Oktyabr ayında Avropa İttifaqının liderləri Belçika bankında dondurulmuş Rusiya aktivləri ilə təmin edilən, Ukraynaya təxminən 140 milyard avro məbləğində kreditin təsdiqlənməsi niyyətilə sammitə gəlmişdilər.
Lakin, Qaynarinfo-nun "Politico”ya istinadla yazdığına görə, Belçikanın baş naziri Bart de Vever bu qərarın əleyhinə gözlənilmədən sərt mövqe
sərgiləyib.
"Məqalədə qeyd olunur ki, Belçikanın blokadası kritik anda Ukrayna-Avropa ittifaqının ayağını yerindən oynatdı. Əgər liderlər oktyabr sammitində kredit planının sürətləndirilməsinə razılıq versəydilər, bu, Vladimir Putinə Ukraynanın uzunmüddətli gücü və Avropanın öz müdafiəsinə sarsılmaz sadiqliyi barədə güclü siqnal olardı. Bunun əvəzinə Zelenski və Avropa Trampın Putinlə müttəfiqləri vasitəsilə sülh danışıqlarına qayıtmağa cəhd göstərdiyi bir vaxtda daxili fikir ayrılıqları ilə zəiflədildi”.
Almaniya ilə gərginlik
Nəşrin mənbələrinə görə, reparasiya kreditiylə bağlı təklif çətinliklərlə üzləşməyə başlayıb – elə o vaxt ki, De Vever ilə Almaniyanın yeni kansleri Fridrix Mers arasında gərginlik artmaqda idi.
Mers Avropanı dondurulmuş Rusiya aktivlərinin Ukraynaya yardım üçün istifadəsinə çağırmış və görünür ki, bu, həmin vaxt narahatlıqlarını aradan qaldırmaq üçün Aİ rəsmiləri ilə həssas, qapalı danışıqlar aparan belçikalıları qorxutmuşdu.
Bir neçə rəsmidən sitat gətirilir ki, Mers bu siyasəti De Veverin razılığı olmadan çox erkən və çox kəskin şəkildə ictimaiyyətə açıqlamaqla "yanlış addım atıb”.
Oktyabr sammitindən əvvəl Belçikanın Aİ-dəki səfiri Piter Murs dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı planların həyata keçirilməsində irəliləyişin mümkün ola biləcəyi barədə siqnallar verirdi. Lakin vəziyyətlə tanış dörd rəsmiyə görə, Murs baş nazir De Veverlə birbaşa təmasda deyildi və Rusiya aktivlərinə dair bütün qərarları şəxsən De Vever verirdi:
"Bu o demək idi ki, Aİ aparatında heç kim baş nazirin müqavimətinin nə dərəcədə sərt olacağını sammit günü çatana qədər anlamamışdı”.
Amerika hər şeydən öncə
Problem həm də ondadır ki, dondurulmuş Rusiya aktivlərinə yalnız avropalılar deyil, amerikalılar da maraq göstərirdilər. ABŞ ilkin 28 maddəlik razılaşma layihəsinə rus aktivlərinin dondurulmasının ləğvini və Ukraynanın bərpası üzrə birgə səylərə cəlb olunmasını daxil etmişdi — bu sxem üzrə ABŞ əldə ediləcək gəlirin 50%-ni alacaqdı.
"Bu konsepsiya Avropa paytaxtlarında qəzəb doğurdu; elə ki, sarsılmış rəsmilərdən biri Trampın sülh üzrə xüsusi nümayəndəsi Stiv Vitkofa ‘psixiatra müraciət etməyi’ məsləhət görmüşdü. Trampın Putinlə tezliklə razılaşma imzalamaq istəyi və dondurulmuş aktivlərlə bağlı planları, Aİ-nin De Veverlə danışıqlarına ciddi təzyiq göstərib”.
İtirilən vaxt
Diplomatlardan birinin sözlərinə görə, De Vever hələ də "başqa variantlar üçün yalvarır”. Hazırda iki alternativ müzakirə olunur.
Birinci variant – Aİ-nin milli hökumətlərinin Ukraynaya birbaşa qrant üçün vəsait toplaması. Lakin bir çox ölkənin ağır büdcə vəziyyəti fonunda bu, real sayılmır.
İkinci variant – kreditin Aİ ilə birgə borclanma yolu ilə maliyyələşdirilməsidir. Lakin qənaətcil ölkələr buna qarşı çıxır, çünki bu, gələcək nəsillərin ödəyəcəyi borc yükü yaradacaq. "Bu bizi qane etmir, – bir diplomat deyib. - Prinsip etibarilə ziyanı Rusiyanın ödəməsi düzgün olan prinsipdir”.
Rus pilotsuzları və təhlükəsizlik narahatlıqları
Müttəfiqlərin narazılığına baxmayaraq, De Vever ölkədaxili hökumətin dəstəyinə malikdir və sərt mövqeyini qoruyur. Onun mövqeyi "Euroclear” şirkətinin təhlükəsizliklə bağlı ehtiyatlı bəyanatları ilə də güclənib.
Bəzi rəsmilər Belçikanın fiziki təhlükəsizliyi ilə bağlı da narahatdır. Ötən ay dronlar Brüssel hava limanında uçuşları pozub və belçika hərbi bazaları üzərində müşahidə olunub. Onlar bunun Putinin Avropaya qarşı hibrid hücumunun göstəricisi ola biləcəyindən və Belçikanın Rusiya aktivlərindən istifadə qərarını təsdiqləsə, hədəfə çevrilə biləcəyindən ehtiyat edirlər.
Veto riski: Macarıstan faktoru
Kredit planının irəliləyişinə ciddi maneələrdən biri də Macarıstandır. Rusiya aktivləri yalnız ona görə dondurulub ki, Aİ liderlərinin hamısı – Putinin dostu Viktor Orban da daxil olmaqla – bu aktivləri bloklayan sanksiyaların uzadılmasına razılıq veriblər. Orban fikrini dəyişərsə, Rusiya aktivlərinin geri qaytarılmasını tələb edə bilər və bu da Belçikanı çətin vəziyyətə salacaq.
Belçikanın Rusiya aktivləri ilə bağlı mövqeyi
Bundan əvvəl De Vever bildirmişdi ki, Rusiya aktivlərinin müsadirəsinin nəticələrini Belçika "əbədi olaraq” hiss edəcək. O həmçinin qeyd etmişdi ki, Rusiyanın məğlubiyyəti "tam bir illüziyadır”:
"Bəs kim həqiqətən inanır ki, Rusiya Ukraynada məğlub olacaq? Bu nağıldır, tam bir illüziya. Hətta arzuolunan da deyil ki, nüvə silahına sahib ölkədə məğlubiyyətdən sonra sabitlik pozulsun. Və kim inanır ki, Putin rus aktivlərinin müsadirəsi ilə sakitcə razılaşacaq?”
Alpər
Şərhlər