Son günlər Bakının mənzil bazarında yaşanan proseslər maraq doğurur.
Paytaxtın müxtəlif rayonlarında və fərqli tipli mənzillərdə alqı-satqı aktivliyi, qiymət dinamizmi və təkliflərin sayı ilə bağlı müşahidələr bazarın ümumi durumunu ortaya qoyur.
Son aylar formalaşan qiymət artımı və tələb-təklif balansındakı dəyişikliklər hələ də təsirini saxlayır, həmçinin yeni tikililər və köhnə fond mənzillərinin satış həcmi bazara öz rəngini qatır.
Mənzil bazarının bu günkü vəziyyəti yalnız qiymət göstəriciləri ilə deyil, həm də alıcı və satıcı davranışlarının dəyişməsi, kredit şərtləri, investisiya marağı və şəhərin inkişaf tendensiyaları ilə bağlı daha geniş kontekstdə qiymətləndirilə bilər.
Maraqlıdır ki, son günlər daşınmaz əmlak bazarında vəziyyət necədir? Qiymətlərdə hansısa dəyişikliklər olubmu?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, paytaxtda bahalı mənzillərin qiymətində nisbətən ucuzlaşma qeydə alınır:
"Bakıda mənzillərin qiyməti ilə bağlı deyə bilərik ki, mövsümlə əlaqədar olaraq ucuz mənzillərin qiymətində nisbi artımlar müşahidə olunur. Bahalı - təqribən qiyməti 400 min – 500 min manatdan yuxarı olan mənzillərdə isə stabilləşmə var. Hətta ucuzlaşmaya doğru müəyyən meyillər müşahidə olunur.
Amma yeni tikililərdə qiymətlərin daha çox artımı var. Bu da investorların, tikinti şirkətlərinin qiymət siyasətindən asılı bir məsələdir. Burada daha çox qiymət artımı müşahidə edirik".
Şərhlər