Alimlər müəyyən ediblər ki, günəşin tacında (koronasında) müşahidə olunan günəş küləyi əvvəl hesab ediləndən 3–4 dəfə daha sürətli hərəkət edə bilər. Bu nəticə Proba-3 missiyasının məlumatlarının təhlili əsasında əldə olunub.
Qaynarinfo xəbər verir ki, məlumatı Space.com yayıb.
Əvvəllər "yavaş” günəş küləyinin sürətinin təxminən 100 km/s olduğu düşünülürdü. Lakin yeni müşahidələr göstərir ki, günəşin səthinə yaxın ərazilərdə bu sürət 480 km/s-ə qədər çata bilir ki, bu da sürətli küləklə demək olar eyni səviyyədədir.
Qeyd edək ki, günəş küləyi günəşdən yayılan yüklü hissəciklər axınıdır və bütün günəş sisteminə yayılaraq Yer kürəsinin maqnit sahəsinə təsir edir, nəticədə geomaqnit qasırğaları yaranır.
Tədqiqatçılar hesab edir ki, "yavaş” günəş küləyi günəş səthinə yaxın sahələrdə maqnit xətlərinin qırılıb yenidən birləşməsi nəticəsində yaranır. Lakin bu proses hələ də tam öyrənilməyib. "Sürətli” külək isə əsasən koronal dəliklərdən – günəş atmosferinin daha soyuq və qaranlıq bölgələrindən çıxır. "Yavaş” külək fərqli olaraq qeyri-bərabər, ayrı-ayrı axınlar şəklində yayılır.
Alimlər bildirir ki, günəş tacını öyrənmək günəş diskinin güclü parıltısına görə çətindir və əvvəllər bu müşahidələr əsasən nadir günəş tutulmaları zamanı mümkün olurdu. Proba-3 missiyası isə bu problemi həll edib: iki peyk süni tutulma yaradaraq günəş səthinə yaxın bölgələri müşahidə etməyə imkan verir.
Missiya başladıqdan sonra artıq onlarla belə müşahidə aparılıb və küləyin gözlənilməz sürətlənməsi qeydə alınıb. Alimlər vurğulayırlar ki, bu, günəşdə baş verən proseslərin daha dərindən öyrənilməsi üçün yalnız başlanğıcdır.
Günay
Şərhlər