Xəbər lenti

Alimlər kərgədanları brakonyerlərdən radiasiya ilə qorumağın yolunu tapdı
Dünya 23:57 01.08.2025

Alimlər kərgədanları brakonyerlərdən radiasiya ilə qorumağın yolunu tapdı

Cənubi Afrikada alimlər brakonyerliklə mübarizə məqsədilə kərgədanların buynuzlarına radioaktiv izotoplar yeritməklə yeni müdafiə üsulunu sınaqdan keçirməyə başlayıblar. 

Qaynarinfo xəbər verir ki, bu üsul heyvanlara zərər vermədən, buynuzların hava limanlarında aşkar edilməsinə və qanunsuz ticarətin qarşısının alınmasına imkan verir.

"The Associated Press"in məlumatına görə, az miqdarda belə olsa, radioaktiv izotoplar hava limanlarında radiasiya detektorları vasitəsilə asanlıqla aşkarlanır. Beləliklə, buynuzları qaçaqmalçılıqla aparmaq istəyən şəxslər - brakonyerlər, alıcılar və daşıyıcılar - dərhal müəyyən edilə və saxlanıla bilərlər.

Hazırda bu prosedur cəmi 5 kərgədana tətbiq olunub, lakin gələcəkdə bu üsul geniş miqyasda istifadə ediləcək. İlk dəfə ötən il 20 heyvan üzərində sınaqdan keçirilən bu üsul "Vitvatersrand Universiteti”nin alimləri tərəfindən uzun müddət müşahidə edilib və izotopların heyvanlara zərər vermədiyi təsdiqlənib.

Dünyada kərgədanların ümumi sayı hazırda 27 minə düşüb. Çox sayda ölkədə bu heyvanlar tamamilə yox olub və əsasən zooparklar və qorunan təbii parklarda yaşayırlar. Təəssüf ki, bu şəraitdə belə, onlar çətinliklə çoxalırlar və hər yeni doğulan kərgədan böyük hadisə hesab olunur.

Məsələn, 2023-cü ildə Böyük Britaniyada "Zuri” adlı dişi kərgədan 15 aylıq hamiləlikdən sonra nadir Afrika növünə aid şərqi qara kərgədan balası dünyaya gətirib. Doğum gündüz baş verdiyindən prosesi videoya çəkmək mümkün olub.

Oxşar hadisə 2022-ci ildə Çexiyada da yaşanıb – rus işğalından bir həftə sonra doğulan kərgədan balasına "Kiyev" adı verilib.

Bəzi kərgədanlar isə yenidən təbiətə qaytarılır. Məsələn, Keniyada 21 qara kərgədan özəl "Loisaba” qoruğuna köçürülüb. Ölkədə bu heyvanlar brakonyerlər tərəfindən tamamilə məhv edilmişdi. Hazırda Kenya, Tanzaniya və Ruandada 600-dən az şərqi qara kərgədan yaşayır. Ruandada bu növü qorumaq üçün 2021-ci ildə Cənubi Afrikadan 30 heyvan köçürülüb və onların təhlükəsizliyi üçün buynuzları kəsilib.

Kərgədan buynuzları xüsusilə Çin və Hindistan bazarlarında yüksək tələbat görür. Ənənəvi Çin təbabətində afrodizyak sayılır və müxtəlif "möcüzəvi” xüsusiyyətlərə malik olduğu güman edilir.

Buna qarşı alimlər saxta buynuzlar istehsal edərək qara bazarı "aldatmaq” fikrini irəli sürüblər. Bu buynuzlar at tükündən hazırlanır və orijinallarına bənzər şəkildə istehsal olunur. Lakin bir çox heyvansevər bu ideyanın qeyri-qanuni ticarəti təşviq edə biləcəyini deyərək, bu üsula skeptik yanaşır.

Hindistanda da buynuzlar qara bazarda populyardır və hökumət mütəmadi reydlərlə buynuzların satışını dayandırmağa çalışır. Hətta cəmiyyətə buynuzların "dəyərsiz” olduğunu göstərmək üçün müsadirə edilmiş böyük partiyaların yandırılması aksiyası da keçirilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->