Xəbər lenti

Alveşin təcavüz etdiyi qadın danışdı - Tualetə girəndən sonra...
İdman 14:01 24.01.2023

Alveşin təcavüz etdiyi qadın danışdı - Tualetə girəndən sonra...

Cinsi təcavüzə görə həbs edilən braziliyalı futbolçu Dani Alveşin vəziyyəti getdikcə çətinləşir.

Qaynarinfo-nun məlumatına görə, dindirilmə zamanı fərqli ifadələr verən Alveş vəkilini dəyişməyi düşünür. İspaniyanın Barselona şəhərində qadına qarşı cinsi təcavüz etdiyi iddiası ilə həbs olunan müdafiəçinin vəziyyəti gözlənildiyindən də ciddiləşib. Cümə günündən həbsdə olan futbolçunun hətta girov müqabilində də azadlığa buraxılma şansı azalıb. 

İttiham olunan 39 yaşlı futbolçunu 12 ilə qədər həbs gözləyir. Əvvəlcə vəziyyəti düzgün qiymətləndirməyən Alveşin məsələyə münasibəti istintaqı aparan müstəntiqləri narahat edib. Onu müdafiə edən tərəf futbolçunun ifadəsini dəyişərək yenidən dindirilməsini istəyib. Daninin qardaşı Ney Alveş televiziya proqramlarının birində hazırda futbolçuya vəkillik edən Mirayda Puento Uilsondan razı qalmadığını və vəkili dəyişmək istədiklərini açıqlayıb.

Braziliyalı futbolçu dekabrın 30-a keçən gecə "Satton” gecə klubunda baş verən hadisə ilə bağlı üç fərqli ifadə verib. O, ilk dəfə 23 yaşlı şikayətçi qadını tanımadığını bildirib. Daha sonra etiraf edib ki, həmin qadını tanıyır, lakin ona təcavüz etməyib. Növbəti dindirmədə isə futbolçu məhz qadının razılığı əsasında onunla cinsi əlaqədə olduğunu etiraf edib. Hazırda Alveş ifadəsini yenidən dəyişmək istəyir. 

Təcavüzə məruz qaldığını iddia edən qadının açıqlamasını isə Kataloniyada fəaliyyət göstərən siyasi qəzet "La Vanguardia” dərc edib. İddialara görə, şikayətçi qadını dostları ilə birlikdə öz masasına dəvət edən Alveş qızlardan üçü ilə əylənməyə çalışıb. Sonra onlarla yaxından rəqs etməyə və toxunmağa başlayıb. Alveşin qulağına portuqal dilində nəsə anlamadığı söz dediyini bildirən şikayətçi onun arxasınca tualetə getməsini istədiyini söyləyib. Tualetə girəndən sonra Alveşin onun üzərində zorla oturduğunu və özünü yerə atdığını deyən qadın futbolçunun onu oral seksə məcbur etdiyini bildirib: "Müqavimət göstərməyə çalışdım, amma o, güclü idi. Xahiş etdim ki, dayanıb məni buraxsın. İşi bitdikdən sonra tez gecə klubunu tərk etdi”.

Dani Alveşdən fərqli olaraq hücuma məruz qalan qadın ilk andan eyni ifadələri verib. İki dəfə hakim qarşısına çıxan və hadisələri eyni şəkildə təsvir edən zərərçəkənin sözləri ortaya çıxan video görüntülərlə üst-üstə düşür. 

"La Vanguardia”nın məlumatına görə, şikayətçi qadının müqavimət göstərmək cəhdlərinə baxmayaraq, Alveş onu tualetə apararaq təcavüz edib. Sonra ona orada qalmağı əmr edib və dəhşətə gələn qadın qorxudan bir neçə dəqiqə yerindən tərpənə bilməyib. Sonra göz yaşları içində çölə çıxaraq başına gələnləri dostlarına danışıb.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->