Boş qalan mənzillərə qənim kəsilən oğrular (VİDEO)
Boş qalan mənzillərdə oğurluq hadisələri baş verir.
Qaynarinfo AzTV-yə istinadən bildirir ki, söhbət Abşeron rayonunun Şəfəq qəsəbəsi ərazisində inşa edilən yaşayış kompleksindən gedir. Sakinlərin sözlərinə görə, oğurluq halları əsasən hələ təhvil verilməyən, boş qalan mənzillərdə qeydə alınır.
Bu mənzillərə daxil olmaq üçün elə də ciddi maneə yoxdur. Çünki qapılar açıqdır. Mənzərə isə göz önündədir. Sosial evlərdə, məlum olduğu kimi, hər bir mənzil zəruri avadanlıqlarla təchiz edildikdən sonra vətəndaşlara təqdim olunur. Lakin hazırda bəzi mənzillərdə yerləşdirilmiş avadanlıqların çıxarılaraq oğurlandığı bildirilir.
Sakinlər deyirlər ki, birinci və ikinci mərtəbələrdə yerləşən bəzi mənzillər hələ nə paylanılıb, nə də istifadəyə verilib. Onların fikrincə, binaların hər tərəfinə müşahidə kameraları quraşdırılsa, oğurluq hallarının qarşısını almaq mümkün olar.
Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyi bildirib ki, kompleks Abşeron Rayon İcra Hakimiyyəti balansına verilib. Abşeron Rayon İcra Hakimiyyətindən isə qeyd olunub ki, binalar qurumun balansına keçirilsə də, mənzillərin mülkiyyətçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olaraq qalır.
Yaşayış kompleksində baş verən oğurluq hadisələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyi bildirilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər