Alimlərin fikrincə, ömür uzunluğuna təsir edən əsas amillərdən biri emosional rifahdır. Xüsusilə optimizm və qəzəbi idarə edə bilmək uzunömürlülüklə birbaşa əlaqələndirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Indian Defence Review” yazır.
Məqalədə nümunə kimi 100 yaşını qeyd edən amerikalı aktyor Dik Van Dayk göstərilir. O, uzunömürlülüyünü pozitiv düşüncə tərzi və qəzəbdən uzaq durmaq vərdişi ilə izah edir. Aktyor həmçinin fiziki aktivliyini qoruyur və həftədə ən az üç dəfə məşq edir.
Emosional vəziyyətlə fiziki sağlamlıq arasındakı əlaqə uzun illərdir araşdırılır və yeni tədqiqatlar bu əlaqəni daha da gücləndirir. Müxtəlif illərdə və müxtəlif qruplar üzərində aparılan araşdırmalar göstərir ki, pozitiv düşüncə insanın yaşlanma prosesinə ciddi təsir edə bilər.
Ən məşhur araşdırmalardan biri 1930-cu illərə aiddir. Alimlər 678 rahibədən öz həyat hekayələrini yazmağı xahiş etmişdilər. 60 il sonra bu yazılar onların həyat müddəti ilə müqayisə edilib. Nəticələr göstərib ki, gəncliyində daha çox pozitiv emosiyalar ifadə edən rahibələr orta hesabla 10 il daha uzun yaşayıblar.
2019-cu ildə britaniyalı alimlərin araşdırması isə optimist insanların pessimistlərdən 11–15% daha uzun yaşadığını ortaya qoyub. 2022-ci ildə isə təxminən 160 min qadının iştirakı ilə aparılan başqa bir tədqiqat optimistlərin 90 yaşa qədər yaşamaq ehtimalının daha yüksək olduğunu təsdiqləyib.
Qəzəbin orqanizmə təsiri
Mütəxəssislərə görə, qəzəb və xroniki stress bədəndə adrenalin və kortizol kimi stress hormonlarının ifrazını artırır. Bu isə xüsusilə ürək-damar sisteminə mənfi təsir göstərir.
Hətta qısa qəzəb epizodları belə ürək sağlamlığını zəiflədə bilər. Uzunmüddətli stress isə infarkt, insult və 2-ci tip diabet riskini artırır. Bu üç xəstəlik birlikdə vaxtından əvvəl ölümlərin təxminən 75%-nə səbəb olur.
Optimist insanlar isə adətən qəzəbi daha yaxşı idarə edir və sağlam həyat vərdişlərinə daha çox əməl edirlər: fiziki aktivlik, balanslı qidalanma və stressin azaldılması kimi.
Hüceyrə səviyyəsində "yaşlanma saatı”
Alimlər bu prosesi telomerlərlə izah edirlər. Telomerlər xromosomların uclarında yerləşən qoruyucu "qapaqlardır”. Gənc hüceyrələrdə onlar uzun olur, yaşlandıqca isə qısalır. Telomerlər çox qısaldıqda hüceyrələr normal bölünmə qabiliyyətini itirir və bu da yaşlanmanı sürətləndirir.
Stress telomerlərin daha tez qısalmasına səbəb olur. Bu isə hüceyrə bərpasını zəiflədir və yaşlanma prosesini sürətləndirir. Digər tərəfdən, meditasiya kimi stressi azaldan praktikaların telomer uzunluğu ilə müsbət əlaqəsi olduğu müəyyən edilib.
Mütəxəssislər qeyd edirlər ki, "qəzəbi boşaltmaq” kimi qəbul edilən davranışlar (qışqırmaq, nəyisə vurmaq və s.) əks effekt verə bilər və stressi azaltmaq əvəzinə onu davam etdirir. Daha effektiv üsullar isə nəfəsin tənzimlənməsi, sakitləşmə texnikaları və yoqa kimi praktikalar hesab olunur.
Bundan əlavə, gündəlik həyatda daha şüurlu olmaq, zövq verən fəaliyyətlərə vaxt ayırmaq və emosional balansı qorumaq tövsiyə edilir.
Aydın
Şərhlər