Beynəlxalq Olimpiya Komitəsi (BOK) Paris Olimpiadasının mümkün ləğvi ilə bağlı məlumatla əlaqədar bəyanat yayıb.
Məlumata görə, Fransada parlament seçkisinin birinci turundan sonra kütləvi etiraz aksiyaları fonunda Paris Olimpiyadasının təxirə salınması ilə bağlı yayılan xəbərlərin dezinformasiya olduğu açıqlanıb.
Bəs kütləvi etirazlar davam edəcəyi təqdirdə təhlükəsizlik baxımından Azərbaycan idmançıları Paris-2024-də iştirak edəcəklər?
Məsələ ilə bağlı Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev Oxu.Az-a açıqlama verib.
O bildirib ki, təhlükəsizlik məsələlərinin təmin olunacağı təqdirdə idmançılarımız Olimpiya oyunlarında çıxış edəcəklər:
"Beynəlxalq Olimpiya Komitəsi yarışların keçirilməsi zamanı bütün təhlükəsizlik məsələlərinə çox diqqətlə yanaşır. Bundan əlavə olaraq isə Fransada baş verən hadisələrdən cavabdeh şəxs həmin ölkənin rəsmiləridir. Bizim təhlükəsizliyimizin təmin olunacağına zəmanət veriləcəyi təqdirdə, əlbəttə ki, Paris Olimpiya oyunlarında çıxış edəcəyik".
Qeyd edək ki, Parisdə keçiriləcək Olimpiya Oyunlarının iyulun 26-da başlaması və avqustun 11-dək davam etməsi planlaşdırılır.
Şərhlər