Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Kamal Vahid oğlu Atakişiyevin meyitinin aşkarlanması ilə bağlı araşdırmalar davam edir.
Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, mərhumun ölümünə dair ortaya çıxan ziddiyyətli detallar istintaq üçün yeni və ciddi suallar doğurur.
Məlumata görə, Kamal Atakişiyev meyiti tapılmamışdan 3 gün əvvəl itkin düşüb. Yanvarın 9-da isə onun cəsədi sahibkar Hacı Seyfələ məxsus daş karxanasında, torpaq qalaqlarının arasında aşkar edilib. Hadisə ilə bağlı yayılan xəbərlər isə bir-birini təkzib edir. İlkin diqqət çəkən detallardan biri mərhumun ayaqqabısının bir tayının yoxa çıxmasıdır. Bu fakt hadisənin adi bədbəxt hadisə olmaması ehtimalını gücləndirib.
Daha sonra istintaq zamanı daha bir müəmmalı məqam üzə çıxıb. İstintaqçılar ayaqqabının itmiş tayını axtardıqları vaxt Kamal Atakişiyevin papağı kəndin tam başqa bir küçəsində tapılıb. Papağın həmin əraziyə necə düşdüyü indiyədək naməlum olaraq qalır. Ən maraqlısı odur ki, papağın aşkar edildiyi ərazidə aparılan axtarışlara baxmayaraq, ayaqqabının itmiş tayına rast gəlinməyib. Bu uyğunsuzluq hadisə ilə bağlı sualları daha da artırır. Əgər papaq Kamal Atakişiyevin başından düşübsə, onun niyə yerdən götürmədiyi, həmin vaxt hansı vəziyyətdə olduğu və bu anlarda nə baş verdiyi hələ də cavabsızdır.
Ayaqqabının bir tayının itməsi istintaq üçün təsadüfi detal deyil. Belə hallarda ayaqqabının tapıldığı yer çox vaxt hadisənin real baş verdiyi məkanı müəyyən etməyə imkan verir. Əgər mərhum hansısa ərazidə kiminləsə mübahisə edib, fiziki qarşıdurma yaşayıbsa, ayaqqabının məhz həmin məkanda qalması ehtimalı yüksəkdir. Bu məqam isə Kamal Atakişiyevin başqa bir məkanda öldürülməsi, meyitinin isə sonradan işlədiyi daş karxanasının ərazisinə atılması iddiasının gündəmə gətirir.
Qarşıdurma, sürüklənmə və ya məcburi daşınma zamanı ayaqqabının çıxması kriminal təcrübədə tez-tez rast gəlinən hallardandır. Papağın bir küçədə, meyitin isə tamam başqa ərazidə tapılması, ayaqqabının bir tayının yoxa çıxması hadisənin bir məkanda deyil, bir neçə nöqtədə baş verdiyi ehtimalını gücləndirir.
Yerli sakinlər arasında da Kamal Atakişiyevin meyitinin karxana ərazisinə sonradan atıldığına dair fikirlər dolaşır. Lakin bu iddiaları təsdiqləyən və ya təkzib edən rəsmi açıqlama hələlik yoxdur.
Mərhumu tanıyanların bildirdiyinə görə, Kamal Atakişiyev Hacı Seyfələ məxsus daş karxanasında fəhlə kimi çalışıb, "KamAZ" markalı maşınlara daş yükləməklə məşğul olub. Qohumları ilə birlikdə gecə saatlarında 7-8 yük maşınına daş yüklədiyi, hər fəhləyə 40-50 manat qazanc düşdüyü deyilir.
O, mütəmadi spirtli içki qəbul etsə də, işləyən, zəhməti ilə dolanan biri kimi tanınıb.
Hazırda Kamal Atakişiyevin meyiti ekspertiza üçün Xəzər rayon Məhkəmə-Tibb Ekspertizasına aparılıb.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır.
İstintaqın cavablandırmalı olduğu əsas sual isə hələ açıq qalır: Kamal Atakişiyev harada və hansı şəraitdə həyatını itirib?
Şərhlər