdən kənarda qalan davranışların arxasında hansı risklərin gizlənə biləcəyi ilə bağlı müzakirələr başlayıb.
Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Qaynarinfo-ya açıqlaması zamanı bildirib ki, bu hadisə çox həssas və cəmiyyət üçün narahatedici bir nümunədir və belə situasiyalara yanaşmada emosional reaksiyadan daha çox, analitik və elmi yanaşma vacibdir. Çünki görünən davranışlarla insanın daxili psixoloji vəziyyəti hər zaman üst-üstə düşmür:
"Cəmiyyətdə geniş yayılmış bir fikir var ki, sakit, problem yaratmayan, diqqət çəkməyən uşaqlar təhlükəsizdir. Bu yanaşma psixoloji baxımdan tam doğru deyil. Əksinə, bəzi hallarda bu tip uşaqlar daha çox daxili gərginlik yaşayan, emosiyalarını ifadə etməyən və onları içində yığan fərdlər ola bilirlər. Davranış problemi yaratmamaq hər zaman psixoloji sağlamlıq göstəricisi deyil. Uşaq dərsdə sakitdirsə, müəllimə mane olmursa, bu onun emosional balansda olduğu anlamına gəlmir. Bəzən bu, sosial çəkilmə, daxili dünyaya qapanma və ya reallıqdan uzaqlaşma kimi daha dərin psixoloji proseslərin göstəricisi olur. Xüsusilə uzun müddət tək qalmağa üstünlük verən, sosial əlaqələrdən qaçan, emosional reaksiyalarını minimum səviyyədə göstərən uşaqlara diqqətlə yanaşmaq lazımdır".
Psixoloqun sözlərinə görə, aqressiya da hər zaman açıq şəkildə görünən bir davranış deyil. Cəmiyyət daha çox qışqıran, dalaşan, fiziki aqressiya göstərən uşaqları riskli hesab edir:
"Halbuki aqressiyanın passiv və gizli formaları da mövcuddur. Bu gizli aqressiya özünü daxili gərginlik, fantaziyalar, obsesiv düşüncələr, təcrid olunma və ya qeyri-adi davranış formalarında göstərə bilər. Uşağın saatlarla eyni hərəkəti təkrarlaması, məsələn, dəftərdə davamlı xətlər çəkməsi, öz dünyasına çəkilməsi, real ünsiyyətdən uzaqlaşması bəzən psixoloji gərginliyin və daxili konfliktin siqnalı ola bilər. Bu, mütləq təhlükəli davranışa gətirib çıxaracaq demək deyil, amma diqqət tələb edən vəziyyətdir. Digər tərəfdən, müasir dövrdə internet mühiti də bu proseslərə təsir edir. Bəzi onlayn platformalarda və oyunlarda zorakılıq elementləri, hətta yeniyetmələri təhlükəli davranışlara təşviq edən məzmunlar mövcuddur. Bu tip təsirlər daxili aqressiyanın formalaşmasına və ya güclənməsinə səbəb ola bilər”.
"Valideynlər və müəllimlər hansı "gizli siqnallara" diqqət etməlidir" sualına cavab olaraq Elnur Rüstəmov bildirib ki, valideynlər və müəllimlər üçün ən vacib məsələ "gizli siqnalları” vaxtında görməkdir:
"Bu siqnallar hər zaman açıq davranış problemi şəklində olmur. Uşağın sosial mühitdən uzaqlaşması, dostlarının olmaması və ya onlarla ünsiyyətdən qaçması diqqət çəkən məqamlardan biridir. Emosional reaksiyaların azalması, sevinc, kədər, həyəcan kimi hisslərin zəif ifadə olunması da əhəmiyyətlidir. Uzun müddət eyni fəaliyyətlə məşğul olmaq, məsələn, məqsədsiz şəkildə yazmaq, çəkmək və ya təkrarlayıcı hərəkətlər etmək də psixoloji siqnal kimi qiymətləndirilə bilər. Uşaq dərsdə fiziki olaraq iştirak etsə də, psixoloji olaraq "orada olmaya” bilər. Başını masaya qoymaq, diqqətin tez-tez yayınması, müəllimlə və ya siniflə emosional əlaqənin zəif olması da bu kontekstdə dəyərləndirilməlidir”.
Psixoloq son olaraq vurğulayıb ki, burada əsas məsələ diaqnoz qoymaq deyil, həssas müşahidə və vaxtında dəstəkdir:
"Məktəblərdə psixoloji xidmətin gücləndirilməsi, müəllimlərin bu mövzuda maarifləndirilməsi və valideynlərlə əməkdaşlıq həyati əhəmiyyət daşıyır. Uşağın "sakit olması" onu avtomatik olaraq təhlükəsiz kateqoriyaya daxil etmir. Əksinə, bəzən ən səssiz görünən uşaqların daxilində ən güclü emosional proseslər gedir və bu proseslər vaxtında başa düşülmədikdə ciddi nəticələrə səbəb ola bilər".
Günay İlqarqızı
Şərhlər