"Belə görüşlərdən ciddi nəticə gözləmək mümkün deyil. Bu kimi görüşlər, proseslər bəlkə də illərlə davam edəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan-Ermənistan delimitasiya komissiyasının sərhəddə baş tutan altıncı iclasının nəticələrini şərh edərkən deyib.
Tofiq Zülfüqatov bildirib ki, delimitasiya və demarkasiya prosesindən başqa həmçinin əsas xəttin müəyyən olunması da müzakirə predmetidir:
"Yəni tərəflər arasında qəbul olunan hansısa bir yanaşma olmalıdır. Prosesin başlanması yaxşı haldır. Lakin nəticə gözləmək hələ tezdir. Kommisiyanın iclasında müzakirə olunan məsələlər qarşılıqlı etimadın daha da gücləndirilməsi istiqamətində baş verən məsələlərdir. Mina xəritələrinin verilməsi məsələsi çoxdan öz həllini tapmalı idi. Amma təəssüf ki, Ermənistan sülhə aparan yolu uzadır və onu alver mövzusuna çevirməyə çalışır. Bu da onu göstərir ki, artıq birbaşa format mövcuddur və vasitəçilərə ehtiyac yoxdur. Bu da müsbət haldır. Birbaşa təmasdan daha böyük nəticələr əldə etmək mümkündür. Çünki istənilən vasitəçi ilk növbədə öz marağını güdür. Sülh sazişində ərazi bütövlüyünün danışıqlar vasitəsilə müəyyən olunacağı və tərəflərin bunu qarşılıqlı şəkildə tanıyaraq hörmət edəcəkləri fikri əks olunmalıdır".
Qeyd edək ki, yanvarın 31-də Qazax sərhədində Azərbaycan-Ermənistan delimitasiya komissiyasının altıncı iclası keçirilib. Görüşdən öncə mətbuatın yazdığı məlumatlarda iclasda işğaldan azad olunan 3 rayonun minalı ərazilərinin xəritələrinin Azərbaycana təhvil verilməsi və sülh sazişi istiqamətində işlərin sürətləndirilməsi məsələsinin müzakirəsinin gözlənildiyi bildirilirdi.
Rüfət Sultan
Şərhlər