Xəbər lenti

Bu foto iki ölkəni üz-üzə gətirdi - Çin sərt nota verdi:
Dünya 14:50 16.01.2026

Bu foto iki ölkəni üz-üzə gətirdi - Çin sərt nota verdi: "Qırmızı xətt..."

Filippin Sahil Mühafizəsinin sözçüsünün Çin prezidenti Si Szinpini hədəf alan sosial media paylaşımı Cənubi Çin Dənizindəki gərginliyi diplomatik böhrana çevirib. 

Qaynarinfo xəbər verir ki, Pekin həmin vizualları "qırmızı xəttin keçilməsi" kimi qiymətləndirərək, Manila hakimiyyətinə etiraz notası göndərib.

Cənubi Çin Dənizində suların durulmadığı Pekin-Manila xəttində bu dəfə karikatura gərginliyi yaşanır. Çinin Manila səfirliyi Filippin Sahil Mühafizəsinin sözçüsü Cey Tarrielanın prezident Si Szinpini karikatura şəklində əks etdirən vizuallar paylaşması üzərinə Manilaya etiraz notası təqdim edib. Çin səfirliyindən verilən açıqlamada sözügedən paylaşımın "Çin liderlərinə qarşı hücum və ləkələmə" olduğu iddia edilib. Pekin hakimiyyəti bu addımı "qırmızı xəttin açıq şəkildə aşılması və siyasi provokasiya" kimi qiymətləndirib.

Mübahisənin mərkəzində: "Çin niyə zorakıdır?"

Böhranı alovlandıran hadisə sözçü Tarrielanın çərşənbə günü "Facebook" hesabından etdiyi paylaşım olub. Tarrielanın çıxış etdiyi zaman çəkilən fotoda arxa planda Si Szinpinin karikatura şəklində vizualları və üzərində "Çin niyə zorakılığa davam edir?" yazısı olan bir qeyd görünürüb.



Cavab gecikmədi

Çinin sərt reaksiyasına sözçü Tarrieladan cavab gecikməyib. Diplomatik etirazı "əsas məsələni yayındırmaq cəhdi" kimi qiymətləndirən Tarriela Pekinə belə cavab verib:

"Əgər Çin səfirliyi sahədə baş verən pozuntuları, çox vaxt qanuni ictimai müzakirələr və ya hətta satira yolu ilə görünən bu tip ifadə və vizuallara etiraz edirsə, bu yalnız həqiqətlərin ortaya çıxmasından narahat olduqlarını göstərir".

Cənubi Çin Dənizi mübahisəsi

Cənubi Çin Dənizi sahil ölkələrinin müstəqilliklərini qazandığı II Dünya müharibəsindən bəri bölgə ölkələri arasında suverenlik mübahisələrinin mərkəzindədir. Çin ilk dəfə 1947-ci ildə yayımladığı xəritə ilə Cənubi Çin Dənizinin 80%-i üzərində suverenlik iddiası irəli sürüb, yeraltı sərvətlər baxımından zəngin olan bu bölgəyə Filippin, Vyetnam, Bruney və Malayziya da iddialıdır.

Çinin bölgədəki mübahisəli adalarda bazalar qurmasına, hərbi qüvvələri ilə yanaşı, mülki gəmi filoları ilə də varlıq göstərməsinə, bölgə ölkələri və ABŞ etiraz edir.

Niderland Lahey şəhərindəki Daimi Hakimlik Məhkəməsi 2016-cı ildə Filippinin müraciəti əsasında verdiyi qərarda Çinin Cənubi Çin Dənizində tək tərəfli suverenlik iddialarının qanuni olmadığına qərar vermişdi.

Aydın
--> -->