Düzgün qulluqla üz dərisində qırışlar qocalıq yaşınadək yaranmaya bilər. Lakin bəzi insanlar 25–30 yaşlarında artıq qırışların əmələ gəldiyini müşahidə edir. Bu, çox vaxt yaşla deyil, əsasən mimika ilə bağlı fizioloji xüsusiyyətlərlə əlaqəlidir.
Qaynarinfo-nun məlumatına görə, mütəxəssislər qeyd edir ki, əzələlər tez-tez gərgin vəziyyətdə olduqda hipertonus yaranır – bu zaman əzələ sıxılır və dərini dartır. Nəticədə isə qırışlar və dəridə izlər əmələ gəlir.
Erkən qocalmaya səbəb olan 5 əsas vərdiş
1. Dişləri sıxmaq və bir tərəflə çeynəmək
Çeynəmə əzələləri üzün ən güclü əzələ qruplarından biridir. Stress zamanı dişləri sıxmaq bu əzələlərin daimi gərginliyinə səbəb olur. Bu isə burun- dodaq qırışlarının dərinləşməsinə, dodaq künclərinin aşağı enməsinə və üz konturunun dəyişməsinə gətirib çıxarır.
Eyni zamanda, bir tərəflə çeynəmək üz əzələlərində qeyri-bərabər yüklənmə yaradır və bu da simmetriyanı pozur.
2. Asimmetrik mimika
Bir tərəfli gülümsəmə və ya yalnız bir qaşın qaldırılması kimi vərdişlər zamanla əzələlərin qeyri-bərabər işləməsinə səbəb olur. Nəticədə qırışlar üzün bir tərəfində daha tez və daha dərin formalaşır.
3. Qaşqabaq və göz qırpma vərdişi
Qaşlar arasında tez-tez gərginlik alın və burun üzərində qırışların yaranmasına səbəb olur. Bu, stress və yorğunluqla bağlı ola bilər.
Gözləri tez-tez qıymaq da göz ətrafında xırda qırışların yaranmasına gətirib çıxarır.
4. Dodaq ətrafında gərginlik
Dodaqları sıxmaq və ya irəli uzatmaq vərdişi bu sahədə daimi gərginlik yaradır. Siqaret çəkmək, xüsusilə elektron siqaretlər, dodaq üstündə qırışların yaranmasını sürətləndirir və üzün aşağı hissəsində sallanmanı artırır.
5. Həddindən artıq aktiv mimika
Bəzi insanlar emosiyalarını çox aktiv şəkildə üz ifadələri ilə göstərir. Bu, xarizmatik görünsə də, əzələlərə davamlı yük düşür və üz boyunca xırda qırışların yaranmasını sürətləndirir.
6. Şərh və nitq zamanı əzələ gərginliyi
Bəzən qırışlar mimikadan deyil, danışıq zamanı yaranan gərginlikdən qaynaqlanır. Bəzi insanlarda boyundakı platisma əzələsi həddindən artıq aktiv olur. Bu isə boyunda xətlər, ikinci çənə və üz ovalının pozulmasına səbəb olur.
Nə etmək lazımdır?
Kosmetik vasitələr yalnız qismən kömək edir, əsas səbəb isə əzələ vərdişləridir. Buna görə də:
* ortodont və ya stomatoloqa müraciət etmək
* görmə problemi varsa, düzgün eynək seçmək
* günəş eynəklərindən istifadə etmək
* nitq problemləri üçün loqopedə müraciət etmək tövsiyə olunur
Bundan əlavə, mimikanı nəzarətdə saxlamaq, üz və boyun masajı etmək və lazım gəldikdə mütəxəssisə müraciət etmək də faydalıdır. Bu, əzələləri rahatladır, qan dövranını yaxşılaşdırır və dərinin daha sağlam görünməsinə kömək edir.
Aydın
Şərhlər