Böyük Britaniya Hind okeanında yerləşən Çaqos arxipelaqını Mavrikiyə vermək üçün təxminən 35 milyard funt-sterlinq (47 milyard ABŞ dolları) ödəyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti hökumət hesablamalarına istinadən yazıb.
Bu rəqəm, baş nazir Kir Starmerin ictimaiyyətə açıqladığı 3,4 milyard funt-sterlinqdən (4,5 milyard dollar) on dəfədən çoxdur.
Xəbərdə bildirilir ki, Britaniya hökuməti sövdələşmənin dəyərini hesablayarkən inflyasiyanı nəzərə alıb və uzunmüddətli layihələr üçün mübahisəli qiymətləndirmə metodundan istifadə etdiyinə görə real məbləği aşağı göstərib. Bəzi mühafizəkar siyasətçilər artıq leyboristləri Çaqos arxipelaqının verilməsi ilə bağlı sövdələşmənin əsl dəyərini gizlətməkdə ittiham ediblər.
Xatırladaq ki, 22 may tarixində "Associated Press” agentliyi Britaniyanın Mavriki ilə ilə arxipelaq üzərində suverenliyin verilməsi barədə saziş imzaladığını yazmışdı. Razılaşmaya əsasən, London Mavrikiyə hər il 101 milyon funt-sterlinq ödəyəcək. Bu məbləğ, ən azı 99 illik icarəyə götürülən və ABŞ hərbi qüvvələrinin idarə etdiyi bazaya görə veriləcək.
Kir Starmerin sözlərinə görə, bu baza Britaniyanın terrorizmə qarşı mübarizəsində həlledici əhəmiyyətə malikdir və ölkənin təhlükəsizliyinin əsas dayaqlarından biridir.
Çaqos - Hind okeanında yerləşən, yeddi atoldan və 60-dan çox tropik adadan ibarət arxipelaqdır. 1965-ci ildə, Mavrikiyə hələ Britaniya koloniyası ikən, arxipelaq ondan ayrılıb. Mavrikiyə uzun illərdir Londona qarşı bu ərazilərin "kolonial işğal” yolu ilə alındığını və ölkənin həmin adalardan qanunsuz olaraq imtina etməyə məcbur edildiyini bildirirdi.
Aydın
Şərhlər