Xəbər lenti

Azərbaycan - Rusiya münasibətlərində yeni mərhələ başlayır? (ŞƏRH)
Siyasət 13:45 02.03.2024

Azərbaycan - Rusiya münasibətlərində yeni mərhələ başlayır? (ŞƏRH)

"Fransaya qarşı adekvat ölçü götürülməsi günün tələbidir". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan və Rusiya XİN rəhbərləri arasında keçirilən görüşü şərh edərkən deyib.

"Regionda baş verən son hadisələr fonunda Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən görüş, düşünürəm ki, təəccüblə qarşılanmamalıdır. Məlum olduğu kimi, uzun müddət idi iki ölkənin xarici işlər nazirlikləri və dövlət rəhbərləri səviyyəsində görüşlər keçirilmirdi", deyə politoloq qeyd edib.
 


Həmsöhbətimiz qeyd edib ki, Sergey Lavrov-Ceyhun Bayramov görüşü regional və beynəlxalq hadisələrin müzakirəsi və dəyərləndirilməsinə ehtiyac duyulduğunu göstərir:

"Düşünürəm ki, Bayramov-Lavrov görüşü də bu ehtiyacdan doğub. Xüsusilə Azərbaycanda növbədənkənar Prezident seçkilsindən sonra Azərbaycan - Rusiya münasibətlərinin yol xəritəsinin çəkilməsinə ehtiyac var. İkitərəfli məsləhətləşmələri zəruri edən digər vacib məsələ isə Ermənistanın həm Rusiya, həm də Azərbaycana qarşı, ümumi götürdükdə isə regiona qarşı oynadığı destruktiv roldur. Ermənistanın xarici himayədarları, xüsusilə Fransanın regiona gəlməsinə şərait yaratmaqla ciddi geostrateji yanlışlıqlar edir. Bu yanlışlıqlardan Cənubi Qafqaz ölkələri və region dövlətləri uzun müddət əziyyət çəkəcək. Bütün bu məsələlərin müzakirəsi və Fransaya qarşı adekvat ölçü götürülməsi hər iki ölkəni ciddi narahat edir. Fikrimcə, xarici işlər nazirlərinin ikitərəfli görüşü rəsmi müzakirə edilən mövzularla yanaşı, qeyd etdiyim məsələləri də əhatə edib".
 
Qeyd edək ki, Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə cari regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->