Qabil Mamedov
Ehtiyatda olan general-mayor
Ərazi Müdafiə Qüvvələri, son illərin hibrid və yüksək intensivliyi ilə seçilən müharibələri şəraitində sadəcə olaraq arxa cəbhəni qoruyan könüllülər deyil, strateji gedişatı təmin edən ən əsas komponentlərdən birinə çevrilə bilmişdir. Məsələn, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki ABŞ, İsrail-İran arasında yaşanan börana nəzər salmaq olar.
1. Rusiya - Ukrayna müharibəsi:
Ukrayna təcrübəsi göstərdi ki, "Xalq müqaviməti” modelində ƏMQ-nin əsas funksiyası nizami ordunun üzərindəki yükü azaltmaq və düşmənin irəliləyişini ləngitməkdən ibarətdir.
2. ABŞ, İsrail-İran böhranı:
Yaxın Şərqdəki böhran, daha çox raket zərbələri, kiberhücumlar və proksi qüvvələrin savaşı xarakteri daşıdığı üçün ƏMQ-nin rolu burada daha spesifikdir.
a) İsrail (Mülki müdafiə və sərhəd mühafizəsi): İsrailin mülki müdafiə strukturları daxili təhlükəsizliyin təmin edilməsində kritik rol oynayırlar. Raket hücumları zamanı əhalinin təxliyyəsi və kütləvi iğtişaşların qarşısının alınması bu qüvvələrin əsas vəzifələrindəndir.
b) İran (Səfərbərlik və kritik infrastruktur müdafiəsi): İran üçün "Bəsic" kimi könüllü qüvvələr həm daxili sabitliyin qorunması, həm də strateji neft-qaz və nüvə obyektlərinin hava və diversiya hücumlarından qorunması üçün bir canlı qalxan rolunu oynayır.
c) ABŞ və müttəfiqləri: ABŞ-ın regiondakı hərbi bazalarının və ticarət yollarının qorunmasında yerli müttəfiqlərin müdafiə qüvvələri dəniz təhlükəsizliyi və sahil mühafizəsi tapşırıqlarını icra edirlər.
Cərəyan edən hadisələr, müharibə və böhranların gedişatları göstərir ki, bu gün təkcə güclü nizami orduya sahib olmaq əsla kifayət deyil. Çevik, ərazini tanıyan və xalqın dəstəyinə malik olan Ərazi Müdafiə Qüvvələri, artıq milli təhlükəsizliyin onurğa sütununa çevrilməkdə olan bir qüvvədir. Azərbaycana gəldikdə isə bizim yerləşdiyimiz geosiyasi məkan, tarixən onun taleyini müəyyən edən əsas amillərdən biri olmuşdur. Cənubi Qafqaz regionunda, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan, həm mühüm nəqliyyat dəhlizlərinin, həm də zəngin enerji resurslarının mərkəzində qərarlaşdığından bu strateji mövqe ölkəni yalnız iqtisadi baxımdan deyil, eyni zamanda hərbi-siyasi baxımdan da beynəlxalq maraq dairəsinə çevirir. Bu günkü qarışıq dünya düzəni dövründə, qlobal və regional güclər arasında rəqabətin artması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması və yeni nəqliyyat marşrutlarının formalaşması Azərbaycanın əhəmiyyətini daha da artırır. Son illərdə dünyada və regionda baş verən silahlı münaqişə və digər regional toqquşmalar göstərir ki, təhlükəsizlik mühiti getdikcə daha mürəkkəb və qeyri-sabit xarakter alır. Bu cür proseslər təkcə münaqişə zonalarında deyil, onlara yaxın yerləşən ölkələrdə də siyasi, iqtisadi və hərbi sahələrə birbaşa və dolayısı ilə təsir göstərir. Belə şəraitdə Azərbaycan kimi strateji mövqeyə malik dövlətlər üçün milli təhlükəsizliyin təmin olunması, müdafiə qabiliyyətinin gücləndirilməsi və mümkün risklərə qarşı hazırlığın artırılması xüsusi əhəmiyyət kəsb edir. Məhz bu reallıqlar fonunda, dünyanın bir çox dövlətlərində sınaqdan çıxmış Ərazi Müdafiə Qüvvələrinin (və yaxud Milli Qvardiyalar) yaradılması, formalaşdırılması və inkişaf etdirilməsi müasir təhlükəsizlik siyasətinin vacib istiqamətlərindən birinə çevrilə bilər. ƏMQ yalnız hərbi baxımdan deyil, həm də cəmiyyətin səfərbərlik ruhunun gücləndirilməsi, gənc nəslin təlim-tərbiyəsi və yetişdirilməsi, bütün ölkəboyu strateji obyektlərin qorunması, yarana biləcək fövqəladə vəziyyət və hallara operativ reaksiya verilməsi baxımından da mühüm rol oynayır. Buna görə də, Azərbaycanın coğrafi mövqeyinin, hərbi-siyasi və iqtisadi əhəmiyyətinin təhlili, eləcə də müasir münaqişələrin təsiri kontekstində Ərazi Müdafiə Qüvvələrinin mahiyyəti xüsusi aktuallıq kəsb edir.
Mövcud hərb nəzəriyyəsinə nəzər saldıqda – ƏMQ (ingilis dilində adətən Territorial Defense Forces, rus dilində - Силы Территориальной Обороны) - nizami ordunun çevikliyini artırmaq və ölkənin hər bir nöqtəsində müqaviməti təmin etmək üçün yaradılan hərbi-inzibati sistemdir. ƏMQ — əsasən ehtiyatda olan hərbi vəzifəlilərdən və ya könüllülərdən təşkil edilən, sülh dövründə hazırlıq keçən, müharibə və ya böhran zamanı isə yaşadıqları ərazilərin müdafiəsi, strateji obyektlərin qorunması və asayişin təmini üçün aktivləşdirilən hərbi strukturlardır. Dünya təcrübəsinə əsasən (məsələn, Polşa, Baltikyanı ölkələr, Finlandiya, İsrail və İsveç modellərində), ƏMQ yaradılmasındakı əsas məqsəd aşağıda sadalanan strateji hədəflərə xidmət edə bilər:
a) Nizami Ordunun əsas döyüş bölmələrini arxa cəbhədəki mühafizə və asayiş işlərindən azad edərək, onları birbaşa cəbhə xəttində (müdafiə və ya əks-hücum əməliyyatlarında) cəmləmək.
b) "Hər yer müdafiədir" prinsipi əsasında ölkənin hər bir rayonunda yerli coğrafiyaya bələd olan bölmələrin mövcudluğu sayəsində işğalçı qüvvələr üçün "rahat zona"lar saxlamamaq.
c) Nizami ordu və səfərbərlik əsasında komplektləşdirilmiş hissə və birləşmələr öz təyinatlı rayonlarında mövqelənənə qədər yerli bölmələrin dərhal müqavimətə başlaması.
d) Hibrid təhdidlərin qarşısının alınması (düşmənin ölkə ərazisinə sızdırdığı "yaşıl adamcıqlar", kəşfiyyat-diversiya qrupları və daxili təxribatlara qarşı adekvat, sürətli və yerindəcə cavab vermək və s.).
e) Səfərbərlik əsasında yeni ehtiyat hissə, birlik və birləşmələrin komplektləşdirilməsi və formalaşdırılması
ƏMQ-in əsas vəzifələri
ƏMQ qarşısında qoyula biləcək əsas vəifələr adətən üç əsas kateqoriyaya bölünə bilər:
I. Hərbi vəzifələr (Döyüş tapşırıqları)
-işğalçı qüvvələrin təchizat xətlərini sıradan çıxarmaq və onların hərəkətinin ahəngini pozmaq, ləngitmək.
-düşmənin tərkibi, hərəkəti və fəaliyyəti barədə operativ və dəqiq məlumatların mərkəzi komandanlığa ötürülməsi.
-strateji əhəmiyyət kəsb edən obyekt və qurğuların (məs. körpülərin, tunellərin, su anbarlarının, neft və qaz kəmərlərinin, neftayırma zavodlarının, enerji və rabitə qovşaqlarının) düşməndən qorunması.
-səfərbərlik dövründə formalaşdıqdan sonra (hissə və birləşmələr) nizami ordu sıralarında fəaliyyət göstərmək
II. İnzibati və hüquq-hühafizə vəzifələri
-Hərbi vəziyyət zamanı qadağan olunmuş zonalara giriş-çıxışa nəzarət və komendant saatının tətbiqi
-Arxa cəbhədə düşmənin fəaliyyət göstərə biləcək taktiki desant, casus, təxribat və kəşfiyyat-diversiya qruplarının zərərsizləşdirilməsi.
-Mülki əhalinin döyüş bölgələrindən təxliyyə olunmasında iştirak
-Filtrasiya məntəqələri, patrul və komendant xidmətinin yaradılması
III. Təbii fəlakət və fövqəladə vəziyyətlər dövrü üçün vəzifələr
-Təbii fəlakətlər (zəlzələ, sel, yanğınlar və s.) zamanı xilasetmə işlərinə cəlb olunma
-Zərər çəkmiş yerli əhaliyə ərzaq təminatı, tibbi və humanitar yardımın göstərilməsində iştirak.
-Düşmən bombardmanlarının (aviasiya, raket zərbələri) yaratdığı fəsadların, vurduğu zərərlərin neytrallaşdırılmasında iştirak
Dünya praktikasına əsasən, ƏMQ-in yaradılmasına və onlardan istifadəyə görə 2 əsas model formalaşmışdır:
1.Könüllülük modeli (Məsələn, ABŞ, RF Milli Qvardiyası və ya Böyük Britaniya Ordu Ehtiyatı). Şəxslər könüllü olaraq müqavilə bağlayır, həftə sonları təlim keçir və bunun qarşılığında ödəniş/imtiyaz alırlar.
2.Məcburi/total müdafiə modeli (məsələn - İsrail, İsveçrə və ya İsveç): Hər bir vətəndaş müəyyən yaşa qədər ərazi müdafiə qüvvələrinin potensial üzvü hesab olunur.
Fikrimcə, burada isbat eləməyə dəyməz ki, Azərbaycan reallıqları əsasında bizlərə uyğun ola biləcək ən işlək model – Məcburi/total müdafiə modeli ola bilər. Biz bu modeli, dövlət tərəfindən dəstəklənən, maliyyələşdirilən, Bakıdan əlavə bütün rayon və bölgələrdə də öz ofis və nümayəndəliyi olan - Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mövcud bazası üzərində də yaradıb formalaşdıra bilərik. Adı olub özü olmayan bu qurumun bu günki fəaliyyət tərzi demək olar ki, tam mənasızdır, dövlət bundan heç bir xeyir görmür, yararlana bilmir və davamı da məncə tam məntiqsizdir. Sayı 200.000 nəfərə yaxın olan "veteran ordusuna” dövlət qayğısının göstərilməsi məsələləri isə aidiyyatı üzrə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, yerli icra orqanlarına və onların tərkibindəki müvafiq cavabdeh struktur bölmələrinə həvalə etmək daha düzgün ola bilər. Yeni yaranacaq təşkilat (ƏMQ Komandanlığı) isə yerli icra, hüquq-mühafizə orqanları ilə sıx əlaqədə olaraq Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərməli, planlaşdırılma və idarəetmə SQ BQ-dan qaynaqlanmalı, təşkilatın ştat strukturu və komplektləşdirilməsi (ehtiyatda olan yerli kadrlarla) məsələləri isə Ali Rəhbərlik tərəfindən təyin ediləcək vəzifələr əsasında həyata keçirilməlidir. Bu metodla biz, mərkəzdən idarə olunan, desentralizasiya şəklində strukturlaşdırılmış, az bir zaman ərzində formalaşa biləcək güc mənbəyinə malik ola bilərik.
Azərbaycan reallıqları əsasında ƏMQ qarşısında qoyula biləcək əsas vəzifə və tapşırıqlar aşağıdakılardan ibarət ola bilərlər:
1. Ərazi müdafiəsinin təşkili və aparılması
a) ölkə ərazisinin, o cümlədən sərhədyanı və strateji əhəmiyyətli bölgələrin müdafiəsinin təmin edilməsi
b) mümkün silahlı təhdidlər zamanı lokal müdafiə əməliyyatlarında iştirak
c) nizami ordu sıralarında döyüş fəaliyyətlərində iştirak və dəstəyin verilməsi
2. Arxa cəbhə təhlükəsizliyinin təmin edilməsi
a) hərbi əməliyyatlar zamanı operativ və strateji dərinliklərdə sabitliyin qorunması
b) ictimai asayişin saxlanılmasına hüquq-mühafizə orqanları ilə birgə dəstək
c) panika və xaos hallarının qarşısının alınması
3. Kritik infrastrukturların mühafizəsi
a) enerji obyektlərinin (neft-qaz infrastrukturu, elektrik stansiyaları) qorunması
b) nəqliyyat-kommunikasiya xətlərinin təhlükəsizliyinin təmin edilməsi
c) strateji əhəmiyyətli dövlət və xüsusi obyektlərin mühafizəsi
4. Diversiya, təxribat və sabotaj fəaliyyətlərinə qarşı mübarizə
a) düşmənin kəşfiyyat-diversiya qruplarının aşkar edilməsi və zərərsizləşdirilməsi
b) arxa cəbhədə qeyri-qanuni silahlı fəaliyyətlərin qarşısının alınması
c) mühüm obyektlərə qarşı yönəlmiş təxribatların, sabotajların neytrallaşdırılması
5. Səfərbərlik və ehtiyatların idarə olunması
a) səfərbərlik dövründə yaradılan ehtiyat hissə və birləşmələrinin komplektləşdirilməsi, formalaşdırılmasında iştirak
b) canlı qüvvə, texniki və material resurslarının qəbulu, uçotu və yönləndirilməsi
c) ərazilərin, obyekt və komlekslərin operativ cəhətcə möhkəmləndirilməsi, qurğulandırılması
6. Fövqəladə vəziyyətlərə reaksiya və mülki müdafiə
a) təbii və texnogen fəlakətlər zamanı əhaliyə yardımın göstərilməsi
b) təxliyyə və xilasetmə tədbirlərində iştirak
c) humanitar dəstək və ilkin tibbi yardımın təşkili
7. İnformasiya və kiber təhlükəsizliyin təmin edilməsi
a) informasiya müharibəsinə qarşı əks tədbirlərin həyata keçirilməsində iştirak
b) dezinformasiyanın qarşısının alınmasında iştirak
c) yerli səviyyədə məlumatlandırma və kommunikasiya sistemlərinin qorunması
d) filtrasiya məntəqələrinin yaradılmasında və fəaliyyətində iştirak
8. Yerli idarəetmə və koordinasiya
a) yerli icra strukturları ilə qarşılıqlı fəaliyyətin təşkili
b) böhran vəziyyətlərində operativ qərarların icrası
c) əhali ilə əlaqə və maarifləndirmə işlərinin aparılması
9. Hərbi hazırlıq və təlim fəaliyyəti
a) bütün tədris ocaqları, dövlət qurumları və əmək müəssələrində, seçilmiş nümayəndələr tərəfindən hərbi hazırlıq və səfərbərlik üzrə planlı işlərin təşkili
b) döyüş qabiliyyətinin artırılması məqsədi ilə təlimlərin keçirilməsi
c) ehtiyat qüvvələrin peşəkar səviyyəsinin yüksəldilməsi
10. Coğrafi istiqamətlər üzrə xüsusi şəraitlərdə fəaliyyət
a) dağlıq ərazilərdə xüsusi müdafiə tədbirləri
b) Xəzər dənizi istiqamətində sahil və obyekt təhlükəsizliyinə dəstək
c) Yaşayış məntəqələrində müdafiə və təhlükəsizlik əməliyyatları
11. Tərbiyəvi, ideoloji və mənəvi-psixoloji işin təşkili
a) veteranlar və şəhid ailələri ilə sistemli işin təşkili, onların sosial nüfuzunun artırılması və milli-mənəvi dəyərlərin daşıyıcıları kimi cəmiyyətə inteqrasiyasının təmin edilməsi
b) tədris müəssisələrində hərbi-vətənpərvərlik tərbiyəsinin, milli təhlükəsizlik şüurunun və vətəndaş məsuliyyətinin formalaşdırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi
c) əmək kollektivlərində və ictimayət arasında maarifləndirici tədbirlərin təşkili və keçirilməsi
d) cəmiyyətin psixoloji dayanıqlığının artırılması, böhran və münaqişə şəraitində davranış mədəniyyətinin formalaşdırılması tədbirləri
e) informasiya təhlükəsizliyi və dezinformasiyaya qarşı müqavimət qabiliyyətinin gücləndirilməsi məqsədilə maarifləndirmə fəaliyyətinin aparılması
f) milli həmrəyliyin, dövlətçilik ənənələrinin və səfərbərlik hazırlığının ictimai şüurda möhkəmləndirilməsi və s.
Təklif olunan variantda, Ərazi Müdafiə Qüvvələri təkcə hərbi deyil, həm də çoxfunksiyalı təhlükəsizlik sistemi qismində fəaliyyət göstərə bilər. Bu yanaşma Azərbaycan Respublikasının milli müdafiə sisteminin dayanıqlığını artırmağa və potensial təhdidlərə qarşı çevik cavab verməyə imkan yarada bilər. Veteranlar təşkilatının bazası üzərində Ərazi Müdafiə Qüvvələri Komandanlığının yaradılması, həm də "veteran ordusunun” ƏMQ sisteminə inteqrasiyasına, onların cəmiyyət daxilində sosial aktivliyinin artmasına, təcrübə, bilik və liderlik potensialının gənc nəsillərə ötürülməsinə şərait yaradır. Bu proses eyni zamanda cəmiyyətin hərbi-vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə, milli həmrəyliyin və dövlətçilik dəyərlərinin gücləndirilməsinə də xidmət etmiş olur. ƏMQ-nin tərkibində həyata keçiriləcək tərbiyəvi, mənəvi-ideoloji və informasiya yönümlü fəaliyyətlər vasitəsi ilə cəmiyyətin psixoloji dayanıqlığı və informasiya təhlükəsizliyi səviyyəsi artır, dezinformasiya və hibrid təhdidlərə qarşı müqavimət qabiliyyəti formalaşır. Bu isə müasir müharibə və böhran şəraitində dövlətin ümumi dayanıqlıq potensialını əhəmiyyətli dərəcədə yüksəldə bilər.
Əldə oluna biləcək üstünlüklər:
Təklif olunan model əsasında formalaşdırılacaq Ərazi Müdafiə Qüvvələri sistemi yalnız hərbi-strateji vəzifələrin icrası ilə məhdudlaşmır, daha geniş spektrdə milli təhlükəsizlik və ictimai dayanıqlıq funksiyalarını yerinə yetirmək potensialına malik olur. Bu baxımdan, ƏMQ-nin fəaliyyəti dövlətin kompleks təhlükəsizlik arxitekturasının ayrılmaz tərkib hissəsinə çevrilir. Belə bir sistemin tətbiqi nəticəsində aşağıdakı üstünlüklər əldə oluna bilər:
- Səfərbərlik sisteminin institusional güclənməsi – bütün ölkə üzrə koordinasiyalı və çevik reaksiya mexanizminin formalaşdırılması
- Vahid kadr və ehtiyat bazasının yaradılması – veteranlar, ehtiyatda olan hərbçilər və digər potensial resursların sistemli şəkildə inteqrasiyası
- Dövlət və cəmiyyət arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi – təhlükəsizlik məsələlərində ictimai iştirakçılığın artırılması
- Psixoloji və informasiya dayanıqlığının yüksəldilməsi – cəmiyyətin hibrid təhdidlərə qarşı müqavimət qabiliyyətinin artırılması
- Gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinin sistemləşdirilməsi – təhsil müəssisələri ilə koordinasiyalı fəaliyyət
- Fövqəladə vəziyyətlərə qarşı hazırlıq səviyyəsinin artırılması – mülki müdafiə və böhran vəziyyətlərdə idarəetmə qabiliyyətinin gücləndirilməsi
- Regional və lokal idarəetmədə çevikliyin təmin olunması – ərazi əsaslı operativ qərarvermə mexanizmlərinin inkişafı.
Bununla yanaşı, sistemin effektivliyinin artırılması məqsədi ilə şəbəkə əsaslı təşkilatlanma modeli tətbiq olunmalıdır. Bu modelə əsasən - dövlət qurumlarında, yerli icra strukturlarında və bələdiyyələrdə; təhsil müəssisələrində (ibtidai hərbi hazırlıq fənnini tədris edən müəllimlər daxil); biznes strukturları və sənaye müəssisələrində; kənd təsərrüfatı və digər əmək fəaliyyəti sahələrində ƏMQ ilə əlaqələndirilmiş, xüsusi hazırlıq keçmiş səlahiyyətli nümayəndələr (koordinatorlar) fəaliyyət göstərməlidir. Bu nümayəndələr:
- yerli səviyyədə ilkin koordinasiya və məlumat mübadiləsini təmin edir
- səfərbərlik və fövqəladə hallara hazırlıq prosesində iştirak edir
- maarifləndirmə və təlim fəaliyyətlərinin təşkilinə dəstək verir
- dövlət strukturları ilə ƏMQ arasında institusional əlaqəni təmin edir.
Bu model çərçivəsində, Ərazi Müdafiə Qüvvələri dövlətin və cəmiyyətin bütün səviyyələrini əhatə edən, şəbəkə əsaslı, çoxfunksiyalı milli dayanıqlıq sistemi kimi formalaşa bilər. Nəticə etibarı ilə, veteranlar təşkilatı bazasında, uyğun şəkildə formalaşdırılacaq Ərazi Müdafiə Qüvvələri Komandanlığı modeli yalnız ərazi müdafiəsi baxımından hərbi təhlükəsizliyi deyil, daha üstün olaraq həm də sosial sabitliyi, ictimai həmrəyliyi və milli təhlükəsizlik sisteminin kompleks dayanıqlığını təmin edə biləcək mühüm institusional həll kimi çıxış etməyə qadir ola bilər. Dövlətin yürütdüyi/yürüdəcəyi xarici və daxili siyasətdən qaynaqlana biləcək tələbat əsasında daha 2 fərqli variantları da nəzərdən keçirmək olar. Onlara qısa şəkildə nəzər salaq:
1. Mövcud Milli Qvardiyanın imkanlarının genişləndirilərək AzQvardiyaya çevrilməsi və formalaşdırılması.
Milli Qvardiyanın bu günki imkanları və fəaliyyəti demək olar ki, simvolik bir xarakter (imkanları məhduddur) daşıyır. Əgər Respublika Veteranlar Təşkilatı və Milli Qvardiyanın mövcud bazalarından istifadə və təşkilatlanma üzərində seçim etmiş olarıqsa, o zaman məncə (tələbat və veriləcək qərarlardan aslı olaraq) fərqli bir struktur yaratmış olarıq və belə olacaq təqdirdə ƏMQ-nin adını elə Milli Qvardiya olaraq saxlamaq daha düzgün və məntiqli ola bilər. Çünki belə olan təqdirdə ƏMQ AzQvardiyanın tərkib strukturlarından birinə çevrilmiş olacaqdır.
2. Daha geniş bir variant isə, aşağıda sadalayacağım strukturların vahid bir rəhbərlik altında (AzQvardiya) birləşdirilərək fəaliyyət göstərmələri bu gün üçün həm məqsədəuyğun, həm qənaətcil və həm də Azərbaycan reallıqlarının tələbatlarına cavab verə biləcək daha dolğun seçim ola bilər:
a) Milli Qvardiya
b) Daxili Qoşunlar
c) Strateji Obyektlərin Mühavizəsi Dövlət Agentliyi
d) Fövqəladə Hallar Nazirliyi
e) Respublika Veteranlar Təşkilatı
Bu ilk 3 struktur, demək olar ki, faktiki bir birilərini təkrarlayır və eyni funksiyaları icra edirlər, sadəcə olaraq adları fərqlidirlər. Onların ayrı ayrılıqda (tabeçilik, koordinasiya, qarşılıqlı əlaqə, uzlaşma olmadan) fəaliyyət göstərmələri sülh dövründə bəlkə də fəsadsız ötüşə bilər. Amma müharibə dövründə isə bu tip fəaliyyət - ən azından idarəetmə böhranı yaşadacaqdır və bu qaçılmazdır. Çünki onları idarə edəcək (hər biri üçün funksional tapşırıqları təyin edən, planlaşdıran, icraya nəzarət və icra hesabatlarını tələb edən, strukturlar arasında koordinasiya və qarşılıqlı əlaqə yaradan, müştərək fəaliyyətləri və uzlaşmanı təşkil edən) vahid mərkəz/qurum/qərargah yoxdur. Mən burada çox açıqlamalar vermək istəmirəm, amma əgər bizlər də düşmən qüvvələri tərəfindən Ukrayna və yaxud İran əraziləri kimi uzun müddətlərdə bütün ölkəboyu aviasiya və raket zərbələrinə məruz qalmış olarıqsa, o zaman çox böyük sıxıntılar yaşaya biləcəyik. Aparılan müharibələrlə bağlı hər gün televizor ekranlarında izlədiyimiz bir mənzərə vardır – düşmənin raket, dron və aviasiya zərbələrindən sonra (istər Ukraynada, istərsə də İran və Yaxın Şərq ölkələrində) yanğınsöndürənlər, xilasedici qüvvələr (mülki müdafiə bölmələri) və təcili tibbi yardım ekipajları necə operativ şəkildə insanları dağıntı və uçqunlar altından çıxararaq onlara yardım göstərməklə məşğuldurlar. Şəxsən mənim fikrimcə, bu gün vaxt itirmədən 3-cü variantı seçim edib onun üzərində yeni MİLLİ QVARDİYA (AzQVARDİYA) formalaşdırmaq müdafiə potensialımızın yüksəldilməsində özünəməxsus mühüm rol oynaya bilər.
AzQvardiyanın yeni formatında, ƏMQ-i, artıq onun tərkib strukturlarından birinə çevrilmiş olacaq.
Qeyd: Yeni yaradıla biləcək AzQvardiyanın strukturlaşdırılması, formalaşdırılması və operativ şəkildə idarə oluna bilməsi üçün - AzQvardiya Komandanlığı və ona bağlı olacaq 5 Bölgə Komandanlığının (Mərkəz, Şimal, Cənub, Şərq, Qərb) yaradılması məqsədəuyğun ola bilər.
Şərhlər